BolgeXeber.Com » Müsahibə-Reportaj » Bakıda işə düzəltmək adı ilə insanları aldadırlar

Bakıda işə düzəltmək adı ilə insanları aldadırlar

24-01-2012, 11:10
Oxunub: 6 434 Xəyalə Mustafayeva: “Çalışdığımız şirkət bağlanıb, rəhbərlik pulu götürüb qaçıb”

Yəqin ki, çoxlarınız metrostansiyaların qarşısında, avtobus dayanacaqlarında “işçi tələb olunur” sözləri yazılan kağız paylayanları görmüsünüz. Lakin bu kağızlarda iş haqqında dəqiq məlumat əvəzinə “yüksək gəlirli iş”, “ali təhsil vacib deyil” kimi sözlər yazılır. Amma o da sirr deyil ki, bu gün çoxları işi bəlli olmayan saxta iş yerləri və işə düzəltmə mərkəzləri tərəfindən aldadılır.
Xəyalə Mustafayevanın sözlərinə görə, oktyabrın 1-dən noyabrın 19-na qədər “İnternational Universal Marketinq Company” adlı MMC-də marketing meneceri vəzifəsində işləyib. Həmsöhbətim iddia edir ki, orada işləmək üçün özünü addelkadr kimi təqdim edən Hüseynov Əlizamin Yavər oğluna 2000 manat pul verib: “Bizi işə götürəndə, əvvəlcə pul məsələsini demədilər. Sonra isə pul verməyəcəyimiz halda, işə qəbul olunmayacağımızı bildirdilər, bir də ki, o pul şirkətin fonduna sizin adınızdan ödənilir dedilər” deyən Mustafayevanın sözlərinə görə, MMC-də çalışan təxminən 20 nəfərdən 1000-3000 manata qədər pul alıblar.

Dediyinə görə, şirkətə onları işə götürdükdə əmək müqaviləsində 150 manat qeyd olunsa da, 400 manat alacaqlarını vəd ediblər. “Sonradan maaşımızın 600-700 manat olacağını söylədilər. İşlədiyim müddətdə isə mənə 100$ avans və ayın sonunda 39 manat aylıq əmək haqqı verilib”.
X.Mustafayeva deyir ki, bir müddət sonra şirkət rəhbərliyi ofisin icarə haqqının baha olduğunu bildirərək, başqa yerə köçəcəklərini bildirib: “Bizdən bir müddət gözləməyimizi istədilər. Guya ofisin yeni ünvanını da bizə rəhbərlik deməliydi. Amma bir müddət sonra eşitdik ki, şirkətin rəhbəri Vüqar Məmmədov pulları da götürüb qaçıb. Şirkət də batıb”. Vüqar Məmmədovun bacısı oğlu Osmanov Sadiq də yoxa çıxdı. Sonra özünü şirkət sahibi kimi qələmə verən digər Əliyev Kamil də var idi. Bu hadisələrdən sonra Əliyev Kamildən başqa sözügedən şəxslərin heç birinin telefonlarına zəng çatmadı. Sonradan məlum oldu ki, Əliyev Kamilə 18000 AZN ziyan dəyib. O da Vüqar Məmmədovu axtarır. Şirkətin möhürü Vüqar Arzu oğlu Məmmədova məxsus idi.

Həmsöhbətimin dediyinə görə, bu hadisədən sonra digər aldadılan işçilər və Əliyev Kamil ilə birlikdə 37-ci polis bölməsinə şikayət ediblər. “Bölmədə hamımızdan yazılı izahat aldılar. İndi iş Bakı Şəhər Prokurorluğuna göndərilib. İş üzrə istintaq gedir”. Hal- hazırda isə Xətai Rayon Polis idarəsinin müstəntiqi Vüsal Şahbazovun icraatındadır.

X.Mustafayeva əlavə edib ki, Polislərin axtarışları hələ də bir nəticə verməyib. Hüseynov Əlizamin hələ də rahat şəkildə azdlıqda gəzir. Məmmədov Vüqar Arzu oğlu haqqında isə hələlik bir məlumat yoxdur. Onu da qeyd edim ki, Vüqar Məmmədov qaçan zaman onun körpəsi dünyaya gəlmişdi. Hətta onun bacısı oğlu Osmanov Sadiq tez-tez onun evdə ac qalan körpəsinə yemək alıb apardığını deyirdi.

“Mən, məni aldadanların polis tərəfindən tapılaraq cəzalandırılmasını, mənə dəyən mənəvi və maddi ziyanın ödənilməsini istəyirəm. Mənim əmək kitabçam və başqa sənədlərim də şirkət rəhbərliyindədir. Sənədlərimi qaytarsınlar ki, başqa yerdə işləyə bilim”, – deyə X.Mustafayeva bildirib.