BolgeXeber.Com » Mədəniyyət » “Tofiq Bayram məni öz "Zaparojets"inə mindirib şəhərdən kənara çıxardı”

“Tofiq Bayram məni öz "Zaparojets"inə mindirib şəhərdən kənara çıxardı”

12-03-2016, 12:48
Oxunub: 8 099 “Tofiq Bayram məni öz "Zaparojets"inə mindirib şəhərdən kənara çıxardı”"Əlbəttə, Rəsul Həmzətovun sağlığına badə qaldırmağı da unutmadıq..."

Qələmə aldığım növbəti xatirə bir az unudulmaz şairimiz Tofiq Bayram, bir az da Dağıstanın xalq şairi Rəsul Həmzətovla bağlıdır...

Ötən əsrin səksəninci illərinin əvvəllərində "Kommunist" qəzetinin redaktoru Rəşid Mahmudov məni təcili Mahaçqalaya göndərdi. O vaxt Dağıstan Respublikasının 60 illiyinə hazırlıq görülürdü. Bizim Mərkəzi Komitə də məsləhət bilmişdi ki, "Kommunist" qəzeti qonşu respublikaya bir səhifə həsr etsin.
Mahaçqalaya yola düşməzdən əvvəl Tofiq Bayramla görüşdüm. Bilirdim ki, Rəsul Həmzətovun şeirlərinin Azərbaycan dilinə tərcüməçisidir, həm də yaxın dostdurlar. Tofiq müəllim mənə Rəsul Həmzətovun telefon nömrəsini verdi. Qərara gəlmişdim ki, bu böyük şairlə görüşməmiş geri qayıdan deyiləm...

...Mahaçqalada ilk getdiyim ünvan "Daqestanskaya pravda" qəzetinin redaksiyası oldu. Redaktor Vladimir Komissarov məni gülər üzlə qarşıladı. Onun köməyi sayəsində respublika rəhbərliyi ilə görüşdüm. Əmək qəhrəmanlarından, sənət adamlarından müsahibə almağa, onların şəkillərini çəkməyə, Dərbənd şəhərini, Süleyman Stalski rayonunu gəzməyə şərait yaratdılar. Qaldı təkcə Rəsul Həmzətovla görüşmək. Tofiq Bayramdan aldığım telefon nömrəsi zənglərə cavab vermədi. Vladimir Komissarov məni bu görüşdən çəkindirməyə çalışdı. Dedi ki, biz özümüz bir ildir Rəsul Həmzətovu tapa bilmirik, bəlkə də o, indi Moskvadadır. Günü televiziya verilişlərində, oxucularla görüşlərdə keçir...

..."Daqestanskaya pravda"da işləyən Fatimat adlı bir xanım dedi ki, mən Rəsul Həmzətovun qızının evini tanıyıram. Gedək, bəlkə onun bizə köməyi dəydi. Getdik, qapının zəngini basdıq və...qarşımıza idman geyimində olan Rəsul Həmzətovun özü çıxdı...Əvvəlcə harasa tələsdiyini bildirib müsahibə verməkdən boyun qaçırmağa çalışdı. Ancaq Tofiq Bayramın adını eşidəndən sonra mənə olan münasibəti tamam dəyişdi. Çay süfrəsi arxasında xeyli söhbət etdik. Azərbaycana sevgisindən, Səməd Vurğunla dostluğundan danışdı...

...Üç gün sonra "Kommunist" qəzetində dərc olunmuş müsahibəni Mahaçqalaya göndərdim. Həftənin sonunda isə redaktorumuz Rəşid Mahmudov mənə bir məktub verdi: "Al, oxu, Dağıstandan Rəsul Həmzətov göndərib..." Oxudum. Böyük şair redaktorumuza minnətdarlığını bildirir, mənə xüsusi salam söyləməyi xahiş edirdi. Əlbəttə, Rəsul Həmzətovun jurnalist əməyimə yüksək qiymət verməsi məni sevindirdi. Üstəlik, redaksiya heyətinin qərarı ilə mənə 40 manat mükafat yazıldı. Tofiq Bayram məni öz "Zaparojets"inə mindirib şəhərdən kənara çıxardı. Dəniz kənarında, mənzərəli bir yerdə o 40 manata doyunca yeyib - içdik. Əlbəttə, Rəsul Həmzətovun sağlığına badə qaldırmağı da unutmadıq...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist