BolgeXeber.Com » İqtisadiyyat » ABŞ-da benzin 16 qəpik oldu, bəs Azərbaycanda niyə ucuzlaşmır?

ABŞ-da benzin 16 qəpik oldu, bəs Azərbaycanda niyə ucuzlaşmır?

23-01-2016, 10:54
Oxunub: 4 660 ABŞ-da benzin 16 qəpik oldu, bəs Azərbaycanda niyə ucuzlaşmır?“İndiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür”

ABŞ-da benzinin qiyməti 16 qəpikdən də aşağı düşüb. Miçiqan ştatının şəhərlərindən birində benzinin 1 litrinin qiyməti 10 sentdən (0,16 AZN) aşağı düşüb. Ekspertlər isə benzinin bu qədər ucuzlaşmasının təkcə neftin qiymətinin aşağı düşməsi ilə əlaqəli olmadığını bildiriblər. Məlumata görə, Hafton Taun şəhərində benzin qallonunun (təxminən 4 litr) qiyməti 47 sentə (0,75 AZN) qədər ucuzlaşıb. Bu isə son 10 il ərzində rekord ucuzlaşma hesab olunur.

ABŞ-da benzinin qiymətlərinin monitorinqini edən ekspert Patrik De Haan bildirib ki, Miçiqanda özünü göstərən qiymət ucuzlaşması 3 yanacaqdoldurma məntəqəsi arasındakı rəqabətlə bağlıdır. Qeyd edək ki, dünya bazarında neftin ucuzlaşmasından sonra benzinin ucuzlaşması Azərbaycan bazarı üçün də aktualdır. Bundan əlavə, iqtisadiyyatın bütün sahələrində qiymətlərin sürətlə bahalaşdığı dövrdə benzinin ucuzlaşması bu proses üçün tənzimləyici bir amil də ola bilər.

Xatırladaq ki, Tarif Şurasının ötən il verdiyi qərara əsasən, yerli istehsal olan Aİ 92 və Aİ 80 markalı benzinin litri 0.70 AZN, dizel yanacağının litri 0.60 AZN, xaricdən idxal olunan Premium markalı Aİ 95 markalı benzinin litri isə 0.95 AZN təşkil edir.

Ekspertlər isə yerli istehsal olan benzinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsini təklif edir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, benzinin ucuzlaşması bir çox sahələrdə xərclərin azalmasına, gəlirlərin artmasına səbəb olacaq: “Azərbaycanda benzinin qiymətinin ucuzlaşması ilə bağlı ümumi tarazlıq modelindən istifadə edilir. Biz ümumi tarazlıq modelinə əsasən benzinin qiymətinin neçə faiz ucuzlaşmasının iqtisadiyyata nə qədər müsbət təsirlərinin olmasını müəyyənləşdirməyə çalışırıq.

Bizim modelimiz göstərir ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Benzinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki benzinin ucuzlaşması imkan verəcək ki, digər sahələrdən qazanılan dəyər vergisi çox olsun”.

Vüqar Bayramovun sözlərinə görə, yanacaq xərcləri azaldığı üçün digər sektorların fəaliyyətinin genişlənməsinə imkan verəcək: “Bu, eyni zamanda imkan verəcək ki, yeni yaradılmış dəyər hesabına alternativ olaraq başqa sektorlardan vergi ödənişlərinin həcmini artırmaq mümkün olsun. Bu, vətəndaşların sosial vəziyyəti baxımından vacibdir. Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var. Deməli, onların xərcləri azalacaq. Nəqliyyat sektorunda xərclər azalacaq. Xüsusən də devalvasiyadan sonra ictimai nəqliyyatda xərclərin artımı baş verdi. Çünki avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var. Benzinin ucuzlaşması imkan verəcək ki, xərclər azalsın, prosesi tənzimləmək mümkün olsun”.
ABŞ-da benzin 16 qəpik oldu, bəs Azərbaycanda niyə ucuzlaşmır?


İqtisadçının sözlərinə görə, benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcinin də azalmasına imkan verəcək: “Aqrar sektora birmənalı şəkildə müsbət təsir göstərəcək. Çünki aqrar sektorda yanacaqdan çox istifadə edilir. Yanacağın qiyməti 30 faiz ucuzlaşsa, deməli, aqrar sektorda ümumi xərclərin təxminən 17 faiz azalmasına gətirib çıxaracaq. O baxımdan benzinin ucuzlaşması həm fermerlər üçün yeni imkanlar yaradacaq, xərcləri azaldacaq, həm də istehsal olunan məhsulların qiyməti ucuzlaşacaq. Məhsullar ucuzlaşdığı üçün ixrac imkanları artacaq. Bu baxımdan qiymət azalmalarına gedilməsinə ehtiyac var. Bu, həmçinin digər xidmət sahələrində də ucuzlaşmaya səbəb olacaq”.

Vüqar Bayramov onu da qeyd etdi ki, əgər Tarif Şurası benzin istehsalı və satışına qoyulan vergiləri azaltsa, benzinin ucuzlaşması mümkündür: “Biz yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək görərik ki, orada əsas xərc vergilərdir. Dövlət Neft Şirkəti üçün bir barel neftin orta qiyməti 15 dollardır. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, Dövlət Neft Şirkəti bir barel nefti orta hesabla 15 dollara hasil edir. Bu səbəbdən dünya bazarında neftin qiymətinin 28 dollar olmasının önəmi yoxdur, söhbət neftin dünya bazarındakı qiymətində də iki dəfə aşağı olan xərcdən gedir. Buna görə də benzinin 70 qəpikdən 50 qəpiyə endirilməsi Dövlət Neft Fondunun gəlirlərinə təsir göstərməyəcək. Dövlət Neft Şirkəti onsuz da 15 dollara başa gələn bir barel xam nefti benzinə çevirərək gəlir əldə edir. Sadəcə olaraq, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər. Düzdür, burada büdcə daxilolmalarının azalması müşahidə ediləcək. Lakin bu, narahatlıq doğurmamalıdır.

Bizim model qiymətləndirmələrimiz onu göstərir ki, benzinin ucuzlaşması başqa sektorlara müsbət təsir edəcək, həmin sektorlardan vergi ödənişlərinin həcmi artacaq. Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyata təsir edən əsas sektorlarda büdcə ödənişlərinin həcminin artması avtomatik olaraq, benzinin ucuzlaşması ilə azalan gəlirləri kompensasiya edir. Bütün bunları nəzərə alsaq, benzinin qiymətinin aşağı salınması indiki durumda olduqca vacibdir”. (“Yeni Müsavat” )