BolgeXeber.Com » Müsahibə-Reportaj » “And olsun Allaha ki, deputatımızın kim olduğunu bilmirəm”

“And olsun Allaha ki, deputatımızın kim olduğunu bilmirəm”

20-01-2012, 22:15
Oxunub: 5 177 Xalid Kazımlı: “Aqil Abbas, İqbal Ağazadə, Fazil Mustafa, Zahid Oruc, Qənirə Paşayeva, Aydın Mirzəzadə ilə münasibətlərim var”

“Seçki öncəsi tapılıb, cəlbedici vədlər verirlər. Kimisi iş yeri açacağından, kimisi sosial problemləri həll edəcəyindən, kimisi də yol çəkəcəyindən bəhs edir. Amma seçkilər bitər-bitməz yoxa çıxırlar. Onları görmək istəyirsənsə, gərək, növbəti seçkiləri gözləyəsən. Əmin ola bilərsən ki, növbəti seçkidə yenidən tapılıb, ənənəvi vədlərini davam etdirəcəklər”.

Yəqin ki, hər kəs üçün tanış sözlərdir. İndiyə qədər dəfələrlə seçicilərdən bu cür şikayətlər, narazılıqlar eşitmişik. Bəzi hallarda deyilənlər həqiqəti əks etdirsə də, bunun əksi də olur. Təəssüf ki, əksər seçicilər hələ də anlaya bilmirlər ki, deputatın işi yol çəkmək deyil. Deputat qanunvericilik aktlarının qəbulunda, seçicilərin problemlərinin müvafiq qurumlar qarşısında qaldırılmasında söz sahibidir.

Lakin bununla yanaşı elə deputatlar da var ki, öz səlahiyyəti çərçivəsində olmadığı halda bu cür yalançı vədlər verir, seçicilərin ona olan etimadını zədələyirlər. Qaynar.info-nun başladığı növbəti rubrikanın mövzusu da elə bununla bağlı olacaq. İctimai rəyə təsiri olan, eyni zamanda həm də seçici olan jurnalistlər parlamentdə onları təmsil edən deputatların fəaliyyəti, millət vəkilləri ilə münasibətləri haqda danışacaqlar.

“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı bildirdi ki, deputatlarının kim olduğunu bilmir: “Tam səmimiyyətimlə deyirəm. And olsun Allaha, işığa, oda ki, deputatımızın kim olduğunu bilmirəm. Əminəm ki, qonşularımız da onu tanımır. İstəsəniz araşdıra bilərsiniz. Araşdırın görün Qaradağ rayonunu parlamentdə təmsil edən deputatın adı nədir? Hər halda o seçicilərlə qətiyyən maraqlanmadığına görə, biz də onun kimliyi ilə ilgilənmirik. Qeydiyyatda olduğum rayon isə Fizuli rayonudur. Bu rayondan isə deputat Bahar Muradovanın mandat daşımasının özündən və qohum-əqrəbasından başqa heç kimə aiddiyyatı yoxdur. Hər seçkidə gəlib, icra hakimiyyətində görüş keçirib, mandatını alıb, çıxış gedir”.

Deputatlardan bir neçəsi ilə münasibətləri olduğunu deyən həmsöhbətimiz bu sırada iqtidar deputatlarının da yer aldığını söylədi: “Parlamentdə bir neçə deputat var ki, onlarla münasibətim var. Bu sırada siyasi mövqeyindən asılı olmayaraq, müxtəlif şəxslər yer alır. Fazil Mustafa ilə müxalifətçi olduğu dövrlərdən normal münasibətim var. İqbal Ağazadə ilə də münasibətlərim yüksəkdir. Aqil Abbasla da dostuq. Tez-tez telefonla danışırıq. Qənirə Paşayeva və Aydın Mirzəzadə ilə salam-sağolumuz var. Zahid Orucla da baxmayaraq ki, ayrı düşərgədəyik, normal ilişkilər yarada bilmişik. Bir dəfə Bərdədə yaşayan YAP-çı dostumun işini düzəltməyi ondan xahiş etdim, sağolsun məsələni həll etdi. O zamandan bəri aramızda bir səmimiyyət yarandı. İndi də bir-birimizə hörmətlə yanaşırıq. Amma bundan öncəki Milli Məclisdə deputat dostlarımın sayı daha çox idi. İndi isə bu məsələdə geriləmə var”./qaynar.info/