BolgeXeber.Com » Müsahibə-Reportaj » Alim Qasımovun soyuqdan donan evindən reportaj

Alim Qasımovun soyuqdan donan evindən reportaj

4-02-2014, 08:40
Oxunub: 5 196 Əməkdaşlarımız xalq artistinin Aşağı Güzdək qəsəbəsindəki qazsız, işıqsız qalan ata ocağında oldu; muğam ustasının yaşlı atası və xanımı “Yeni Müsavat”a danışdılar; sadə güzdəklilər də üzləşdikləri problemlər haqda qəzetimizə açıqlama verdilər


Son günlər ölkə ərazisində havaların kəskin soyuması ciddi problemlər yaradıb. Əksər kənd və qəsəbələrdə qaz, su və elektrik fasilələrlə verilir. Belə yaşayış massivlərindən biri də Abşeron rayonu, Güzdək qəsəbəsidir. Qəsəbəyə elektrik enerjisinin verilişində böyük fasilələr yarandığı üçün yerli əhali sözün əsl mənasında şaxtadan donur. Vəziyyət o həddə çatıb ki, burada yaşayan dünya şöhrətli xanəndə, xalq artisti Alim Qasımov dilə gəlib.

Alim Qasımov: “Güzdəkdə xalq donur”

A.Qasımov mətbuata açıqlamasında deyib ki, qarlı-çovğunlu, şaxtalı hava şəraitində Güzdək işıqsız qalıb, camaat evlərdə donur, körpəsi, xəstəsi olanlar nə çarə qılacaqlarını bilmirlər. A.Qasımov yaşadığı evdə elektrik enerjisinin kəsilməsindən şikayətlənib: “Qar yağan gündən işıqlar heç bir saat da yanmayıb. Əgər işıq yanmasa, bütün ailə üzvləri ilə birlikdə donacağıq. Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə ”Bakıelektrikşəbəkə" işləməlidir. Amma mən bu evdə elektrikin yandığını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin".

Tanrıverdi Mustafayev: “Güzdəyin bizə aidiyyəti yoxdur”

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev A.Qasımovun ittihamlarına cavab verib. O, musavat.com-a deyib ki, xalq artistinin yaşadığı rayona “Bakıelektrikşəbəkə” xidmət göstərmir: “”Bakıelektrikşəbəkə"yə daxil olan ərazilərdə heç bir problem yoxdur və əhaliyə yüksək səviyyədə xidmət göstərilir. “Bakıelektrikşəbəkə” yalnız Bakı şəhəri və ona aid olan kənd və qəsəbələrin elektrik enerjisinə cavabdehdir.
Güzdək qəsəbəsi isə Xırdalan şəhərinə aiddir. Bizim Abşeron rayonuna heç bir dəxlimiz, qarışacağımız yoxdur. Yaxşı olardı ki, hörmətli sənətkarımız bizim qurumu bu cür ağır formada ittiham etməzdən öncə dəqiqləşdirəydi ki, yaşadığı qəsəbəyə bizim hansısa formada aidiyyətimiz var, ya yox".

Xalq artistinin atası: “Yenə söndürəcəklər”

Xalq artistinin bu çağırışından dərhal sonra xanəndənin yaşadığı Aşağı Güzdək qəsəbəsinə yollandıq. Alim Qasımov televiziyalardan birinin canlı efirində olduğu üçün evdə yox idi. Lakin “Yeni Müsavat”ın müxbirləri onun atası və xanımı ilə danışa biliblər. Xanəndənin atası Həmzə Qasımov deyir ki, işıq sönür, ev olur buz kimi: “İndi bir azdan yenə söndürəcəklər. Allaha and olsun ki, bu gecə 3 dəfə işıq sönüb. Qarlı havada işıq söndü, 15 dəqiqəyə ev olur şaxta.

Mən də pensiyaçı adamam. Qaza 20-30 manat ödəyirəm, işığa pul verirəm. Allah Alimin canını sağ eləsin, onu bizə çox görməsin. Yoxsa bunların ümidinə qalsaq, burda donub qırılarıq. İşıq təzəlikcə yanıb".

Qəsəbə sakini Xanım Şahverdiyeva da “Yeni Müsavat”ın müxbirlərinə üzləşdikləri problemlərlə bağlı şikayət edib: “Dörd fəslin, hər mövsümünü belə yaşayırıq. Arabir qazı kəsirlər. Amma bixəbər kəsirlər. İşıqlar o qədər zəifdir ki, televizorlarımız, kondisionerlərimiz tez-tez sıradan çıxır. Camaat kasıbdır. Birtəhər kreditlə kondisioner alırlar. İşığın gücü o qədər zəifdir ki, kondisioner yanıb, xarab olur. Bu qəsəbəyə heç avtobus işləmirdi. Camaat qalxıb haqqını istədi, bir marşrut xətti açdılar. Həlli mümkün olan problemləri düzəltsinlər də. Gərək elə camaata ayağa qalxa?”

Muğam ustasının xanımı: “Prezident də arxayın olur ki...”

Söhbətə qoşulan A.Qasımovun xanımı isə xalq artistinin harada yaşadığını və hara şikayət edəcəyini yaxşı bildiyini söyləyir: “Jurnalist Alimin sözünü bilmədən elə təqdim edib. Problemi soruşub, o da deyib ki, işıq yanmır, millət evlərdə donur. Alim bilir ki, Güzdəyə ”Bakıelektrikşəbəkə" baxmır. Jurnalist də aydınlaşdırmadan götürüb yazıb. Axı o elə söz deməyib! Alim bilir ki, Güzdək Xırdalan şəhərinin qəsəbəsidir. “Bakıelektrikşəbəkə” də təhqiramiz şəkildə cavab verib. Əsas məsələ o deyil. Problemin mahiyyəti var - şaxtalı havada işıq yanmır".

Xanımı deyir ki, Güzdək kasıb qəsəbədir: “Bura nə dolana, nə dolandıra bilir. Adı var qəsəbədir, günümüzə bax. Səhərdən yalvarırıq ki, ay Allah, kimə nə deyək. Sizin rəhbəriniz oturub, sizə etibar edib bura göndərib ki, işinizi görəcəksiniz. Prezident də onlara arxayın olur ki, əhalinin problemləri ilə hər qurum məşğul olacaq. Kənddə Qurban yaşayır, işığa görə evi yandı. Dünən gecə yarısı da qaz kəsilmişdi. Gecə yarısı qazı söndürərlər? Camaat əzab-əziyyətlə kombi alır, bunlar işığı, qazı kəsir, donub, xarab olur”.

“Kənddə işıq sönəndə, bələdiyyə sədrinin evi çıraqban olur”

A.Qasımovun evini tərk edib, yerli sakinləri də dinlədik. Camaat danışır ki, xalq artisti ilə bələdiyyə sədri Bəyağa Abbasovun evləri arasında iki tin fərq var. Amma bələdiyyə sədrinin imarətinə aparan yol qardan təmizlənib.

“Bələdiyyə sədri traktor gətirtmişdi ki, yolları təmizləsinlər. Ancaq bələdiyyənin evinə gedən yolu təmizləyiblər. Camaatın da çoxu şikayət eləməyə qorxur ki, bələdiyyə gəlib təzyiq edər. Qorxu da ehtiyacdan doğur. Bələdiyyə sədri Bəyağa Abbasovun evində bir generatoru var ki, qapı boydadır. Yenə Alim müəllimin səsini eşidirlər,” - söyləyən güzdəklilər qəsəbədə sosial vəziyyətin ağır olduğunu qeyd edirlər.

Qəsəbə sakinləri bildirirlər ki, kiminsə dolanışığını təmin etdiyi bir yer var: “Amma bu qəsəbə əhlinin işləməyə yeri yoxdur. Hambal kimi aparıb işlədirlər. Şəhərdən bura 15-20 dəqiqəlik yoldur. Gəl ki, qışlağa oxşayır. Azərbaycanın bol sərvəti var. Lap bol eləsin. Gətir bizim işığımızı, qazımızı ver də. Qaçmırıq ki, pulunu ödəyək. İnanın Allaha ki, yay-qış əsəb keçiririk.

Özü də Güzdəyin əvvəl əhalisi az idi. İndi bir ayağı Sumqayıta, bir başı Müşfiqabada gedib çatır. Dəfələrlə bələdiyyəyə şikayət olunub. Nə xeyri var? Burda bir qarış dirçəliş yoxdur. Nə təhsil var, nə oxuyan. Qəsəbədən Bakıya oxumağa gedirlər".
“Küçələr bərbad vəziyyətdədir”

Qəsəbə əhli danışır ki, bələdiyyə sədri öz evinə 50 kamera qoydurub: “Elə bil evini oğurlayacaqlar. Gözü götürməyənin gözü çıxsın. Amma arada bir kameradan baxıb görsün ki, küçələr bərbad vəziyyətdədir. Alim Qasımov bu kənddə böyüyüb, yaşayıb və elə indi də ata evindən heç yana getmir. Həmişə elin-obanın dərdini danışıb. Biz hara şikayət edirik, eşidən yoxdur. Qəsəbədə işıqlar sönəndə, bələdiyyə sədrinin evi çıraqban olur”.

Bir başqa güzdəkli isə B.Abbasovda günah görmədiyini deyir: “Bələdiyyə sədri neyləsin e? O, qaza, işığa baxmır. Aidiyyəti qurumlar var da”. Həmyerlisi isə onun sözünü kəsir: “Düzdür, qaz, işıq bələdiyyənin işi deyil. Onun işi torpaq satmaqdır. Heç olmasa həmin idarələr qabağında məsələ qaldırsın da. O da bu kənddə yaşayır”.

Qəsəbədən ayrılıb şəhərə gələndə hava qaralırdı. Şaxta daha da artmışdı. Bu üzdən də yollar buz bağlamışdı, hərəkət etmək xeyli çətinləşmişdi. Bu qədər insanın taleyin ümidinə buraxılması - qazın, işığın olmaması, yolların bərbadlığı, qardan, buzdan təmizlənməməsi - adamı heyrətə salır. Güzdəkdə olanda özümüzü ucqar dağ kəndindəki kimi hiss etdik. Halbuki bu qəsəbə paytaxtdan cəmi 15-20 dəqiqəlik məsafədə yerləşir. Görün indi paytaxtdan 100 kilometrlərlə uzaqda yerləşən rayon mərkəzləri, kəndlər, qəsəbələr hansı vəziyyətdədir...