BolgeXeber.Com » Ölkə » Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq, əməkdaşlıq münasibətləri bütün sahələri əhatə edir

Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq, əməkdaşlıq münasibətləri bütün sahələri əhatə edir

31-05-2021, 14:19
Oxunub: 1 904 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki münasibətlər müzakirə edilib, təhsilin Türkiyə-Azərbaycan əməkdaşlığında önəmi vurğulanıb.
Prezident İlham Əliyev qəbul zamanı etdiyi çıxışında Türkiyə ilə Azərbaycan arasında əlaqələrin bir çox sahədə olduğu kimi təhsil sahəsində də sürətlə inkişaf etdiyinə diqqət çəkib. Prezident İlham Əliyev iki ölkə arasında güclü müttəfiqliyin yaradıldığını, gələcək nəsillərin bu qardaşlıq və müttəfiqliyə uyğun addımlar atmalı olduğunu vurğulayıb. Bu məqsədlə də birgə təhsil proqramlarının, gənclər forumlarının və digər tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın çox böyük əhəmiyyəti vardır. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır. Türkiyənin təhsil sahəsində təcrübəsinin ölkəmiz üçün vacibliyini bildirən Prezident İlham Əliyev təhsilin keyfiyyətinin qaldırılması və iki ölkə gənclərinin bir-biri ilə sıx bağlı olması ilə əlaqədar tədbirlərin görülməli olduğunu deyib. Görüş zamanı dövlət başçısı onu da qeyd edib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi məktəbin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev Azərbaycanın müasir tarixinin öyrənilməsi və təbliğ edilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, təhsil proqramlarında, ali və orta məktəblərin dərsliklərində İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalı və tariximizin bu şanlı səhifəsi dərindən öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər bununla bağlı yanlış, təhrif edilmiş məlumatlar dərc edilir. Biz tarixi həqiqətləri öz vətəndaşlarımıza, həm də bütün dünyaya çatdırmalıyıq.
Prezident İlham Əliyev çox vacib məqamlara toxunub və qeyd edib ki, gənclərə tarixi həqiqətlər olduğu kimi çatdırılmalıdır. "Tarixin təhrif edilərək təqdim edilməsinin təhlükəli nəticələri var. Azərbaycan xalqının qanını axıdan daşnak-
bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq".
Beləliklə, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin bütün sahələri əhatə etdiyinin bir daha şahidi oluruq. Dövlət başçısının görüş zamanı səsləndirdiyi fikirlərdən bir daha aydın görünür ki, Prezident İlham Əliyev gələciyimiz olan gənclərlə bağlı sahələrə xüsusi önəm verir. Təhsil sahəsi də bunlardan ən vacibidir.
Tamam Hüsüzadə - Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi