BolgeXeber.Com » Müsahibə-Reportaj » “Uşaqlarımı əvvəl boğub, sonra evi yandırıblar”

“Uşaqlarımı əvvəl boğub, sonra evi yandırıblar”

15-11-2011, 10:40
Oxunub: 6 204 Vasif Turan: «Yanğın zamanı 11 yaşlı uşağın qapını aça bilməməsi, heç olmasa, pəncərədən çölə çıxmaması mümkün deyildi...»

Qobu qəsəbəsində evində baş vermiş yanğın nəticəsində iki övladını itirən “bolgexeber.com” portalının baş redaktoru Vasif Turanın (Soltanlı) başına gələn bu faciə azmış kimi, üstəlik, dövlət orqanları da “yaranın üstünə duz tökürlər”. Söhbət baş vermiş olayla bağlı istintaq orqanlarının apardığı araşdırmalardan gedir. Vasif Turan araşdırmaların obyektiv aparılmaması, günahkarların bilərəkdən məsuliyyətdən kənarda saxlanılmasından şikayətçidir.
Baş redaktorun sözlərinə görə, o, bu ilin iyununda Qobuya köçüb. Hadisədən təxminən 10-15 gün əvvəl Qobu kərpic zavodunun direktoru Rəsul adlı şəxslə torpaqla bağlı mübahisələri düşüb.

Öz evinin yerləşdiyi torpağı Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanovdan aldığını deyən Vasif Turan onu da qeyd etdi ki, əlində bunu sübut edən sənədlər var: “Evə çəkilən elektrik xətti qanunidir, işıq kodlaşdırılıb. Yəni, torpaqla bağlı heç bir mübahisə yoxdur. O ki qaldı Rəsul adlı şəxsə, onu tanımıram. O, bizim evdən 100-150 metr aralıda yaşayan qayınanamın torpağının ona məxsus olduğunu iddia edib. Birinci dəfə qayınanamın həyətinə üç nəfər şəxslə ağ “Jeep”də gələrək, ona evdən çıxmağı əmr edib. Iki gün sonra mənim evimə gələrək, böyük oğlum Rüfəti hədələyib, qayınanamdan evi tez bir zamanda boşaltmağı tələb edib. Həmin ərəfələrdə Rəsul mənə də zəng elədi, “bilirsən mən kiməm? Mən ”Sədərək Yusif”in adamıyam” deyərək hədələdi. Mən sənədlərin qanuni olduğunu bildirdim. Ondan xahiş etdim ki, bələdiyyənin sədrilə problemi həll eləsin”.

Vasif Turan deyir ki, qayınanası tək yaşadığından Rəsul mübahisəni onunla həll eləmək istəyirdi: “Rəsulla danışanda bildirdim ki, bizim torpaqlar qanunidir, sənədlərimiz var. Bu yaxınlarda sənədləri bələdiyyə sədri istintaqa təqdim edib. Ənvər Əmiraslanov bildirdi ki, Rəsulun əvvəlki bələdiyyə sədri Mübariz adlı şəxslə müəyyən anlaşması olub. Ancaq heç bir sənədi yoxdur”.
Vasif Turanla söhbət zamanı onu da öyrəndik ki, yanğından təxminən 3 ay əvvəl evdə təmir işləri aparan ustaları üç nəfər qəsəbə sakini döyərək, evi yandırmaqla hədələyiblər. Ustalardan biri elə baş redaktorun qaynı Elbrus olub. Yeri gəlmişkən, bu barədə də istintaqa ifadə verilib.

Həmin vaxt isə məsələ ilə əlaqədar Abşeron Rayon Polis Idarəsinin növbətçi hissəsilə əlaqə saxlayıblar, qəsəbənin sahə müvəkkili Rauf adlı şəxsə məlumat veriblər. Lakin o, kənarda olduğunu bildirərək, gələnə qədər heç yerə şikayət etməməyi məsləhət görüb. Sonradan Vasif Turanı bələdiyyə sədrinin kürəkəni Elnur adlı şəxs bələdiyyəyə dəvət edib. Kəndin ağsaqqalı da ora gələrək, hadisəni törədənləri tənbeh edəcəyinə söz verib.

Vasif Turan deyir ki, başına gələn faciədə şübhələndiyi şəxslərin adlarını istintaqa təqdim edib: “Istintaqın gedişatından ona görə narazıyam ki, izahatımda göstərdiyim hal şahidlərinin əksəriyyəti indiyə qədər dindirilməyib. Tibbi ekspertizanın verdiyi rəylə tanış ola bilmirəm. Ekspertizaya müraciət etmişəm, ancaq ”sənə rəy verilə bilməz” cavabını almışam. Müstəntiqdən ekspertizanın rəyinin istintaqa daxil olub-olmadığını soruşduqda məlum oldu ki, heç bir sənəd təqdim edilməyib. Ancaq bu sənədlə tanış olmağa ixtiyarım var. Çünki istintaqda övladlarımın hüquqi varisi sayılıram.

Müstəntiq Qəhrəman Məmmədovun mənə dediyinə görə, Rəsul istintaqa çağırılıb və izahatı alınıb. Rəsul mənim və qayınanamın dediklərini inkar edib. Hətta ağ “Jeep”in də ona məxsus olmadığını söyləyib”.

Baş redaktorun sözlərinə görə, istintaq hələlik qayınanasını da dindirməyib: “Sonuncu görüşümüzdə də müstəntiqi evə dəvət edib yoldaşımı və qayınanamı dindirməsini istəmişəm. Müstəntiqə dedim ki, övladlarımın 40 mərasiminə hazırlaşıram, ona görə bir müddət Bakıda olmayacağam. Ancaq heç bir dindirmə yoxdur”.
Vasif Turan yas mərasimini yola verəndən sonra özü də araşdırma aparmaq niyyətindədir. “Jurnalistik, bu və ya digər dərəcədə yazılarımızla bağlı zənglər olur. Sayta baxıb, arxivi yoxlayacağam”, - deyə baş redaktor baş verənlərin özünün jurnalist fəaliyyətilə bağlılığı versiyasını da istisna etmir.

Zərərçəkmiş faciə ərəfəsində baş vermiş bir hadisəni də danışdı: “Hadisədən bir həftə əvvəl içində iki nəfər olan ağ ”Jeep” markalı avtomobil evimizi müşahidə edib. Hətta bir dəfə oğlum Rüfət onlara deyib ki, “burada niyə dayanmısız? Atam gəlsin ona xəbər verəcəm”. Bunu mənə yoldaşım dedi. Hadisədən bir gün əvvəl yenə həmin iki nəfər evin ətrafında dolaşaraq çıxıb gediblər”.

Vasif Turan mətbuata açıqlamasında yanğın zamanı evin qapısının qəsdən bağlandığını, partlayış baş verdiyini söyləmişdi. Bu məqama gəlincə, zərərçəkmiş yenə fikrində qalır ki, evi qəsdən yandırılıb və uşaqların çıxmasına imkan verməmək üçün qapı bağlanılıb: “Qapını açmaq istəyəndə arxadan bağlı olduğunu gördüm. Halbuki, qapı indiyə qədər bağlı olmayıb. Işin belə olduğunu görüb pəncərədən içəri girmək istədim. Bu zaman partlayış baş verdi. Həmin vaxt başımdan, ayağımdan xəsarət aldım. Məni orada qəsəbə sakini yanğından xilas eləyə bildi. Bu zaman evin mansarı uçdu. Məni yanğından qoruyan şəxsin də ayağı sındı. O da istintaqa ifadə verib və partlayışın olduğunu təsdiqləyib. Indi iki sual meydana çıxır. Evimizin qapısı necə bağlı ola bilər? Ikincisi də övladlarım azyaşlı olsa da, yanğın baş verən zaman qapını açıb evdən çıxardılar. Mənə elə gəlir ki, uşaqlarımı əvvəlcə boğub, sonra evi yandırıblar. Uşaqlarımın hansı formada həlak olması barədə tibbi ekspertizanın rəyi ilə tanış ola bilməməyim şübhələri bir az da artırır. 11 yaşlı uşağın qapını aça bilməməsi heç cür inandırıcı görünmür. Qapı açılmasaydı belə, 60-70 santimetr hündürlükdəki pəncərədən çölə çıxmaq mümkün idi. Bütün bunlar deməyə əsas verir ki, uşaqlarımı boğublar”.

Vasif Turan yanğının qısaqapanmanın nəticəsi kimi qələmə verilməsinin də əleyhinədir. Fikrini də belə əsaslandırır ki, yanğına qədər evdə partlayış baş verib: “Bunun şahidləri var. Ikinci partlayışı öz gözlərimlə görmüşəm. Evimdə qaz balonu var idi. Yanğın zamanı ona heç nə olmayıb. Çünki o biri otaqda idi. Məntiqlə, yanğın baş versəydi, qaz bolunu partlayardı. Çünki qaz balonu otaqdakı işıq xətlərinin altına qoyulmuşdu”.

Yas mərasimi başa çatandan sonra Vasif Turan tibbi ekspertizanı məhkəməyə vermək niyyətindədir. Həmçinin yaxın günlərdə mətbuat konfransı keçirib, qaranlıq məqamlara aydınlıq gətirəcək: “Yenidən ekspertiza keçirilməsi tələbilə çıxış edəcəm. Istintaq işi düzgün aparmasa, eksqumasiya da tələb edəcəm. Mətbuat vasitəsilə bir daha Ilham Əliyevdən xahiş edəcəm ki, olayın düzgün araşdırılması, günahkarların cəzalandırılması üçün aidiyyəti qurumlara göstəriş versin”.


Azadlıq.info/Ramin DEKO/