BolgeXeber.Com » Ölkə » Ağalar Vəliyev dövlətə 90 milyon manat "kələk" gəlib - İTTİHAM VAR

Ağalar Vəliyev dövlətə 90 milyon manat "kələk" gəlib - İTTİHAM VAR

18-10-2016, 09:54
Oxunub: 4 484 Ağalar Vəliyev dövlətə 90 milyon manat "kələk" gəlib - İTTİHAM VARAğalar Vəliyevin dövlət büdcəsinə 90 milyonluq zərbəsi «Azəraqrartikinti» ASC-nin həyata keçirdiyi layihələrin əksəriyyətində yeyinti halları mövcuddur

Deputatın oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis" MMC və qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital İnşaat" MMC hansı sifarişləri həyata keçirir?

Milli Məclisin deputatı, «Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin (SC) sədri Ağalar Vəliyevin biznes fəaliyyəti, habelə dövlət büdcəsinə vurduğu ziyanla bağlı yayılan məlumatlar səngimək bilmir. Son illər ərzində deputatla bağlı ayrı-ayrı media qurumlarında sərt tənqidi yazılar dərc olunub. Buna baxmayaraq, biznesmen deputat nə barəsində yazılanlara reaksiya verir, nə də fəaliyyətindəki əyrinti hallarını aradan qaldırır. Qeyd edək ki, Ağalar Vəliyev «Azəraqrartikinti» SC-nin vasitəsilə milyonlar əldə edib və biznes şəbəkəsini xeyli genişləndirib. Məlumat üçün bildirək ki, "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış "Başkolxozlararasıtikinti" İdarəsinin hüquqi varisidir. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, "Başkolxozsovxoztikinti" İdarəsi, "Azəraqrarsənayetikinti" Birliyi, "Azəraqrartikinti" İstehsalat Birliyi, "Azəraqrartikinti" Dövlət Şirkəti adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin "Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında" 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə "Azəraqrartikinti" Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə "hədiyyə" edilib. Araşdırmalara görə, «Azəraqrartikinti»nin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin alqı satqısı ilə bağlı). Son aylar isə müəssisənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün deyilənə görə işçilərə 300 manat pul verib alırlar.

Məlumata görə, "Azəraqrartikinti” ASC özəlləşərkən tabeliyində bir çox rayon filialı da olub. Bəziləri isə özəlləşmə həyata keçirildikdən sonra yaradılıb və anında tam gücüylə fəaliyyətə başlayıb. "Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanda daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis" MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital İnşaat" MMC. Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var. Belə ki, "Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də "Muğan LTD” MMC-nin təsisçisidir. "Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri İmanqulu Əliyev eyni zamanda "Bərpaçı Dizayner” MMC nin rəhbəridir. "Azəraqrartikinti”nin Bakı 3 sayı filalının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; "Qaragözova" MMC və "Tərəqqi-2008"MMC. "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materiallari istehsali filialinın rəhbəri Nəsib Növbərov həm də "Şəki şirkəti" adlı başqa bir müəssisənin də təsisçisidir.

Araşdırmalar nəticəsində məlum oldu ki, "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib: İtaliyanın "Eleca", "İmpronta", Fransanın OTV şirkəti, Türkiyənin "Metabronz", "Turan Xəzinədarlığı”, PİM PROJE, "ŞUKO”, "QRANİTAS” şirkətləri, Rusiyanın "Foton" firması ilə, Almaniyanın "Rayzinq", PERİ, "VİRTGEN” şirkətləri. Dövlət qurumlarının saytlarında tenderlərin hamsının məbləği göstərilməsə də, göstərilən rəqəmlər artıq milyonlardan xəbər verir. 1998-ci ildən bu günə kimi müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası ədliyyə, müdafiə, mədəniyyət və turizm, səhiyyə, təhsil nazirliklərinin, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Baş Prokurorluğun və digər sifarişçilərin xətti ilə xeyli sayda müqavilə icra olunaraq başa çatdırılıb, yaxud icra olunmaqdadır. Rəsmi mətbuatda tender elanı belə verilməyib. Layihələr isə 20-30 podratçıya yüklənib. Konkret, qəsəbələrdə "Azəraqrartikinti" SC-yə məxsus 4 müəssisə - "Füzuli" ATF, "Bərdə" ATF, "Ağcabədi" ATF, "Gəncə" Yol Tikinti Firması, "Azəri Servis" LTD, "Şəms-95", "Alıbəyli", "İnşaatçı", "MIH" LTD, "Imişli" Yol Tikinti, "Azərisutəchizattikinti" SC, "Şəki-62", "Bakıelektrikşəbəkətikinti" ASC, "Azərikəndtikinti" ASC, "Elnur-2" MMC, «Meliorator Tikinti və Quraşdırma» Məhdud Məsuliyyətli Cəmiyyəti, ARTIM Məhdud Məsuliyyətli Cəmiyyət, türk və azərbaycanlı iş adamlarının birgə müəssisəsi olan "IMAY" şirkətləri işləyib. Sənədlərə əsaslansaq, qəsəbələrin salınmasında ən çox iş "Azəraqrartikinti" SC-dədir - evlərin tikintisində 29%, sosial obyektlərdə isə 42% işi Səhmdar Cəmiyyətin nəzdində olan müəssisələr görüb. SC işləri həmin müəssisələrə məhz subpodratçı təşkilatlar kimi həvalə edib. Əslində müəssisələr birbaşa şirkətin özünə məxsusdursa, onlar işi subpodratçı kimi görməməlidilər. Qeyd edək ki, əldə edilən tender məlumatlarında göstərilən məbləğlər 90 milyon manatdan yuxarıdır. Bunlar da hələ deputatın fəaliyyətindəki qanun pozuntuları ilə bağlı faktların hamısı deyil. Növbəti yazımızda Ağalar Vəliyevin kimin himayəsinə bel bağlaması və xarici ölkələrdəki biznes əlaqələri haqda maraqlı faktları açıqlayacağıq. (conilict.az)

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.