BolgeXeber.Com » İqtisadiyyat » 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır

2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır

1-12-2022, 10:37
Oxunub: 4 520 Laçın rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Laçın mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, dərman bitkiləri ilə zəngin bölgədir. Laçın rayonu ayrıca ərazi-inzibati vahid olaraq 1930-cu ildə yaradılıb. Rayonun ərazisi 1835 kv km-dir. Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızın bütün bölgələri kimi, Laçın rayonunun da sosial-iqtisadi, mədəni həyatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilib.
1992-ci ilin mayında Laçını işğal edən erməni silahlı qüvvələri bölgənin təbii ehtiyatlarını, maddi-mədəni sərvətlərini də talan etmişlər. 1992-ci ilin 18 may işğalından öncə Laçın rayonunun ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qeydə alınmışdı. Ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Mütəxəssislərin tədqiqatlarına görə, həmin abidələrinin çoxu eramızdan əvvələ aiddir. Laçın erməni qəsbkarları tərəfindən işğal olunandan sonra rayon əhalisi məcburi köçkün kimi Respublikamızın 64 şəhər və rayonunda məskunlaşmışdır. İşğal zamanı yüzlərlə günahsız insan şəhid edilmiş, yaralanmış, 1200-dən artıq körpə yetim qalmış, rayonun bir çox tarixi-dini abidəsi məhv olunmuş, zəngin təbiəti, təbii sərvətləri talan olunmuşdur. 
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini Azərbaycan hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Laçın rayonu da Azərbaycana təhvil verildi. 
Vətən Müharibəsindən sonrakı dövr ölkəmizin yeni dövrü hesab olunur və işğaldan azad olunmuş bölgələrin yenidən qurulmasına başlanıb. Artıq ilkin addımlar atılıb, ilkin infrastruktur layihələrinə start verilib. İşğaldan azad olunmuş rayonlar ölkə iqtisadiyyatına mühüm töhfə verə biləcək. Laçın rayonu da Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır.
Qarabağın hava qapısı Füzuli aeroportundan sonra Laçında   aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verərək turizm potensialının artırılmasına da geniş imkanlar açacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanını xüsusi edən bir digər məqam isə onun Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən   aeroportu olmasıdır. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Bu hava limanının yerləşmə yeri isə öz unikallığı ilə fərqlənir. Belə ki, hava limanı Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşaya isə 70 km məsafədə yerləşir. Laçın hava limanının əhəmiyyəti ölkəmiz və region üçün yükdaşımaların asanlaşmasında olduqca mühüm yer tutur. 
Xüsusilə beynəlxalq yükdaşımalarda əhəmiyyət kəsb edən Laçın hava limanı istehsal olunan sənaye məhsullarının dünya bazarlarına daha sürətli şəkildə çatdırılmasına imkan yaradacaq. Azərbaycanın incisi olan Qarabağ heç şübhəsiz ki, yaxın zamanlarda daxili və xarici turistlərin ən çox ziyarət etmək istəyəcəkləri yerlər sırasında olacaq. Həm Laçına, həm Kəlbəcərə, həm də Şuşaya yaxın olan Laçın aeroportu turistlərin bu dilbər guşələrimizə gəliş-gedişlərini asanlaşdıraraq ölkənin turizm potensialının inkişafına da öz töhfəsini verəcək. Bütün bunlarla yanaşı Laçın hava limanının hərbi əhəmiyyəti də olduqca vacib hesab olunur. Belə ki, 10 noyabr Bəyanatından sonra da təxribatlarını davam etdirən Ermənistanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazidə hava limanının olması vacibdir. 
İşğaldan azad edilən ərazilərimizdə tez bir zamanda bu qədər sürətlə və yüksək səviyyədə aparılan bərpa və quruculuq işləri heç şübhəsiz ki, dünyanın da gözündən qaçmayan mühüm məsələ olmaqla yanaşı hər kəsdə çox böyük təəccüb də doğurur. Bunu çıxışlarında Ölkə Başçısı da dəfələrlə vurğulayıb. Prezident cənab İlham Əliyev qeyd edib ki, bu, bir çoxları üçün gözlənilməz oldu. “Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
 
 
 
Mehriban Alışova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi, YAP fəalı