BolgeXeber.Com » İqtisadiyyat » Nübar meyvələr ət qiymətinə satılır

Nübar meyvələr ət qiymətinə satılır

6-05-2015, 10:24
Oxunub: 6 599 Nübar meyvələr ət qiymətinə satılırAlıcı: “Lobyaya verdiyim pula bir kilo ət ala bilərəm və ən azından 2-3 dəfə bişirə bilərəm”

Bazarlarda yeni çıxmış nübar meyvələr, tərəvəzlər, həmçinin mövsümə uyğun olmayan meyvə-tərəvəzlər də bolluq təşkil edir. Biz də bu meyvə-tərəvəzlərin qiymətini öyrənmək üçün “Yaşıl bazar”a üz tutduq.

Piştaxtalardakı çiyələk, alça, şaftalı, ərik, qarpız insanın gözünü oxşayırdı. Bu meyvələrin yanından almadan keçmək mümkün olmasa da, qiymətləri alıcıları bu fikrindən daşındırır. Bazarda apardığımız müşahidə zamanı da gördük ki, alıcılar nübar meyvələrin qiymətini soruşub uzaqlaşırlar. Bunu görən satıcılar hətta alıcının arxasınca “yaxşı, gəl 8 manatdan apar” deyə, çağırırdılar.

Qiymətlərə gəlincə isə ərik 7 manat, şaftalı 6 manat, alça iriliyindən asılı olaraq 5-12 manat arası, qarpızın bir kiloqramı 2 manat 50 qəpik, banan 2 manat 80 qəpik, armud 3-4 manat arası, alma 80 qəpik 3 manat arası, portağal 2 manat 50 qəpik, ananas 5 manat, lobya 7 manat, gül kələm 1 manat, yarpaq kələm 80 qəpik, pomidor 1 manat 50 qəpik 3 manat arası, xiyar 1 manat 30 qəpik, yeni çıxmış yarpaq 2 manat 50 qəpik 5 manat arası, badımcan 2 manat 30 qəpik, bibər 5 dənəsi 1 manat, kartof 1 manat 30 qəpik, soğan 1 manata satılırdı.

Satıcılar bazarda xaricdən gətirilən nübar meyvələrlə yanaşı yerli nübar meyvələrin də olduğunu deyirdi. Meyvə satıcısı Bəhram Mirzəyev onun satdığı çiyələyi Şəmkirdən, alçanı isə Göyçədən gətirdiyini dedi: “Elə meyvələr var Türkiyədən, İrandan gətirilir. Amma mənim satdığım meyvələr yerlidir. Ona görə də nisbətən baha satıram. Dadları da fərqlidir. Xaricdən gətirilən çiyələk dadsız olur. Amma yerli çiyələk şirin dadır”.

Qarpız alıcıları isə demək olar ki, yox idi. Bunu qarpız satıcısı Yusif Əliyev də təsdiq etdi. Qarpız satıcısı bu bostan bitkisini almağa insanlarda müəyyən qorxu olduğunu bildirdi. Satıcı qarpız alan alıcıların da çox vaxt dadsızlığından şikayət etdiklərini dedi: “Təbii olaraq vaxtında yetişən qarpızla süni yolla yetişdirilən qarpızın dadı fərqlidir. Bunu başa düşmək lazımdır. Amma bu o demək deyil ki, qarpızı yeyən adam zəhərlənir və ya ölür. Belə olsa biz bunu satmarıq”.

Nübar meyvələr ət qiymətinə satılırAlıcılar isə meyvələrlə yanaşı nübar tərəvəzlərin də qiymətindən narazılıq edirlər. Lobyanın qiymətini soruşduqdan sonra dərhal oradan uzaqlaşan alıcının da nübar meyvə-tərəvəzlərlə bağlı fikrini aldıq. Aynur Rəsulova adlı alıcı lobyanın ət qiymətinə bərabər olduğunu dedi: “Lobya 7-8 manatdır. Lobyaya verdiyim pula bir kilo ət ala bilərəm və ən azından 2-3 dəfə bişirə bilərəm. Ümid edirəm ki, yayda da belə bahalıq olmayacaq”.

Qeyd edək ki, əslində hər meyvə öz fəslində yeyiləndə orqanizm üçün daha faydalı olur. Süni istilik və hormonlarla yetişdirilən hansısa meyvənin keyfiyyəti öz iqlimində, təbii istilikdə yetişən meyvənin keyfiyyəti qədər olmur. Bədənimizdə qış aylarından toplanmış toksinləri təmizləmək üçün yay fəslinin meyvə-tərəvəzləri köməyə yetir. Mütəxəssislər noxud, paxla, ispanaq , təzə lobya kimi tərəvəzlərin toksinlərin bədəndən sürətlə xaric edilməsinə kömək etdiyini bildirir. Əslində çiyələk, badımcan, pomidor, soğan, ərik kimi meyvə-tərəvəzlərlə may ayında, iyun ayında təzə pomidor, təzə paxla, dolmalıq bibər, kahı, iyul və avqust aylarında gilənar, qarpız, ərik, təzə sarımsaq, yemiş, üzüm, gilas, tut kimi məhsullarla qidalanmaq lazımdır.

Qeyd edək ki, həkimlər bu mövsümdə meyvə-tərəvəzi çox qəbul etməyi daha məqbul hesab edirlər. Amma biz həm də nə yediyimizin fərqində olmalıyıq. Təəssüf ki, qəbul etdiyimizin qidaların ərzaq təhlükəsizliyinə tam təminat yoxdur. (musavat.com)
Nübar meyvələr ət qiymətinə satılır

Nübar meyvələr ət qiymətinə satılır