BolgeXeber.Com » Ölkə » Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin yaranmasının 60 illik yubileyi qeyd olunub

Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin yaranmasının 60 illik yubileyi qeyd olunub

18-12-2021, 10:31
Oxunub: 1 944 Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin yaranmasının 60 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə regional idarənin rəisi İlyas Hacıyev, aparat üzvləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova, şəhid ailələri, Bərdə, Tərtər rayon, Yevlax və Mingəçevir şəhərindən rəhbər işçilər, məktəbin yetirmələri və musiqisevərlər iştirak ediblər. Öncə iştirakçılar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş stendin və məktəbin məzunu olmuş şəhid Xudayar Yusifzadənin büstü önünə gül dəstələri düzüblər. Sonra rəssamlıq sinifinin şagirdlərinin çəkdikləri rəsm əsərlərinə baxış keçirilib.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarında keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxış edən regional idarənin rəisi İlyas Hacıyev öncə məktəb kollektivini səmimi qəlbdən təbrik edib, sonra ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu illər ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub və diqqət mərkəzində saxlanılır.
Sonra məktəbin 60 il ərzində keçidiyi yola həsr olunmuş slayda baxış keçirilib və məktəbin qazandığı naliyətlər barədə geniş məlumat verilib.
Tədbirin davamında regional idarənin rəis müavini Validə Nabatovanın, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynovanın, Mingəçevir şəhəri üzrə nümayəndə Şəlalə Sadəddinovanın, Yevlax şəhəri üzrə nümayəndə Rafiq Məmmədovun, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadənin çıxışları və təbrikləri dinlənilib.
Qeyd edək ki, Uşaq İncəsənət məktəbi korifey xanəndəmiz, xalq artisti Bülbülün təşəbbüsü ilə 1961-ci ildən fəaliyyət göstərir. Fortepiano və tar ixtisasları ilə tədrisə başlayan məktəb, hazırda 10 ixtisas ilə fəaliyyətini uğurla davam etdirir. 1994-cü ildən rəssamlıq ixtisasının açılması ilə məktəbin profili təkcə musiqi deyil, incəsənət statusunu da almışdır. Fəaliyyəti dövründə məktəbin minlərlə məzunu olubki, hazırda onların əksəriyyəti respublikamızın müxtəlif şəhər və rayonlarında fəaliyyətlərini uğurla davam etdirirlər.
Yubiley münasibətilə məktəbin bir qrup işçiləri regional idarə tərəfindən Fəxri Fərman və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir rəngarən konsert proqramı ilə davam edib.