BolgeXeber.Com » Müsahibə-Reportaj » "İnanclıları narazı salan, ölkədə gərginlik yaradan məmurların işi araşdırılmalıdır" - İlqar İbrahimoğlu

"İnanclıları narazı salan, ölkədə gərginlik yaradan məmurların işi araşdırılmalıdır" - İlqar İbrahimoğlu

16-01-2012, 11:00
Oxunub: 4 735 "Təəssüflər olsun, 2011-ci il Azərbaycanda inaclı insanlara qarşı represiya ili kimi tarixdə qalacaq

Bunu başda Hacı Mövsüm Səmədov olmaqla həm Azərbaycan İslam Partiyasına (AİP), həm Hacı Taleh Bağırov başda olmaqla hicab aksiyalarında həbs olunan insanlara, həm də sonuncu həbslər vaxtı tutulan ruhani Hacı Abgül Süleymanov və jurnalist Hacı Ramin Bayramovla bağlı demək olar". Bu sözləri SalamNews-a Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu bildirib.

O deyib: “2009-cu ildə ölkədə çox ciddi islamofobiya proseslərinin rəsmi səviyyədə başlaması və ardınca bunun acı nəticələri - məscidlərlə bağlı yaşanan problemlər, qanunvericilikdə ciddi sərtləşmələr və ən nəhayət, 2010-cu ilin sonlarından başlayaraq, başörtüsü ilə bağlı olan problemlər bu insanları ümumi məsələ ətrafında birləşdirdi. Baş verən proseslərə ölkə inanclıları bu və ya digər formada etirazlar etdilər. Bunun nəticəsi - AİP sədri və onunla tutulan məsləkdaşlarıdır”.
Hacı İlqar bildirib ki, yaşanan problemlər və ardınca gələn həbslər Azərbaycan cəmiyyətində gərginliyi artıran məsələdir. Hamı bilir ki, onlara ünvanlanan maddələr gerçək deyil, onların bu insanlara aidiyyəti yoxdur. Müqayisədə demək olar ki, kifayət qədər sərt cəzalardır. Bütün bunlar xoşagəlməz haldır.
İlahiyatçı vurğulayıb ki, ümumilikdə ötən il Azərbaycanda təkcə inanclılar deyil, həm də çox sayda vicdan, siyasi həbslər faktları qeydə alınıb: “Hesab edirəm, bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığını əldə etmək zərurəti var və bu 2012-ci ildə Azərbaycanda bütün insan haqları müdafiəçiləri üçün, ümumən bütün ölkənin vətəndaş cəmiyyətinin fəalları üçün ən önəmli məsələrdən biridir. Bu mənada həbs olunan inanclı insanların azadlığına nail olmaq ən önəmli məsələlərdən biridir”.
İ.İbrahimoğlu dövlət-din münasibətlərinə də toxunub: "Hər şey haradan başlayıbsa, oradan da həllini tapmalıdır. Yəni neçə ildir ölkədə məmurlar arasında dini gərginlik yaradanların işi araşdırılmalıdır. Əslində, ölkədə süni olaraq inanclı insanları narazı salmaq istəyən məmurlar var. Onların səriştəsiz, qeyri-peşəkar və islamofobik yanaşmasının nəticəsində dövlət üçün, ölkədəki vəziyyət üçün kifayət qədər mənfi hal yaranıb”.
Onun sözlərinə görə, indi birmənalı olaraq, həbsdə olan insanların azadlığından söhbət getməlidir və inancla bağlı yaranmış məhdudiyyətlər götürülməlidir: “Bu məsələlərin həlli Azərbaycanda inanclı insanların, vicdan azadlığının təminatının yoludur”./ SalamNews/