BolgeXeber.Com » Müsahibə-Reportaj » DİN itkin düşən qızlarla bağlı məlumat yayıb

DİN itkin düşən qızlarla bağlı məlumat yayıb

16-02-2012, 12:50
Oxunub: 4 754 Məktəbli qızları Bakıya çağıran oğlanların adları açıqlanıb

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda itkin düşən məktəbli qızlarla bağlı məlumat yayıb. Bolgexeber.com-un DİN-nin saytına istinadən verdiyi məlumatda bildirilir ki, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi, Qaradağ rayon Polis İdarəsi və Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də itkin düşmüş Kürdəmir rayon sakinləri T.Ş., R. N. və onun bacısı M. tapılıblar. Onların evlərinə qayıtdıqları açıqlanıb.

APA-nın yerli bürosu bildirir ki, iki gün öncə Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədilə müəllim yanına getmək adı ilə evdən çıxan və itkin düşən Kürdəmir rayonunun Carlı kənd sakinləri – 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə tanış olduqları oğlanlarla birgə dünən axşam saatlarında Bakı şəhərindəki dənizkənarı parkda tapılıb. Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Sadiq Əfəndiyev APA-ya bildirib ki, qızların valideynlərinin şöbəyə müraciəti əsasında dərhal əməliyyat qrupu yaradılıb, qızların telefon danışıqları izlənilib, valideynləri və yaxın qohumları əməliyyat-axtarış tədbirlərinə cəlb edilib. Bütün digər vasitələrdən də istifadə olunaraq qızları Bakıya dəvət edərək kirayə tutduqları evdə saxlayan 3 oğlan tutularaq Kürdəmirə gətirilib. Müəyyən edilib ki, Salyan rayon sakinləri olan və Bakıda mağazada satıcı işləyən 1991-ci il təvəllüdlü Əliyev Qismət Nizami oğlu, onun qardaşı 1989-cu il təvəllüdlü Əliyev Rahib Nizami oğlu və Neftçala rayon sakini 1992-ci il təvəllüdlü Əliyev Hüseyn Eldar oğlu dünən axşam saatlarında dənizkənarı parkın müxtəlif yerlərində hər biri ayrı-ayrılıqda bir qızla birgə tutulublar.

Bu gün səhər Kürdəmir rayon Polis şöbəsində qızların və oğlanların ilkin izahatı alınıb və hazırda dindirilmə davam etdirilir. Qızlar ilkin ifadələrində bildiriblər ki, telefon vasitəsilə internetə daxil olaraq tanış olduqları oğlanları görmək üçün Bakıya gediblər. Bir-birlərini sadəcə, yaxından tanımaq məqsədilə Bakıya getdiklərini, yol xərclərinin və onlar üçün kirayə tutulan mənzilin pulunun oğlanlar tərəfindən ödənildiyini və iki gecə orada qaldıqlarını bildiriblər. Hazırda Polis Şöbəsinin istintaq bölməsində adı çəkilən oğlanların əvvəllər hansısa cinayət əməlində iştirak edib-etmədikləri araşdırılır.