BolgeXeber.Com » Müsahibə-Reportaj » Naqifi Həmzəyevi ifşa edən jurnalist xanım hadisəni danışdı:“Dedi ki, siz məni görməmisiz, mən də sizi…” –

Naqifi Həmzəyevi ifşa edən jurnalist xanım hadisəni danışdı:“Dedi ki, siz məni görməmisiz, mən də sizi…” –

5-12-2015, 17:16
Oxunub: 4 730 Naqifi Həmzəyevi ifşa edən jurnalist xanım hadisəni danışdı:“Dedi ki, siz məni görməmisiz, mən də sizi…” –"Hesab edirəm ki, Naqif Həmzəyevin timsalında baş vermiş bu hadisə həmin şəxslərə ciddi dərs olacaq"

Naqif Həmzəyevi ifşa edən “Yeni Müsavat”çı Xalidə Gəray hekayəni detalları ilə danışır: “Gəncədə yaşayan ailəmə görə narahatam”
“Vüsalə Hüseynlinin arqumentlərindən biri də bu idi ki, süfrəni icra hakimiyyəti təşkil edib və biz buna görə mübahisə etməməliyik. Bu situasiyada özümü mənəvi terrordan qorumaq üçün məcburən yazını yazmayacağımla bağlı söz verdim. Amma hesab edirəm ki, bu, məslək və həqiqəti oxucuya çatdırmaq adına deyilmiş müqəddəs yalandır”

Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyevlə bağlı baş verən son qalmaqal cəmiyyətin gündəmindədir. Artıq məsələ Milli Məclisdə də müzakirə olunub. Üstəlik, qalmaqala səbəb olan mövzu - M. Ə. Rəsulzadənin büstünün örtüklə tutulması da həll olunub. Görünən budur ki, mövzu ölkə gündəmində önəmli bir yer tutub.

Biz hadisənin qəhrəmanı, bu sözləri mətbuata və geniş ictimaiyyətə çatdıran Xalidə Gərayla detallı söhbət etdik. Olay səs-küy yaratdığı üçün ortada da çox ciddi suallar var. Hadisənin başlanğıcından, son nöqtəsinə, replikalara, ayrıntılara qədər...

- Öncə sənin yolunun Gəncəyə necə düşməsindən başlayaq. Necə oldu ki, bu səfərdə iştirak etdin?

- “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli “Səfir olsaydım, Azərbaycanı necə təmsil edərdim”, adlı layihə çərçivəsində bir sıra mətbuat orqanları nümayəndələrini Gəncəyə səfərə dəvət etmişdi. Onlardan biri də mən idim.

- Bəs necə oldu Naqif Həmzəyev həmin tədbirə gəldi və jurnalistlərlə görüşdü?

- Biz artıq tədbir yekunlaşandan sonra Gəncəni tərk etməyə hazırlaşırdıq. Vüsalə xanım bildirdi ki, icra hakimiyyətindən rəsmi nümayəndə jurnalistlərlə görüşmək istəyir. Sözün düzü, bilmirdim ki, Naqif Həmzəyev yeni seçilən deputatdır. Mən onu icra hakimiyyətinin birinci müavini kimi tanıyırdım. Gəncədəki səviyyəli restoranlardan birində süfrə arxasında əyləşdik. Onunla görüşümüz də həmin restoranda baş tutdu.

- Restorana sizi kim dəvət etdi?

- Bizə Vüsalə xanım dedi ki, restorana yemək yeməyə gedirik. Amma orda oturanda mənə məlum oldu ki, süfrəni icra hakimiyyətindən kimsə təşkil edib. Mən artıq süfrəyə əyləşəndə Naqif Həmzəyev süfrə başında idi, həmkarlarımla söhbət edirdi. Özünü təqdim edirdi ki, hansı universiteti bitirib, hansı fəaliyyəti olub. Bildirdi ki, gənclərin, jurnalistlərin dostudur, istənilən suallara cavab verməyə açıqdır. Təhsil haqqında da danışanda bildirdi ki, Gəncə şəhərində tarix fənnindən Bəhram müəllimdən dərs alıb. Mən də bildirdim ki, Bəhram müəllimin ən sevimli tələbələrindən biri də mən olmuşam. (X.Gəray Gəncədə böyüyüb, təhsilini də orda alıb, 10 il boyunca Gəncə Musiqi Kollecində pedaqoq işləyib -S.T.)

- Bəs söhbət necə oldu ki, Məhəmməd Əmin Rəsulzadəyə gəldi və bu səs-küy doğuran fikir səsləndirildi?

- Naqif bəy süfrədə əyləşənlərə bildirdi ki, istənilən sualı mənə ünvanlaya bilərsiz, mən cavablamağa hər zaman hazıram. Birinci Gəncədə işsizliklə bağlı sualım oldu. Dedim ki, bu şəhərdə işsizlik hökm sürür. Bildirdi ki, bu problemlə bağlı bir neçə layihə və proqramlar işlənir, gələcəkdə bu problem həll olunacaq. İkinci sualım uzun müddətdir ki, narahatçılıq doğuran digər məsələ - Gəncədə Rəsulzadənin büstünün başına torba keçirilməsi ilə bağlı oldu. Sual verdim ki, bu problem niyə həllini tapmır? Sualımdan Naqif Həmzəyev diksindi, onun xoşuna gəlmədi. Bildirdi ki, Rəsulzadənin büstü Gəncənin Dəmir Yolu İdarəsinin ərazisinə aiddir, bu məsələnin bizə heç bir aidiyyəti yoxdur. Sual verdim ki, həmin idarənin Gəncə ilə heç bir əlaqəsi yoxdurmu?
Naqifi Həmzəyevi ifşa edən jurnalist xanım hadisəni danışdı:“Dedi ki, siz məni görməmisiz, mən də sizi…” –


Bildirdi ki, “niyə fikirləşirsiz ki, məhz Gəncədə Rəsulzadənin büstü, heykəli olmalıdır? Ümumiyyətlə, mən elə bir lider, tarixi şəxsiyyət tanımıram. Mənimçün bir lider var, o da ümummilli lider. Mənim bu fikrimlə Gəncənin bütün gəncləri razıdır”. Bundan sonra çaş-baş qaldım. İstədim ona tarixi xatırladıb deyim ki, Şərqdə ilk demokratik respublikanın... qurucusu Rəsulzadədir. Bu sözü ağzımda qoydu və cümləmi tamamlaya bilmədim. Mübahisəyə başladı ki, “tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə cümhuriyyəti qurmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı, qurduğu respublikanı qoruyub saxlayardı...”

- Bu mübahisə ikinizin arasında gedirdi? Digər həmkarlar qoşulmuşdu polemikaya?

- Həmin vaxt ikimizin arasında gedirdi. Mübahisənin qızışdığını görən Vüsalə Hüseynli tez-tez mənə tərəf narazı baxışlarla baxır və söhbəti bitirməmi istəyirdi. Daha sonra isə söhbətə qoşulub bildirdi ki, “əgər Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı”.

- Müzakirələr zamanı bu cümlənin müəllifinin Naqif Həmzəyev olması barədə rəy daha güclü idi... Deməli, ilk olaraq bunu Vüsalə Hüseynli səsləndirib...

- Yazımda da qeyd etmişdim ki, bu, kənar müdaxilələr zamanı deyilən fikir idi.

- Bəs Naqif Həmzəyev bu fikrə hansı formada dəstək verdi?

- Bu sözdən sonra Gəncənin hansısa qəzetində çalışan yaşlı bir jurnalist (X.Gəray onun adını xatırlaya bilmədi-S.T.) dedi ki, Rəsulzadə bizim nə qədər sərvətimizi talayıb, mənimsəyib. Bunun ardınca da Naqif Həmzəyev dedi ki, “bəli, Rəsulzadə öz ailəsinə sahib çıxa bilməyib, İrəvanı və digər torpaqlarımızı satıb. O, xarici qüvvələrlə də əlaqədə olub, Azərbaycan əleyhinə işlər görüb. Bu barədə tarixçilər daha yaxşı bilir. Əgər siz onlara müraciət etsəniz, onlar həqiqəti sizə deyəcəklər”. Bundan sonra Rəsulzadənin ailəsi barədə geniş müzakirə başladı. Artıq jurnalistlər öz narazılıqlarını bildirməyə başladılar. Hətta lent.az saytının əməkdaşı Ləman Mustafaqızı sərt reaksiya verərək bildirdi ki, tarixi şəxsiyyətin şəxsi həyatını müzakirə etməkdənsə onun Azərbaycan üçün xidmətlərini müzakirə edin. Ləman xanım söhbəti daha da böyüdən Gəncədən olan qocaman jurnalistə bildirdi ki, əgər söhbəti davam etsəniz, mən də sizi təhqirə keçəcəm.

- Belə başa düşdüm ki, mübahisə get-gedə böyüyüb...

- Bəli. Bundan sonra Naqif Həmzəyev dedi ki, “niyə bu büstün Gəncədə olmasını istəyirsiz? Tarixə baxanda görərsiz ki, Rəsulzadə cümhuriyyəti Gəncədə yox, Tiflisdə qurub”. Sonra dedi ki, “qoy bu məsələ ilə müsavatçılar məşğul olsunlar. Müsavatçılardan kimsə Rəsulzadənin büstünün başına torba keçirilməsi ilə bağlı bir dəfə də olsun həmin quruma zəng edib, maraqlanıblarmı? Amma biz YAP-ın üzvləri cümhuriyyətlə bağlı ötən il Gəncənin Gülüstan qəsəbəsində İstiqlal Parkı açmışıq. Hər il 28 Mayı təmtəraqlı bayramla keçirir, küçələrə 10 min adam çıxara bilirik”.

- Mübahisə necə yekunlaşdı?

- Təbii, bu cür neqativ söhbətdən sonra hamı süfrə arxasından durdu. Naqif Həmzəyev bir neçə dəfə mənə yaxınlaşdı və mənimlə yanaşı, bütün jurnalistlərə bildirdi ki, bu, rəsmi görüş deyildi. Mən sizi görməmişəm, siz də məni.

- Kontur arqumentlərdən biri də budur ki, jurnalist olaraq sən orda bir qədər emosional davranmısan, mübahisə etmisən, hətta peşə etikasını pozmusan... Doğrudurmu?

- Doğrudur, mən ora jurnalist kimi getmişdim, amma Rəsulzadə ilə bağlı hədyanlarından sonra Naqif Həmzəyevlə vətəndaş kimi mübahisə etmişəm. Hesab edirəm ki, Naqif Həmzəyevin orada bir azərbaycanlı kimi Azərbaycan Cümhuriyyətinin yaradıcısı Rəsulzadəni aşağılaması böyük yanlışlıq idi. Onun fonunda mənim jurnalist etikasını pozmağım və yaxud da emosional mübahisə etməyim müqayisəyə gəlməz.

- Mübahisə yaradan daha bir məqam isə sənin orda deyilənləri yazmayacağınla bağlı söz verməndir. Həqiqətən də yazmayacağına söz vermisənmi?

- Orda jurnalistlərdən biri replika atdı ki, “gəlin Rəsulzadəni də vətən xaini elan edək və bu məsələ bitsin”. Mübahisənin kritik həddə çatdığını və həmin an özünün də ciddi səhv etdiyinin fərqinə varan Naqif Həmzəyev bildirdi ki, “bu rəsmi görüş deyildi və qətiyyən bu barədə yazmaq lazım deyil”. Orda mənə Vüsalə Hüseynli və ona dəstək verən bəzi həmkarlarım tərəfindən basqılar oldu ki, süfrə arxasında bu cür mübahisə etmək doğru deyil. Hətta Vüsalə xanım dedi ki, bura mübahisə yeri deyil. Əgər jurnalist kimi sualların varsa, başqa yerdə Naqif Həmzəyevə suallarını verib, cavab ala bilərsən. Vüsalə Hüseynlinin arqumentlərindən biri də bu idi ki, süfrəni icra hakimiyyəti təşkil edib və biz buna görə mübahisə etməməliyik. Bu situasiyada özümü mənəvi terrordan qorumaq üçün məcburən yazını yazmayacağımla bağlı söz verdim. Amma hesab edirəm ki, bu, məslək və həqiqəti oxucuya çatdırmaq adına deyilmiş müqəddəs yalandır.

- Səninlə eyni tədbirdə iştirak edən həmkarlarının bu məsələdəki mövqeyi fərqli oldu. Bu cür qalmaqal barədə yazmayanlar oldu, yazıb da faktı təhrif edənlər də. Onlarla bu barədə danışmısanmı? Həmrəylik nümayiş etdirəcəklərmi növbəti mərhələdə?

- Ümumiyyətlə, nəyə görəsə Rəsulzadə adından çəkinən həmkarlar var. Fikirləşirəm ki, buna görə onlar bu məsələni yazmadılar. İş yerlərindən ehtiyatlandıqları üçün susqunluq nümayiş etdirənlər də oldu. Olayın bir əvvəli, bir də axırını təsvir edib, faktı təhrif edənlər oldu. Ad çəkmək istəmirəm, amma onları anlayır və seçimlərinə görə incimirəm. Yazını yazdığım üçün mənə təşəkkür edən həmkarlarım arasında həmin tədbirdə iştirak edənlər də vardı. Hətta bildirdilər ki, məhkəmə olarsa, mənə dəstək olmağa hazırdılar.

- Hazırda çox adamın bizə verdiyi suallardan biri də budur ki, “Yeni Müsavat”ın əlində bu sözlərin deyilməsi ilə bağlı sübutlar varmı?

- Bəli, var. Özü də hər iki formatda. Sağ olsunlar, tədbirdə iştirak edənlər də bu qalmaqalı qeydə alıb, bizə yollayıblar. Lazım olan mərhələdə də bunu məhkəməyə və ictimaiyyətə təqdim edəcəyik.

- Ailən, övladların Gəncədədir. Bu cür səs-küylü olaydan sonra onlara görə narahatsanmı?

Naqifi Həmzəyevi ifşa edən jurnalist xanım hadisəni danışdı:“Dedi ki, siz məni görməmisiz, mən də sizi…” –

- Əlbəttə ki, narahatam. Ailəsi, övladları olanlar bilir ki, bu cür qalmaqallar Azərbaycan kimi ölkədə necə nəticələr verə bilər. Lakin mövzu Rəsulzadə olunca, bunlar arxa plana keçir. Rəsulzadə müsavatçıdır, bu, doğru. Lakin bəzi iqtidaryönlü məmurlar hazırkı müxalifətə, müsavatçılara böyük kin bəsləməklə elə fikirləşirlər ki, Rəsulzadə də müsavatçı olduğu üçün ona bu cür yanaşmaq, hər cür qara yaxmaq olar.

Hesab edirəm ki, Naqif Həmzəyevin timsalında baş vermiş bu hadisə həmin şəxslərə ciddi dərs olacaq. Onlar anlayacaqlar ki, Rəsulzadə iqtidarın, müxalifətin, yapçıların, müsavatçıların deyil, güneyli-quzeyli, bütöv Azərbaycanın, türk dünyasının lideri, tarixi şəxsiyyətidir.
Bolgexeber.com