BolgeXeber.Com » Müsahibə-Reportaj » «Mən ömrüm boyu qisas hissi ilə yaşamaq istəmirəm»-Video

«Mən ömrüm boyu qisas hissi ilə yaşamaq istəmirəm»-Video

16-03-2012, 10:45
Oxunub: 6 077 Vasif Turan: «Müstəntiqin davranışları və bizə dediyi bəzi fikirlərdən belə başa düşürəm ki, o, şübhəlidən qorxur»


Dünən Bolgexeber.com sayıtının baş redaktoru Vasif Turan və onun hüquqlarını müdafiə edən vəkili Rasim Əlizadə mətbuat konfransı keçiriblər. Oktyabrın 7-də Qobu qəsəbəsindəki evinin yanması nəticəsində iki övladını itirən Vasif Turan bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

Cinayət işini nə vaxtdan FHN araşdırır?

Baş redaktor bildirib ki, hadisədən sonra istintaqın FHN-in İstsintaq İdarəsi tərəfindən aparılacağı barədə xəbər tutublar. «Biz yas mərasimindən qayıtdıqdan sonra bildik ki, istintaqı Fövqaladə Hallar Nazirliyinin İstintaq İdarəsi, müstəntiq Qəhraman Məmmədov aparacaq. Bizə 4 ay 3 gün sonra bildirdilər ki, guya, evimdəki yanğın qısaqapanmadan baş verib. Mən bu rəyi gülünc hesab edirəm. Çünki evin qısaqapanmadan yanmasını tapmaq üçün 4 ay lazım deyildi. Bunun üçün maksimum 2 ay da kifayət edirdi. Yəqin ki, həmin qərarı verənləri düşündürəcək başqa məqamlar da olub».


Vasif Turan daha sonra bildirib ki, o, ilk dəfədir ölümlə nəticələnən hadisənin FHN tərəfindən araşdırıldığını eşidir. «Mən ilk dəfədir belə bir şeyi görürəm. Əgər hadisənin qısaqapanma və ya təsadüfən baş verdiyini iddia edirlərsə, o zaman dəlil və sübutlarını ortaya qoyub, bizi inandırsınlar və biz də onların dedikləri ilə razılaşaq. Çünki 13 yaşlı oğlum idmanla məşğul olurdu və hətta çempionatlarda titullarda qazanmışdı. Onun 60 sm-lik pəncərədən çıxa bilməməsi mümkün deyildi. Eyni zamanda, onun kilidi olmayan evdən çıxa bilməməsi də inandırıcı deyil və şübhələr üçün yetərli qədər əsas verir. Bizə hətta uşaqlarımızın cəsədlərini də göstərmədilər».

Ekspertiza İdarəsinin əməkdaşları hadisə yerinə niyə getmək istəmir?


Saytın rəhbəri daha sonr Ekspertiza İdarəsinin əməkdaşları ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, idarənin əməkdaşları cəmi iki dəfə Qobuda yanğın baş verən evdə olublar. Onun sözlərinə görə, birinci dəfə hadisə baş verən gün gəliblər və bir-iki yerə baxaraq çıxıb gediblər. «İkinci dəfə isə bizim israrlı tələblərimizdən sonra hadisə yerinə gəlib, baxış keçirdilər. Halbuki ekspertlər belə hallarda dəfələrlə hadisə yerinə gedərək, orada dərindən araşdırmalıdırlar».

Vasif Turan vurğulayıb ki, yaşadığı evin nə tavanı, nə də döşəməsi olmayıb. Hətta evin qapısı belə plastik olub. «qapı ilə divar arasında 25 sm-lik bir məsafə də vardı. Mən sadəcə, real rəy istəyirəm və ən axından mənim övladlarım geri gəlməsə də, heç olmasa onların qatillərini həbs etdirməklə təsəlli tapaq».

Baş redaktor deyib ki, verilən rəylərlə razı deyillər. «Deyirlər ki, uşaqlar yanaraq kül olublar. Amma birinci dərəcəli yanıq olsa belə, minimum 6 saat müddətində ürək döyüntüləri olmalıdır. Halbuki mənim evimin nə tavanı, nə də döşəməsi olmayıb. Ən maraqlısı isə odur ki, mənim evimdə partlaya biləcək heç bir şey olmayıb. Nə qaz xətti vardı, nə də başqa bir partlayıcı vasitə. Evdə təkcə bir propan qazı dolu ballon olub ki, o da yanğında partlamayıb. Belə olan təqdirdə, evin içində baş verən partlayış səsləri nəylə bağlı olub? İki dəfə baş verən partlayışdan sonra yanğın başlayıb. Mənim şəxsi versiyam budur ki, hadisə kənardan atılan partlayıcı maddələr nəticəsində törədilib. Yəni, o cür «lüt» və içində heç nə olmayan evin qısa müddət ərzində və bu cür sürətlə yanmasını heç bir şəkildə əsaslandırmaq mümkün deyil».

Baş redaktorun ailəsini kimlər hədələyib?


İşin maraqlı məqamlarından biri də hadisədən əvvəl Vasif Turanın ailə üzvlərinin kimlər tərəfindən hədələnməsi ilə bağlıdır. Baş redaktor deyir ki, yanğından 3-5 gün əvvəl Qobu qəsəbəsində yerləşən kərpic zavodunun rəhbəri Rəsul adlı şəxs və adamları onun evinə gələrək, ailə üzvlərini hədələyiblər. O deyib ki, Rəsul və adamlarının tələbi bu olub ki, onlar əşyalarını götürəkək evlərini tərk etməlidirlər. «Deyirmiş ki, evin tikildiyi torpaq ona məxsusdur. Hətta uşaqlarımı, qaynanamı təhdid edərək, evdən çıxmayacağı təqdirdə bunu başqa şəkildə həyata keçirəcəyini deyib».

Vasif Turan qeyd edib ki, evini inşa edən zaman da həmin adamlar işləyən ustalara hücum edərək, onları döyüblər. Hətta bununla bağlı Abşeron polisinə müraciət etsələr də, heç bir araşdırma aparılmayıb. «Rəsul hər yerdə özünü arxalı adam kimi təqdim edir. Hətta hər yerdə açıq şəkildə bəyan edir ki, o, FHN başçısı Kəmaləddin Heydərovun qohumudur və kimsə ona heç nə edə bilməz. Evimizi müşahidə altında saxlayan, uşaqlarımı təhdid edən də o olub. İstintaqda da bunu etiraf edib. Lakin yanğını törətmədiyini iddia edir. Mənim əsas şübhəm ondandır. Çünki ondan başqa bizi təhdid edən olmayıb».

«Müstəntiq şüphəlidən qorxur»


Vasfi Turan deyir ki, hadisədən sonra Rəsulu istintaqa cəlb edərək, onunla üzləşmənin təşkil olunmasını istəyiblər. Lakin FHN-in İstintaq İdarəsinin müstəntiqi Qəhrəman Məmmədov bundan imtina edib. Əsas kimi də bunu deyib ki, Rəsul adlı şəxs Türkiyəyə gedib. «Bizim tələbimizdə israrlı olduğumuzu gördükdən sonra müstəntiq dedi ki, üzləşdirməni keçirə bilər. Amma bu üzləşdirmə, hətta hadisənin onun tərəfindən törədildiyini bildikdən sonra ona heç nə edə bilməyəcəyik. Sözləri eyniylə beləydi: «Tutaq ki, siz onu tapdız və sübut etdiz ki, hadisəni o törədib. Siz ona nə edə bilərsiz axı?» Bu sözlərdən sonra aydınlaşmağa başladı ki, müstəntiq nələrdənsə çəkinir».

Bolgexeber.com-un rəhbəri fikirlərini əsaslandırmaq üçün daha bir neçə arqument gətirib. O deyib ki, istintaqın işindən narazı olmaları üçün kifayət qədər əsasları var. «Dəfələrlə müstəntiq mənə deyirdi ki, «bu işi məndən aldır, yuxarıya ötür». Ekspertiza İdarəsi isə hər dəfə demişəm və bu gün də deyirəm, satılmış bir idarədir. Bizim əlimizdə dəlillər var sübut edək ki, uşaqlarımı əvvəlcə təzyiqə məruz qoyub, əllərini bağladıqdan sonra yanğını törədiblər. Həmçinin hadisələrin gedişatından belə başa düşürəm ki, hadisə FHN-in sifarişi ilə yürüdülür».

«Mən ömrüm boyu qisas hissi ilə yaşamaq istəmirəm»

Vasif Turan deyib ki, məsələni belə gördükdən sonra Baş Prokurorluğa müraciət ediblər. Onun sözlərinə görə, prokurorluqdan onlara dərhal cavab gəlib. «Bizə dedilər ki, dərhal işə baxaraq, aidiyyatı qurumlara işi həvalə edəcəklər».

Baş redaktoru heç kimdən heç nə istəmədiklərini də vurğulayıb. «Mən kimsədən heç nə istəmirəm. Tək istəyim odur ki, uşaqlarımın həqiqi qatilləri tapılsın və cəzalarını versinlər. Bu hadisədən sonra həyat yoldaşım əsəb xəstəliyinə tutulub. Heç olmasa haqq yerinə taparsa, bəlkə bizim üçün təskinlik olar. Mən ömrüm boyu intiqam və qisas hissi ilə yaşamaq istəmirəm. Mən övladlarımın qatillərini istəyirəm. Mənim vəziyyətimdə olan ailələr hansı vəziyyətdə olduğumu daha yaxşı bilər».