BolgeXeber.Com » İqtisadiyyat » Qızıl dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır

Qızıl dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır

11-03-2015, 20:48
Oxunub: 4 540 Qızıl dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşırManatın devalvasiyasından sonra Azərbaycanda idxal olunan qızılın qiymətində də artım müşahidə edilməkdədir.

Ancaq Azərbaycandan fərqli olaraq dünya bazarında qızıl ucuzlaşmağa doğru meyllənib. Proqnozlara görə, 2015-ci ilin sonuna qədər qızılın qiymətində azalmalar davam edəcək.

Dünya bazarında qızılın son durumundan danışan Vüqar Bayramov da təsdiqlədi ki, son aylarda qızılın qiymətində ucuzlaşma müşahidə edilir: “Hazırda dünya bazarında qızılın bir qramının qiyməti 37 dollardır. Qızılın bir unsiyasının qiyməti isə 1160 dollara təklif olunur. Son bir ayda dünya bazarında qızılın qiymətində 7 faizə yaxın azalma olub. Son 6 ayda qızıl 6,7 faiz ucuzlaşıb. Son bir ildə isə qızılın qiymətində 14 faiz azalma müşahidə olunub. Bu statistika qızılın ucuzlaşmağa doğru meylləndiyini göstərir. Səbəb isə qızıla olan tələbatın azalmasıdır. Eyni zamanda tələbatın azalması fonunda bazara çıxarılan qızılın həcmi də artıb. Bəzi dövlətlər qızıl ehtiyatlarını satmağa başlayıblar ki, bu da təklifin artmasına səbəb olub”.

Ekspert “Yeni Müsavat”a açıqlamasında onu da bildirdi ki, proqnozlar dünya bazarında qızılın qiymətində azalmaların davam edəcəyindən xəbər verir: “Bu, eyni zamanda Azərbaycana idxal olunan qızılın maya dəyərinin azalmasına gətirib çıxarıb. Azərbaycan bazarına gətirilən qızılın qiyməti dollarla ifadədə xeyli dərəcədə ucuzlaşsa da devalvasiyaya görə manatla ifadə edərkən qızıl bahalaşmış olur. Bu baxımdan idxal olunan qızılın qiymətinin dollarla ifadəsində ucuzlaşma, manatla ifadəsində isə bahalaşma nəzərə çarpır. Qızılın ucuzlaşmasından sonra investorların bir qismi artıq qızıl bazarından öz sərmayələrini çəkərək valyuta bazarına yönəldirlər. Eyni zamanda bu, Azərbaycan büdcəsində dollarla saxlanılan ehtiyatların dollarla ifadə olunan dəyərinin azalması deməkdir”.