BolgeXeber.Com » Ölkə » Bərdə rayonunda şəhidin doğum günü qeyd olunmuşdu

Bərdə rayonunda şəhidin doğum günü qeyd olunmuşdu

22-09-2021, 18:00
Oxunub: 1 888 Şuşa fatehlərindən biri, Vətən müharibəsi şəhidi Rzayev Ceyhun İsmayıl oğlunun 27-ci yaş günü idi.
Bu münasibətlə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Bərdə rayon təşkilatının və şəhər 5 saylı tam orta məktəbin nümayəndələri ilə birlikdə şəhid çavuş Rzayev Ceyhun İsmayıl oğlunun məzarını və ailəsini ziyarət etmişlər.
Qeyd edək ki, çavuş Rzayev Ceyhun İsmayıl oğlu DİN-nin Daxili Qoşunlarının “Kobra” Xüsusi Təyinatlı Dəstəsində 8 il vətənə xidmət edib. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Hikmət Mirzəyevin rəhbərliyi altında (Yaşma) Cəbrayıl və Şuşanın azad edilməsində iştirak etmiş və 7 noyabrda Şuşada qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Rzayev Ceyhun İsmayıl oğlu ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmişdir.
Şəhid Ceyhun Rzayevin məzarı üstündə çıxış edən Fəqət Şadlinskaya bildirmişdir ki, Vətən müharibəsində qazanılan Qələbə onu ölkəmizin Zəfər tarixinə çevirdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz bu şanlı tarixi qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Görüş zamanı şəhidimizin atası İsmayıl Rzayev, anası Mehparə Rzayeva oğulları Ceyhunun şərəfli hərbi xidmətlərindən və ömür yolundan söz açmışlar.Həmçinin şəhid Ceyhun Rzayevin məzarı üstündə toplaşan rayonun digər şəhid anaları çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.