BolgeXeber.Com » Müsahibə-Reportaj » Çingiz Abdullayev:"Təkcə məni oxumayın, ümumiyyətlə, kitab oxuyun"

Çingiz Abdullayev:"Təkcə məni oxumayın, ümumiyyətlə, kitab oxuyun"

15-03-2014, 13:35
Oxunub: 7 602 "Mən həmişə demişəm ki, yazıçı deyiləm, oxucuyam"

- Çingiz müəllim, hal-hazırda nəinki ədəbiyyatı, ümumiyyətlə, ölkə gündəmini məşğul edən bir məsələ var: Əkrəm Əylislinin Nobel sülh mükafatına namizəd göstərilməsi. Buna sizin münasibətiniz necədir?

- Fikrimcə, “Daş yuxular” bədii cəhətdən ədəbiyyatımızı məşğul edə bilməzdi. Əsərin absurd ideyası onu bu qədər populyarlaşdırdı. Əkrəm Əylisli əsərə görə deyil, guya sülhə çağırış etdiyinə görə bu mükafata namizəd göstərilib. Mən yenə də deyirəm: sağlıqla yesin o pulu. Əgər ermənilərin verdiyi mükafatı almağa utanmayacaqsa, sağlıqla yesin.
- Bildiyim qədər, siz ehtiyatda olan zabitsiniz. Əgər elə sabah sizə general rütbəsi verib hər hansı korpusun komandiri təyin etsələr, bütün bu ədəbi ortamı atıb ordu sıralarına qayıdarsınızmı? Yəni yaradıcı bir insanın anidən hərbi mühitə adaptasiya olması nə qədər mümkündür?
- Bəli, mən zabitəm, özü də ehtiyatda olan polkovnikəm. Peşəm də hüquqşünasdır, 22 yaşımdan zabitəm. Buna görə də ordu sıralarında mənim üçün çətin olmaz. Çünki mən özüm bu hərb dünyasının ən məxfi əməliyyatlarında iştirak etmişəm. Bu baxımdan mən heç bir problem yaşamaram, amma korpus məsələsi bir az çətin… Korpusa rəhbərlik edə bilmərəm, ona görə ki, bunun üçün xüsusi təhsil lazımdır. Məsələn, bir kəşfiyyatçı kimi gedib Serj Sarkisyanın başını gətirə bilərəm (gülür). Təbii ki, bu, bir zarafatdır, onu öldürmərəm. Çünki bu, dünya miqyasında cinayət olar. Ancaq onun başına maraqlı bir oyun gətirə bilərəm (gülür). - Sizin üçün detektiv əsər yazmağın qızıl qaydaları varmı?
- Yox, xüsusi qaydalar yoxdur. Sadəcə, təcrübəmdən və təxəyyülümdən faydalanıram. Həm də mən detektiv əsər yazanda zövq alıram. Həmişə istəmişəm ki, hüquqşünas olum. Görünür, yaxşı hüquqşünas ola bilməmişəm, nəhayətində yazıçı olmuşam və əsərlərimdə də bu peşəyə olan sevgimi göstərmişəm. Konan Doyl da həkim idi. Amma hüquqşünaslığa marağı vardı, buna görə də Şerlok Holmsu yaratdı. Ya da Yan Fleminq özü yaxşı kəşfiyyatçı olmasa da, Ceyms Bond kimi məşhur bir agenti yaratdı. Bu baxımdan Freydin maraqlı bir fikri var: “Əgər mən yaxşı kəşfiyyatçı və ya müstəntiq olsaydım, yəqin ki, yazıçı olmazdım”.
- Şerlok Holms və Ceyms Bond dediniz. Sizcə, biz kino ilə ədəbiyyatı necə birləşdirib, hər iki sektorun inkişafına nail ola bilərik? Ümumiyyətlə, uğur qazanmaq üçün nə etmək lazımdır?
- Bunun bir yolu var: zəhmət! Mən həmişə demişəm ki, uğur üçün bir faiz istedad, 99 faiz zəhmət lazımdır. Biz özümüz də çalışmalıyıq, uşaqlarımıza kitabı, ədəbiyyatı sevdirməliyik. Kitab sevilməsə, bizim gələcəyimiz pis olacaq. Əvvəlcə kitabı sevdirməliyik. Getdikcə də romanlar əsasında çəkilən filmlərimizin sayı artacaq. Zəhmət çox mühümdür. Mənim çox gərgin yazı qrafikim var. Yazıçı dostumuz Şərif Ağayar deyir ki, Çingiz Abdullayevin dayanmadan 25-26 saat işlədiyinə inanmıram. Ola bilər ki, o özü bir kitabı yazıb bitirə bilmir, ona görə də belə deyir.
- Belə bir şayiə gəzir ki, sizin kitablarınızı dörd nəfər yazır…
- Cəfəngiyyatdır. Kaş ki, həqiqətən də belə olaydı. Yazı prosesində mənə kömək edən sekta olaydı, mən də bu qədər əziyyət çəkib, yuxusuz qalmazdım. Təəssüflər olsun ki, mənim yerimə heç kim kitab yazmır.
- Əsərlərinizi rus dilində yazırsınız. Ancaq tərcümə prosesində dil öz orijinallığını qoruya bilmir. Belə olan halda oxucu müəllifin yazı dilini qavraya bilmir. Azərbaycan dilində əsər yazmamağınıza səbəb nədir?
- Ona görə ki, mən rus dilində təhsil almışam. Taleyim belə gətirib ki, hərbi təşkilatlarda, partiya işlərində işləmişəm, orda da danışıqlar rus dilində olub. Ancaq ssenarilərimi Azərbaycan dilində yazmışam. “Tərsinə çevrilən dünya” və “Məhkumlar” adlı ssenarilərim var, hal-hazırda da bir ssenari üzərində işləyirəm. Əsərlərimi isə rus dilində yazmaq mənə daha rahat gəlir. Soruşanda ki, siz azərbaycanlısınız, bəs niyə rusca yazırsınız, deyirəm ki, Nizami Gəncəvi də azərbaycanli idi, ancaq farsca yazırdı. Mən Yazıçılar İttifaqının katibi seçiləndə də danışa bilmirdim, azərbaycanca pis danışdığıma görə utanırdım. İndi isə çalışıram ki, hər yerdə Azərbaycan dilində danışım. Çıxışlarım zamanı mənə deyirlər ki, rahat olsun deyə rusca danış, ancaq mən azərbaycanca danışmağa üstünlük verirəm. Çünki bu, mənim doğma ana dilimdir.
- Dronqonun həyatı ilə Çingiz Abdullayevin həyatı arasında oxşarlıqlar varmı?
- Mən deyərdim ki, yazdıqlarımın 99 faizi mənim ətrafımda və həyatımda cərəyan edən hadisələrdir. Cinayətlər, axtarışlar, rəsmi görüşlər, istintaqlar, demək olar ki, böyük əksəriyyəti mənim şəxsimlə bağlı olan faktlardır.
- Bu yaxınlarda sizin İngiltərədə futbolla bağlı bir kitabınız çıxıb...
- Mən deyiləm... O kitabın müəllifi mən deyiləm. Düzdür, onu yazan şəxs də Çingiz Abdullayevdir, ancaq o, başqa Çingiz Abdullayevdir. Səhvən mənim şəklimi də vurublar.
- Sizin “Centlemen sövdələşməsi” əsərinizdə futbolla bağlı süjetlər var. Əgər sizin də, oradakı kimi, bir futbol klubunu satın almaq imkanınız olsaydı, hansı klubu seçərdiniz?
- “Bavariya”. Bunu klubun son illər qazandığı uğurlara görə demirəm, mən, ümumiyyətlə, 40 ildir ki, bu kluba azarkeşlik edirəm. Mənim ən çox sevdiyim klubdur “Bavariya”. Futbolu da həmişə izləmişəm, marağım olub bu idman növünə.
- Kitablarınız neçəyə satılır?
- Ölkələrə görə qiymət dəyişir. Məsələn, İsveçrədə 32 avroya, Fransada 21 avroya. Həmin nüsxələri sizə göstərə də bilərəm.
- Ancaq bəzi kitab dükanlarında sizin kitablarınız çox ucuz qiymətə satılır. Hətta bəzi kitablarınızın qiyməti bir manat idi.
- Biz artıq bunu nəzarətə götürmüşük. Pirat kitablar bir ara çox yayılmışdı. Biz bu sahədə ciddi tədbirlər gördük. Mənim özümə də zənglər gəlirdi ki, Çingiz müəllim, əsərlərinizin tərcüməsi bərbaddır. Mən onlara izah edirdim ki, bunlar pirat kitablardır, hamısı proqram vasitəsilə tərcümə olunub. Bu tip şeylər mənə çox toxunurdu. Bu cür səviyyəsiz tərcümələr əsəri təhqir etməkdir. Lakin biz müəllif hüquqlarının köməkliyi ilə pirat kitabları aradan qaldırmışıq. “Qanun” nəşriyyatının nəşr etdiyi kitablarda isə bu hallara rast gəlmək mümkünsüzdür. Çünki mən özüm şəxsən kitabın tərcüməsinə nəzarət edirəm.
- Kitablardan söz düşmüşkən, sizin dünya ədəbiyyatında ən çox sevdiyiniz yazarlar kimlərdir?
- Çoxdur. Mən həmişə demişəm ki, yazıçı deyiləm, oxucuyam. Mən ingilis fantastlarını çox sevirdim, 50-60-cı illərdə bu daha geniş yayılmışdı. Artur Klark, Robert Şekli, Ayzek Azimov, Heminquey, Remark, rus yazıçılarından Dostoyevskini oxumağı sevirəm. Şekspiri həmişə çox sevmişəm, hesab edirəm ki, o, ən dahi insandır. Azərbaycan yazarlarından isə Məmməd Səid Ordubadini ta uşaqlıqdan sevərək oxumuşam. Mən həmişə deyirəm, təkcə məni oxumayın, ümumiyyətlə, kitab oxuyun.1937.az