BolgeXeber.Com » Müsahibə-Reportaj » Qubaya təyin olunan icra başçısı ilk dəfə “Bolgexeber.com”a danışdı-Eksklyuziv

Qubaya təyin olunan icra başçısı ilk dəfə “Bolgexeber.com”a danışdı-Eksklyuziv

28-03-2012, 01:15
Oxunub: 10 918


Mübariz Ağayev: “Problemlərin aradan qaldırılması üçün var gücümlə çalışacağam.”

Quba olayı medianın gündəmini zəbt edib. Hər gün onlarla xəbər Qubadan gəlir. Ancaq xəbərlərin əksəriyyəti birtərəfli olur. Dolğun və dəqiq olmayan bu xəbərlər bəzən şaiyələrə yol açır. Bunu nəzərə alaraq Qubaya getdik. Rayona yenicə icra başçısı təyin olunan Mübariz Ağayev gəlişimizin məqsədini bilib bizimlə görüşdən imtina etmədi. Çox səmimi keçən görüşdə biz Qubanın keçmiş və indiki problemləri ilə bağlı suallar ünvanladıq. Gələcəkdə hansı quruculuq işlərin görəcəyini də öyrənə bildik. Biz icra başçısı ilə müsahibəni sizə təqdim edirik...

-Mübariz müəllim Quba ilə tanış olmusunuz?


-Cənab prezident İlham Əliyevin sərəncamı ilə Quba rayonuna icra başçısı təyin olundum. Əvvələr deyərdim ki, mən Mingəçevirliyəm bu gün isə Qubalıyam. Bu gün qubalılara xidmət etməkdən qürur duyuram. Tanışlığa gəlincə təyin olunduğum gündən rayonun ağsaqqallarıyla, icra nümayəndələriylə, bələdiyyə sədrləriylə, müəssisə, təşkilat rəhbərləri, dindarlarla və gənclərlə geniş miqyaslı görüş keçirmişəm. Quba əhalisi ilə ilk tanışlığım kəndlərdən başladı. Kənd əhalisi ilə ilk öncə görüşməkdə məqsədim, problemlərə diqqət yetirmək idi. Kəndlərdə olarkən əhalinin sosial problemləri ilə şəxsən tanış oldum. Orada həmin insanlara bəyan etdim ki, çalışdığım müddət ərzində problemlərin yaranmasına şərait yaradan məmurlarla mübarizə aparıb, barələrində ciddi tədbir görəcəm və sakinlərin bütün problemlərinin aradan qaldırılması üçün var gücümlə çalışacağam. Bizlər nə etməliyik ki, Quba digər rayonlardan öz gözəlliyi ilə seçilsin və cənab Prezidentin verdiyi sərəncam özünü Qubada doğrultsun. Əlavə olaraq biz bayram günlərində əhali ilə görüşlər təşkil etdik və problemləri barədə maraqlandıq.


- Mübariz müəllim, Qubada xalqın üsyana qalxmasına ehtiyac vardımı? Siz bu məsələrlə maraqlandınızmı?

- Birinci növbədə hər şeyə bu qədər qəliz yanaşmaq lazım deyil və hər bir hadisənin törənmə səbəbləri olur. Mən Sizə ətraflı məlumat verə bilmərəm çünki bu barədə istintaq araşdırmaları aparılır.

- Gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?

- Qarşıda görəcəyimiz işlərə gəlincə, birinci növbədə biz cənab Prezidentin siyasi kursuna uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramını Qubada yüksək səviyyədə keçirməyə çalışacağıq. Əlbəttə görülən işlərdə olub, bu gün isə yerdə qalan işlərin tamamlanması üçün var gücümüzlə çalışacağıq. Bildiyiniz kimi Quba dağlıq zonadır. Buranın iqlimi başqa rayonlardan daha sərtdir. Dağlıq ərazi olduğu üçün yağış və qar yağandan sonra bir çox ciddi fəsadlar yaranır. Biz artıq bu məsələni müzakirə etmişik və müasir texnikaların köməkliyi ilə bu problemlərin aradan qaldırılmasına qısa zaman ərzində nail olacağıq. Əsas məsələ Qubanın yaz fəslinə hazır etməliyik. Bunun üçün də öncə şəhərdə yolların kənarında olan palçıq və zibillər yığışdırmağı göstəriş vermişəm. Proqrama uyğun olaraq şəhərimizin işıqlandırma sistemini yeniləşdirəcəyik. Bundan başqa yol kənarı binaların uçqun və bərbad vəziyyətdə olması məsələsinə baxacağıq. Qərara almışıq ki, binaların təmiri işlərinə başlanılsın hətta üzlüklər vurulsun. İstəyirik ki, binaların təmirdən sonrakı vəziyyəti əhalinin gözünü oxşasın. Sonra isə şəhərimizdəki səkiləri bərpa edəcəyik və bardürlər bərbad vəziyyətdə olduğu üçün yeniləri ilə əvəz ediləcək. Şəhər əhalisini narahat edən ən əsas məsələlərdən biri də yoldur. Biz artıq bu məsələ ilə ciddi məşğul olacağıq və qısa müddət ərzində şəhərimizin bütün yolları asfatlanacaq. Çünki şəhərin kanalizasiya sistemini bərpa etməkdən ötrü yollar yararsız hala düşüb. Bu işlər tamamlandıqdan sonra yolların asfatlanması işləri start götürəcək. Mən bu gün Quba əhalisinə bildirmək istəyirəm ki, yolların asfatlanması ilin sonuna qədər bitəcək və Quba şəhərində asfatlanmayan küçə qalmayacaq.

- Mübariz müəllim, vətəndaşlarla kütləvi surətdə görüş keçirməyi nəzərdə tutmusunuz?

- Bəli. Biz bu gün Quba əhalisi ilə geniş şəkildə görüş keçirəcəyik. Görüşdə 500 nəfərdən artıq vətəndaş olacaq. Bundan başqa biz qrafik hazırlamışıq. Kənd və qəsəbələrə çıxıb əhali ilə görüşlər keçirəcəyik. Öncə Qəçreş kəndinə gedəcəyik. Nügədi 1, Nügədi 2 kəndlərində sakinlərlə görüş planlaşdırırıq. Planımızda bir gündə bir neçə kənd və qəsəbəni gəzmək də var. Kənd sakinlərinin problemləri ilə yaxından tanış olacağıq. Ümidvaram ki, bütün bunlar fayda verəcək. Mətbuatla da ciddi təmas quracağıq. Yaxın günlərdə media nümayəndələrinin önünə çıxıb onların bütün suallarına cavab verəcəyik. Jurnalistlərin iştirakı ilə əhalinin problemləri ilə maraqlanacağıq. Ən azı ildə iki dəfə Mətbuat Şurasının xətti ilə jurnalistlərlə mətbuat günü keçirəcəm. Planımızı elə quracağıq ki, media nümayəndələrinin köməkliyi problemlərimzi, neqativləri görüb onları həll edəcəyik.

Söhbətləşdi: Vasif Turan
Peyman Sadıqov
Bakı-Quba-Bakı