BolgeXeber.Com » Fotoqalereya » Azərbaycanlı oliqarxın milyonlarla dollarlıq super yaxtası Bodrumda lövbər salıb - (Fotolar)

Azərbaycanlı oliqarxın milyonlarla dollarlıq super yaxtası Bodrumda lövbər salıb - (Fotolar)

1-11-2014, 15:00
Oxunub: 5 058 Türkiyənin Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində, Egey dənizində birdən-birə hər birinin dəyəri azı on milyonlarla dollar olan 6 super yaxta lövbər salıb.

Bodrumun Kumbahçe sahillərində lövbər salan yaxtalar görənləri heyrətə salır.

Bodrum sakinləri göyərtələrində hovuz, sauna, vertolyot meydançası, restoranlar, əyləncə mərkəzi və s. olan bir-birindən yaraşıqlı super yaxtalara tamaşa etmək üçün sahilə toplaşır.



Xəbərdə yaxtaların 5-nin adı göstərilir. Bunlar “Azzurra II”, “Sputnik”, “Titania”, “Anuta” və “Radiant” yaxtalarıdır. Yaxtalar Britaniya, Almaniya, Azərbaycan və Səudiyyə Ərəbistanı bayraqları altında üzür.

Yaxta sahiblərindən yalnız birinin kimliyi məlumdur. Bu, “Radiant” adlı yaxtanın sahibi, “As Majid Al Futtaim Group” adlı Səudiyyə şirkətinin rəhbəri Abdullah əl-Futtahimdir. Şeyx Futtahimin nəhəng yaxtasının üzərində vertolyot, içində çoxlu sayda restoran, qonaq otaqları, sauna, bar, diskoteka, əyləncə mərkəzi var. Lakin yaxtanın sahibi göyərtədə deyil. Ərəb şeyxinin yaxın vaxtlarda özəl təyyarə ilə Bodruma gələcəyi gözlənilir.

Birdən-birə 6 super yaxtanın Bodrum sahillərində lövbər salmasının səbəbləri dəqiq məlum deyil. Lakin qeyri-rəsmi xəbərlərə görə, yaxta sahibləri Bodruma biznes məqsədi ilə toplaşıblar. Onlar otel və torpaq sahəsi satın almaq üçün danışıqlar aparırlar.

Azərbaycan bayrağı altında üzən yaxtanın sahibinin kimliyi də hələlik məlum deyil. Qeyd edək ki, azərbaycanlı superzənginlər VİP salonlu özəl təyyarələrlə yanaşı dəbdəbəli yaxtalara da sahibdirlər. Onların yaxtaları xarici limanlarda lövbər salır və offşor zonalarda qeydiyyatda olur.

Virtualaz.org saytı adları yuxarıda göstərilən yaxtaların fotolarını dəbdəbəli yaxtalar barədə ixtisaslaşmış superyachttimes.com saytından əldə edə bilib. Bu fotoları təqdim edirik.