BolgeXeber.Com » Ölkə » Şəhid polisin xatirəsi yad edilib

Şəhid polisin xatirəsi yad edilib

19-01-2022, 14:48
Oxunub: 1 904
Tərtər Rayon Polis Şöbəsində Birinci Qarabağ müharibəsi döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşı Natiq Əliyevin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib. 
Polis əməkdaşları şəhidin məzarını ziyarət ediblər, önünə gül-çiçək dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiq Əliyev 1993-cü ildə Ağdərə Rayon Polis Şöbəsində xidmətə başlayıb. Polis yoldaşları ilə birlikdə döyüş əməliyyatlarında iştirak edib. 1994-cü ilin mayın 6-da anadan olduğu Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.   
Vaxtilə birgə xidmət etdikləri müharibə veteranları N.Əliyevin döyüş yolundan bəhs edərək onun könüllü olaraq özünümüdafiə batalyonuna qoşulmasından, düşmənə qarşı keçirilən döyüş əməliyyatlarında iştirak etməsindən, cəsarəti, hünəri, döyüşkənliyi ilə digərlərinə nümunə olmasından bəhs ediblər. Xatirələrini dilə gətirən döyüş yoldaşları onun pulemyotu ilə düşmənin texnikalarını, canlı qüvvəsini məhv etdiyini deyiblər.