BolgeXeber.Com » Ölkə » Biləsuvarda vətəndaşın haqqı tapdanır - ŞİKAYƏT

Biləsuvarda vətəndaşın haqqı tapdanır - ŞİKAYƏT

25-03-2017, 09:41
Oxunub: 3 876 Biləsuvarda vətəndaşın haqqı tapdanır - ŞİKAYƏTOnu müxtəlif bəhanələrlə neçə aylardır ki, get-gələ salrılar

Azərbaycanda analoqu olmayan, təəccüb doğuran hadisələr baş verir. Heç bir məntiqə sığmayan bu hadisələri izah etmək çox çətindir. Bəzən elə qanunsuz, ədalətsiz olaylar baş verir ki, deməyə söz tapmırsan. Bizim yerli məmurların əməlləri, yol verdikləri qanunsuzluqlar, haqsızlıqlar nə mənəviyyata, nə də qanunakitaba sığır. İndi barəsində söz açacağımız şikayət də bunu təsdiq edir. İllərlə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən, hərbçilərimizin sağlamlığının keşiyində duran, mayor rütbəsinə qədər yüksələn Abasov Əmir Sahib oğlu şəxsiyyət vəsiqəsi ala bilmir. Daha dəqiqi, vermirlər! Onu müxtəlif bəhanələrlə neçə aylardır ki, get-gələ salrılar. Sanki bu şəxs Azərbaycan vətəndaşı deyil, Azərbaycanda yaşamayıb və Azərbaycan ordusunda xidmət etməyib. Bu qədər də haqsızlıqmı olar? Bu məmurlar hara baxır? Bu necə ola bilər ki, 20 ildən artıq bir müddətdə Azərbaycan ordusunda hərbi xidmət keçən şəxsin vətəndaşlıq hüququ şübhə altına alına bilər. Axı qanunvericiliyə görə, hətta əcnəbi vətəndaşlar belə 5 il Azərbaycanda yaşayarlarsa, onların ölkəmizin vətəndaşlığına qəbul olunmaq haqqı vardır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul proseduru buna imkan tanıyır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna əsasən, Azərbaycan ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Qeyd edək ki, 5 il daimi yaşama müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır və o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Aşağıda göstərilən hallarda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Ancaq Azərbaycan odrusunda 20 ildən artıq xidmət edən, böyük bir hərbi birləşmənin tibb xidmətinin rəisi olan, mayor rütbəli şəxsə Azərbaycanda şəxsiyyət vəsiqəsi verilmir. İş o yerə çatıb ki, Biləsuvar rayonunda yaşayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti mayoru Abasov Əmir Sahib oğlu üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb. O, şikayət məktubunu həmçinin Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Dövlət Miqrasiya Xidmətinə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinə də ünvanlayıb. Şikayətin bir nüsxəsi də redaksiyamıza daxil olub. Şikayətçi Ali Baş Komandan İlham Əliyevə xitabən yazır: "Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox xidmət etmişəm, ömrüm boyu heç bir xarici dövlətdə olmamışam, yaşamamışam, xidmətimin böyük hissəsini düşmənlə təmas olan ərazilərdə keçirmişəm. 2016-cı ilin dekabr ayında yaş həddinə görə ehtiyata buraxılmışam. Bundan sonra Biləsuvar rayon Baş Pasport, Qeydiyyat şöbəsinin rəisi, polis kapitanı Əkrəm İbrahimova iki aydır ki, şəxsiyyət vəsiqəsi ilə təmin olunmağım barədə müraciət etmişəm. Lakin onlar məni bezdirərək, süründürürlər. Belə ki, əvvəl Bakı şəhərinə gedib Baş Pasport və Miqrasiya idarəsindən arayış almağı tələb etdilər, gedib alıb gətirdim, sonra Lənkəran şəhərinə gedib regional miqrasiya idarəsindən arayış almağı tələb etdilər. Ordan isə mənə bildirdilər ki, sənə sənəd versək, sən ümumiyyətlə şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilməyəcəksən. Mən başa düşə bilmirəm, bu, nə biabırçılıqdır? Azərbaycan zabitinə qarşı belə münasibətbəsləmək olarmı?"

Əmir Abasov yazır ki, 10.02.2016-cı ildə bu barədə bir çox orqanlara şikayət eydikdən sonra onu çağırıb, bir neçə sənəd siyahısı veriblər: "Mən isə bütün sənədləri toplayıb gətirib verdim, buna baxmayaraq, yenidən mənim sənədlərimi Azərbaycan Respublikası vətəndaşı olub- olmamağımı araşdırmaq üçün Dövlət Miqrasiya Xidmətinə araşdırmaq üçün göndərdilər. Qeyd etmək istəyirəm ki, mən ömür boyu heç bir xarici dövlətdə olmamışam, vətənim Azərbaycan Respublikasına tibb xidməti zabiti kimi xidmət etmişəm, mayor rütbəsi ilə hərbi briqadanın tibb xidməti rəisi vəzifəsində olmuşam, daim düşmənlə təmas olan ərazilərdə xidmət etmişəm, hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq idarə və təşkilatları mənim Azərbaycan Respublikası vətəndaşlığıma şübhə ilə yanaşırlar, əgər mən Azərbaycan Respublikası vətəndaşı deyiləmsə, necə ola bilər, daim mühüm əhəmiyyətli düşmənlə təmas xəttində olan hərbi hissələrdə xidmət etmişəm, bir çox məxfi və qeyri-məxfi sənədlərlə işləmişəm?".

Şikayətçi hesab edir ki, bütün bunlar Azərbaycan Respublikasının ehtiyatda olan bir zabitnə qarşı məmurların süründürməçiliyi, ədalətsizliyidir və buna son qoyulmalıdır: "Mən Azərbaycan Respublikasına xidmət eməyimə, azərbaycanlı olmağıma baxmayaraq, gedib başqa bir dövlətdən sığınacaq istəməliyəm?"

Daha sonra şikayətçi yazır: "Hörmətli Prezident, cənab Ali Baş Komandan!Sizdən xahiş edirəm ki, mənin tez bir zamanda Biləsuvar rayon Baş Pasport, Qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmağım barədə müvafiq göstəriş verəsiniz".
DİA.AZ