BolgeXeber.Com » Müsahibə-Reportaj » Şakir Musayev “Gülbaxt”ı necə ələ keçirmək istəyir?

Şakir Musayev “Gülbaxt”ı necə ələ keçirmək istəyir?

9-09-2011, 00:25
Oxunub: 14 563 Tibbi Ekspertiza Mərkəzinin rəhbəri məqsədini həyata keçirmək üçün Akif Məmmədovu oyunlarına alət edib

«Gülbaxt» daş karxanası ətrafında davam edən qalmaqalın yeni detalları üzə çıxmaqdadır. Akif Məmmədovun indiyə qədər bütün instansiyalarda özünə havadar tapması nəticəsində haqlı tərəflərin haqsız duruma düşmələri isə getdikcə, yeni sirlərin meydana çıxmasına gətirib çıxarır.

Daş alverinin dəyərinə bax…

Bildirək ki, Akif Məmmədov «Gülbaxt» daş karxanasındakı bütün əraziləri ələ keçirmək üçün yalnız bir ərizə ilə məhkəməyə müraciət edib. Həmin ərizəni də Nizami rayon Məhkəməsinin sədri Məhəmməd Ələkbərov və hakimi Ziya Əliyev əsas götürərək, sözügedən karxanadakı bütün iş adamlarını günahkar çıxarıb. Nəticədə, təkcə «Bərəkət 98» firması deyil, hazırda həbsdə olan fiziqi şəxslər Əlövsət, Rafiq və həmçinin «Turan» ŞKM-in də əmlakı əlindən alınmaq istənilib.

Bu barədə Bolgexeber.com-a məlumat verən fiziki şəxslər Əlövsət və Rafiqin yaxınları bildiriblər ki, ARDNŞ prezidenti Rövqnəq Abdullayevin yaxın qohumu hesab olunan Məhəmməd Ələkbərovun belə bir addım atması heç də səbəbsiz olmayıb. Yəni, Akif Məmmədovla birləşən məhkəmənin hakimi onunla birlikdə «Gülbaxt»a sahib çıxmaq istəyib. Və bu səbəbdən də heç bir əsas və sənədi-sübutu olmayan Akif Məmmədovun quru ərizəsi ilə dağ boyda bir qərardad çıxarıb.

Daş karxanasının belə matah olması isə çox maraqlıdır. Çünki işi dərindən araşdırdıqca, oradan təkcə Məhəmməd Ələkbərovun deyil, hətta daha yüksək çinli məmurların çıxdığı da diqqəti çəkməyə başlayır. Hazırda həbsdə olan fiziki şəxslər, hazırda həbsdə olan Əlövsət və Rafiqin yaxınlarının Bolgexeber.com-a dediyinə görə, «Gülbaxt»da gözü olanlardan biri də ölkənin Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəhbəridir.

Şakir Musayev daş biznesinə girişir

Qeyd olunan mərkəzin rəhbəri Şakir Musayevin «Gülbaxt» daş karxanasında pay sahibi olması ilk baxışdan müəmmalı görünsə də, araşdırmalar bütün müəmmalara son qoyur. Çünki Ş.Musayevin indiyə qədər öz işindən kənar, digər işlərlə də məşğul olduğu yetərli qədər faktlarla təsdiq olunur. Belə ki, onun adı təkcə biznes sahələrində deyil, həmçinin insan orqanı alverində də hallanır.

Bolgexeber.com-a məlumat verən sözügedən şəxslərin bildirdiyinə görə, Ş.Musayev sabiq səhiyyə naziri Əli İnsanovun ən sədaqətli kadrlarından və adamlarından biri olub. İnsanov vəzifəsindən getdikdən sonra onun da ya işdən çıxarılacağı, ya da həbs olunacağı gözlənildiyi halda, o, yenidən Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəhbəri postunda qalmağı bacarıb. Bunun hansı səbəbdən və niyə baş verdiyini isə demək elə də çətin məsələ deyil. Şübhəsiz, ortada hansısa «əl əli yuyar, əldə üzü» prinsipi öz işini görüb.

Amma məsələ o deyil ki, Ş.Musayev niyə qeyd olunan postda qalıb. Bu gün əsas məsələ odur ki, mərkəz rəhbərinin adı indiyə qədər dəfələrlə müxtəlif məsələlərdə hallanıb və çəkilib. Məsələn, Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəhbəri Şakir Musayev bir zamanlar Hacı Məmmədovun qətlə yetirdiyi bir qadını «narkoman» çıxarmışdı. Lakin Məmmədov və bandası həbs olunandan sonra məlum olmuşdu ki, qadın narkotik istifadəçisi deyilmiş və onu banda üzvləri sirr bildiyi üçün öldürüblər. Amma Ş.Musayev həmin vaxt banda üzvləri ilə anlaşaraq, «problemi» imkanları daxilində çözmüşdü.

Bir başqa fakt isə ondan ibarətdir ki, bir müddət əvvəl Bakıda polis əməkdaşlarından biri (bildirək ki, adlar redaksiyamıza məlumdur, lakin hələ də bu işin qalmaqallı mərhələdə olması səbəbindən dəqiq bilgilər vermirik -red.) qətl törətməsinə baxmayaraq, onun həbsi əməlli-başlı problemə çevrilibmiş. Bu barədə mənbə deyir ki, həmin polis nəfəri mayor rütbəsini daşıyırdı və hətta elmi dərəcəsi də olub. «Amma Şakir Musayev şəxsən onun azadlıqda qala bilməsi üçün polis mayoruna saxta «dəlilik kağızı» verib. Lakin buna baxmayaraq mərhumun yaxınları ən yuxarı səviyyələrə şikayətlərini çatdıra biliblər və bundan sonra Şakir Musayev verdiyi saxta sənədi ləğv etmək məcburiyyətində qalıb».

Mənbə iddia edir ki, bu işin müqabilində Şakir Musayev 100 min manat pul alıbmış: «Lakin vəziyyət şikayətçilər tərəfindən yetərincə ictimailəşdirildiyindən Şakir Musayev aldığı 100 min manatı geri qaytarmalı olub».

Belə faktların sayı həddindən artıq çoxdur və onları sıralamaqla oxucularımızı yormaq istəmirik. O səbəbdən də digər bir məsələ ilə bağlı maraqlı məlumatı diqqətinizə çatdırmağa çalışırıq.

Baş prokurorluqdakı iri çinli məmurun «saqqızı» necə oğurlanıb?

Aldığımız məlumata görə, Baş prokurorluqda çalışan yüksək çinli məmurlardan birinin də adı artıq «Gülbaxt» Daş Karxanası ilə bağlı məsələyə qarışıb. Həbsdə olan Əlövsət və Rafiqin yaxınlarının verdiyi məlumatlarda deyilir ki, bu qarışmaya səbəb olan da elə Şakir Musayev olub. Belə ki, o, həmin məmurun «saqqızı»nı oğurlayaraq, onu yoldan çıxarıb və günahsız adamların həbs olunması barədə sanksiya verməsinə imkan yaradıb.

Məlumatı verən şəxslər bildirir ki, Şakir Musayev yaxın vaxtlarda həmin məmurla quda olacaq. Belə ki, mərkəz rəhbəri qeyd olunan şəxsin qızını oğluna almağa hazırlaşır. Bu səbəbdən də daha çox arxayın şəkildə hərəkət etməyə başlayan Musayev əlinə imkan düşdükcə bu qudalıqdan yararlanmağa çalışır. Elə bu səbəbdən də Baş Prokurorluqda çalışan yüksək çinli məmurun «saqqızını» oğurlayaraq, onu da «Gülbaxt» işinin içinə qatıb.

Hazırda həbsdə olan şəxslərin yaxınlarının verdiyi məlumatda deyilir ki, Şakir Musayev qudasının yanına gedərək, «Gülbaxt» daş karxanasını oğluna almaq istəyir. Həmin sahədə böyük pulların olduğunu, həm də oranın boş qaldığını qudasına deyən mərkəz rəhbəri «Gülbaxt»da bir-neçə nəfərin qanunsuz fəaliyyət göstərdiyini və bu səbəbdən də orada iş görə bilmədiklərini söyləyib.

Mənbənin iddiasına görə, qeyd olunan məmur da işin qanuni olduğunu düşünərək, orada «qeyri-qanuni» işləyənlərin həbsi barədə sanksiya verib. Amma bu gün bir neçə məhkəmə instansiyası tərəfindən Cavanşir Abduləzimovun günahsız olduğu üzə çıxıb ki, bu da Musayevin yalanlarını ortaya qoyub.

Qeyd edək ki, burada böyük ehtimal ondan ibarətdir ki, mərkəz rəhbəri Baş Prokurorluqda çalışan qudasını kürəkəni ilə aldatmağa çalışıb. Və böyük ehtimalla deməyə çalışıb ki, uşaqların gələcəyi üçün «Gülbaxt»ın onlarda olması şərtdir. Çünki daş karxanası onların balaları üçün həmişəlik «qazanc yeri» ola bilər. Buna inanan qudası da qərar verməli olub və onun da yanlış olduğu bu yaxınlarda üzə çıxıb.

Musayevin oyunlarına alət etdiyi oyunçu: Akif Məmmədov

İşin bir başqa maraqlı tərəfi də odur ki, Akif Məmmədovla Şakir Musayevi nə birləşdirir? Bir-birləri ilə heç bir yerdə yolları kəsişməyən, hətta eyni ranqda olmayan bu şəxsləri ortaq məxrəcə gətirən əsas səbəb şübhəsiz, «Gülbaxt»ı ələ keçirmək və oradan böyük pullar qazanmaq həvəsidir.

Qeyd edək ki, Akif Məmmədov bu prosesdə ən yaxşı halda oyunçulardan biri ola bilər. Amma əsas fiqurlar Musayev, Ələkbərov və başqalarıdır. Çünki Akif Məmmədovu «Gülbaxt»da halal çörəyini qazananların üzərinə qaldıran, ona havadarlıq edən və məhkəmə instansiyalarında «qalib olması»nı təmin edənlər məhz qeyd olunan şəxslərdir. Məqsəd də odur ki, prosesdə adları heç bir zaman hallanmasın. Amma yekunda daş karxanası onlara işləsin.

Bunu etmək üçün bütün qanunları ayaqları altına qoyan Şakir Musayev və onun şərikləri demək olar ki, bir çox qanunsuzluqlara imza atıblar. Və bu prosesin qarşısı alınmazsa, həmin qanunsuzluqlar davam edəcək.

Təbii ki, Akif Məmmədov da onun işlərinə yarayır. Ona maliyyə yardımı göstərərək, bir çoxlarını ələ almaq üçün istifadə olunması, «Gülbaxt»da kiçik pay müqabilində hər şey edə biləcək səviyyədə hərəkət edən biri olan Akif Məmmədovun karxanada ağılalmaz oyunlardan çıxması da bütün bu hesablamalardan sonra daha aydın şəkildə görünür. Əgər Akif Məmmədov özünü bıçaqlayıb, sonra da bunu qarşı tərəfin üzərinə ata biləcək qədər «cəsarət» sahibidirsə, deməli, onun arxasında dayananlar nələrdəsə israrlıdırlar və onlar heç də sözügedən adamı seçməkdə yanılmayıblar. Çünki belə adamlarla nəinki daş karxanasına sahib olmaq olar, hətta bütün ölkəni şərləyərək ələ keçirmək mümkündür.

Nəzərə almaq lazımdır ki, Akif Məmmədov kimi adamlar Şakir Musayevin işinə daha çox yarayandır. Ən azından ona görə ki, bu boyda prosesi həyata keçirən zaman ondan yararlanmaqla yanaşı, Musayev həm də adının birmənalı olaraq prosesdə hallanmasının qarşısını almış olur. Amma bura Azərbaycan və Azərbaycanın da məkan olaraq kiçik olması mərkəz rəhbərini yanıldıb. Və o səbəbdən də sirrinin üstü tez açılıb ki, bunun da yaxşı nəticələrə gətirib çıxarmayacağı gözləniləndir.

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini verməyə hazırıq.
Bolgexeber.com