BolgeXeber.Com » Müsahibə-Reportaj » "Ölkədəki bütün həbsxanalar sökülməlidir"

"Ölkədəki bütün həbsxanalar sökülməlidir"

18-01-2012, 11:45
Oxunub: 5 000 Eynulla Fətullayev: "Azərbaycan həbsxanalarının bir kamerada 4 nəfərdən çox məhbus saxlanılır"

Son vaxtlar ölkə həbsxanalarında vərəm epidemiyasına yoluxma hallarının çoxaldığı bildirilir. Dünən xalq artisti Arif Quliyevin oğlu həbsxanada yoluxduğu vərəm xəstəliyindən dünyasını dəyişib. Ümumiyyətlə həbsxanalarda aparılan monitorinqlər zamanı vərəm epidemiyasına yoluxma halları ilə bağlı nə kimi faktlar əldə edilib?

Mövzu ilə bağlı Bolgexeber.com-a açıqlama verən "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev həbsxanalarda apardığı monitorinqlər zamanı müxtəlif faktlar əldə etdiyini qeyd etdi. Azərbaycan da vərəm epidemiyasının mənbəyinin həbsxana olduğunu qeyd edən Eynulla bəy, 1990-cı illərin ortalığından etibarən ölkə həbsxanalarında vərəm epidemiyası ilə bağlı ciddi problemlərin yaşandığını bildirdi: “Həmin dövrdə vərəm epidemiyası ölkə həbsxanalarda ciddi vüsət almışıdı. Hətta vərəm xəstəliyinə yoluxan insanlar həbsxanalardan təcrid olunmurdular. Bundan sonra beynəlxalq təşkilatların köməkliyi ilə 3 saylı cəzaçəkmə müəssisəsində vərəm xəstəliyinə yoluxmuş məhbuslar üçün cəzaçəkmə təcridaxanası yaradıldı. Bu cəzaçəkmə müəssisəsi çox yeni və müasir avadanlıqlarla təchiz olunub. Məndə olan məlumata görə bu xəstəxanada olan tibbi təchizat yüksək standartlara cavab verir.”

4 il həbsdə olan müddətdə vərəm epidemiyasına yoluxmuş hər hansı bir məhbusun həbsxanada saxlanıldığının şahidi olmadığını qeyd edən E.Fətullayev, “apardığım monitorinqlər zamanı məlum olub ki, vərəm epidemiyasına yoluxan xəstələrin hamısı müalicə üçün 3 saylı cəzaçəkməsinə göndərilir”, - deyə bildirdi: “Bu yaxınlarda 5 saylı cəzaçəkmə müəssisəsində kütləvi vərəm epidemiyasının yayılması ilə bağlı məlumat əldə etmişdim. Bundan sonra həmin həbsxanada apardığım monitorinq zamanı belə bir nəticə əldə etdim ki, məhbusların 200 nəfərində vərəm epidemiyasına meyllilik aşkar edilib. Həmin məhbusların hamısı dərhal 3 saylı təcridxanaya göndərilib.”

Eynulla bəy məhbusların keçirdikləri həyat tərzinin də vərəm epidemiyasına yol açdığını qeyd edərək, bunun üçün məhbusların gündəlik olaraq təmizliklərinə və sağlamlıqlarına riayət etmələrinin zəruri olduğunu bildirdi: “Bu məsələ ilə bağlı həbsxana administrasiyasının da üzərinə məsuliyyət düşür. Hesab edirəm ki, hazırda Azərbaycan həbsxanalarında vərəm epidemiyasına yoluxma hallarının qarşısı alınıb və əvvəlki illərdə olduğu kimi aktual deyil.”

Həbsxanalarda nəyə də fikir verməsələr, vərəm epidemiyası ilə bağlı ciddi nəzarətin aparıldığını qeyd edən Eynulla bəy, “bu problemin yeganə həll yolu var. O da bundan ibarətdir ki, Kürdəxanı istintaq təcridxanası istisna olmaqla ölkədəki bütün həbsxanalar sökülərək yerində yeniləri inşa edilməlidir”, - deyə bildirdi: “Hazırkı həbsxanalar sovet dönəmindən qalan və keçən əsrin ortalarında tikiliblər. Digər tərəfdən müasir standartlardan fərqli olaraq, Azərbaycan həbsxanalarının bir kamerada 4 nəfərdən çox məhbus saxlanılır. Həbsxanalarda olan cəzaçəkmə baraklarında 130 nəfərdən çox adam saxlanılır. Ölkə həbsxanalarının istifadə müddəti çoxdan sona çatıbdır.”