BolgeXeber.Com » Müsahibə-Reportaj » Təhsil Nazirliyi ilə TQDK-nın davası qızışır

Təhsil Nazirliyi ilə TQDK-nın davası qızışır

9-12-2011, 15:45
Oxunub: 5 536 Təhsil nazirinin müavini “Təhsil Nazirliyini gözdən salma kampaniyası aparmaq lazım deyil”

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası alternativ dərslik hazırlaya bilər, amma dərslik çap edəndə digərlərinin səhvlərini jurnalistlərə deyib ictimailəşdirmək yox, Təhsil Nazirliyinə bildirmək daha yaxşı olar. Bu cür məsələlər ekspertlərlə müzakirə edilməlidir”. Bunu Bolgexeber.com-a açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin orta məktəb dərsliklərindəki səhvlərlə bağlı iradlarına münasibət bildirərkən deyib.

Q. Novruzov bildirib ki, Təhsil Nazirliyi (TN) dərsliklərlə bağlı nəinki TQDK-nın, ictimaiyyətin, ziyalıların, müəllimlərin də bu sahədə irad, təklif və rəyini müzakirə etməyə hazırdır: “Azərbaycanda dərslik siyasətini yalnız Təhsil Nazirliyi aparır. Əgər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının da hansısa təklifi və ya iradı varsa, bunları dinləməyə, müzakirə etməyə hazırıq. Nazirlikdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, dərslik müəllifləri və ekspertlərdən ibarət Dərsliklərin Qiymətləndirilməsi üzrə Şura var. Biz çox şad olardıq ki, ora peşəkar iradlar daxil olsun, müzakirə və qəbul edilsin. Biz həmişə bu cür təkliflərlə çıxış edirik”.

Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Bolgexeber.com-a bildirib ki, Təhsil Nazirliyi Azərbaycanda çap edilən dərsliklərin bütün problemləri ilə bağlı məsuliyyət daşıyır: “Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən qurumdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə tələbə qəbulu ilə məşğul olan təşkilatdır. Hər qurumun öz missiyası var və onu yerinə yetirməlidir”. F. Şahbazlı deyib ki, dərsliklərdəki səhvlər iki dövlət qurumu arasında qarşılıqlı əməkdaşlıq, müraciət və müzakirələr yolu ilə həll edə bilər: “Biz belə əməkdaşlıq həyata keçiririk. Komissiya ötən il nazirliyinin çap etdirdiyi dərsliklərlə bağlı rəylərini bizə təqdim edib. Biz həmin rəyləri müəlliflərlə müzakirə etdik və məlum oldu ki, qeydlərin 60 faizi düzgün deyil. Amma bu il heç bir fikir və rəy bildirməyiblər. İndi bu cür ümumi şəkildə danışmağın nəyə xidmət etdiyini bilmirəm. Təhsil Nazirliyini gözdən salma kampaniyası aparmaq lazım deyil. Texniki qüsurlar test imtahanına dəxli olmayan şeylərdir. Bunları cəmiyyətə faciə kimi təqdim etmək, ajiotaj yaratmaq düzgün deyil”.

“XXI əsr - Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev Bolgexeber.com-a bildirib ki, TQDK ilə Təhsil Nazirliyi dərsliklərin çapı və məzmunu ilə bağlı ortaq məxrəcə gəlməlidir: “Şagirdlər Təhsil Nazirliyinin hazırladığı dərsliklər əsasında proqramı mənimsəməli və qəbul imtahanlarında nəticə göstərməlidirlər. Dərsliklərin məzmunu TQDK-nın hazırladığı test tapşırıqlarını əhatə etməlidir. Ona gərə də dərsliklərin məzmunu və illüstrasiyaları ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Amma TQDK sədrinin son açıqlaması göstərdi ki, bu iki qurum dərsliklər və onlardakı səhvlərlə bağlı ortaq məxrəcə gələ bilmir. Ona görə də bu cür səhvlər ilbəil təkrar olunur, zərbə isə şagirdlərə dəyir”. E. Əliyevin sözlərinə görə, dərsliklərdəki mövcud nöqsanların aradan qaldırılması üçün iki qurum birgə işçi qrup yaratmalıdır: “Ya da qeyri-hökumət təşkilatlarına dərsliklərlə bağlı monitorinqlər aparmağa icazə verilsin. Dərsliklər ideal olmalıdır. Orada vergül səhvi belə ola bilməz. Monitorinqlər zamanı bütün səhvləri üzə çıxarmaq mümkündür”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə isə Bolgexeber.com-a bildirib ki, TQDK sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərindəki səhvlərlə bağlı artıq öz münasibətini bildirib, Dövlət Komissiyası əlavə açıqlamaya hələlik ehtiyac görmür.