BolgeXeber.Com » Müsahibə-Reportaj » General Nazirin villasından danışdı

General Nazirin villasından danışdı

11-05-2012, 13:40
Oxunub: 4 846 Bir neçə gün əvvəl Xanlar Vəliyev Lənkəran Əliyevin barəsində başlanmış cinayət işinin istintaqının davam etdirilməsi barədə açıqlama vermişdi.

O, general Lənkəran Əliyev mənimsəmə və ayrı-ayrı hərbçilərə qarşı Nizamnamədən kənar hərəkətlərə yol verdiyi üçün istintaqa cəlb edildiyini demişdi.

Lənkəran Əliyev isə “Azadlıq” qəzetinə bildirib ki, bu, 3 il əvvəl Təlim Tədris Mərkəzində (TTM) aparılan və nəticələri saxtalaşdırılan yoxlama əsasında başlanmış cinayət işidir və bir müddət əvvəl buna xitam verilib: “2009-cu ildə yoxlamalar aparıldı. 42 gün çəkən yoxlamaların nəticələri saxtalaşdırıldı. Yeri gəlmişkən bildirim ki, nəticələri saxtalaşdıranlardan biri də mətbuatda mənim əleyhinə çıxışlar edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov olub. Vaqif Məmmədov bu gün özündən yaşda, rütbədə böyük olan şəxsin haqqında əsassız ittihamlar səsləndirilir. Baxmayaraq ki, Tərbiyə İşləri İdarəsinin rəisidir. Bundan başqa onun vəzifələrindən biri də hərbçilərin sosial müdafiəsini təmin etməkdir. Mən də hərbçiyəm, 38 il xidmət etmişəm, niyə mənim sosial müdafiəmi təmin etmir? Qayıdaq, cinayət işinə. İstintaq zamanı ortaya heç nə çıxmadı. Mənə bildirdilər ki, Səfər Əbiyev vəsatət verməlidir ki, cinayət işinə xitam verilsin. Mən ona vəsatət qaldırması üçün müraciət etdim. Lakin Səfər Əbiyevin adamları mənimlə şərt kəsdi, guya yoxlamalar nəticəsində mənim 27 min manat pulu mənimsədiyim ortaya çıxıb və mən həmin vəsaiti ödəməliyəm. Guya mən işçilərin maaşını mənimsəmişəm. Halbuki həmin adamlar bildiriblər ki, kartları ilə bankomatlardan maaşlarını alıblar. Prezidentin mənə verdiyi evi satıb həmin vəsaiti ödədim və cinayət işinə xitam verildi. Lakin göründüyü kimi, yenidən işi təzələyiblər”.

Lənkəran Əliyev Müdafiə Nazirliyinin onun evilə bağlı iddialarına da münasibət bildirib: “Deyirlər ki, mən artıq sahə zəbt etmişəm. Mən heç yeri zəbt etməmişəm. Mənim evim olmayıb. Hansı qarnizona keçmişəmsə evlə təmin ediblər, yerimi dəyişəndə həmin evi təhvil vermişəm. Sonuncu dəfə mən sovet dövründə ”Salyut", sonradan “Babək” adlanan mehmanxanada məskunlaşmışam. Həmin mehmanxana Hərbi Məhkəmənin və Səfər Əbiyevin evinin yaxınlığında yerləşir. Yeri gəlmişkən, şəraiti də çox pis idi. 2000-ci ilin noyabrında baş verən zəlzələdən sonra məni və orada yerləşən bir neçə ailəni mehmanxanadan çıxardılar. Mənə elə həmin ərazidə dağılmış bir qeyri-yaşayış sahəsi verdilər. Mən öz vəsaitim hesabına oranı təmir etdim. Sonra hərbçi kimi evlə təmin etməli idilər və məcbur olub bu evi mənə verdilər. Həmin mehmanxanı isə söküb yerini Səfər Əbiyevin həyətinə qatdılar. Mənə deyirlər ki, artıq sahə zəbt etmişəm. Səfər Əbiyev heç piyadalar üçün yer qoymayıb. Bəs bunu niyə demirlər?! Bakıda daşı-daşı üstdə qoyanda hamının xəbəri olur. Niyə bəs mən o zaman oranı təmir edəndə demirdilər ki, Lənkəran Əliyev artıq sahə zəbt edib?! Mənə qarşı sadəcə haqsızlıq edilir. Lakin bütün bunlara baxmayaraq mən vicdanla dövlətimə millətimə xidməti davam etdirəcəyəm".

Lənkəran Əliyev bildirib ki, prosesin sonunun gözləyir və hazırda hansısa addımlar atmaq niyyətində deyil.

Müdafiə Nazirliyi general Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Bakı Apelyasiya Məhkəməsi yenidən işə baxaraq nazirliyin iddiasını təmin edib.
Nazirliyin Lənkəran Əliyevlə məhkəmə çəkişməsi mətbuata çıxandan sonra nazirlik generalın TTM-in rəisi vəzifəsində çalışdığı zaman yol verdiyi qanun pozuntuları barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Lənkəran Əliyevin TTM-in rəisi olarkən fəaliyyətinin yoxlanması zamanı ciddi qanun pozuntuları aşkarlanıb, buna görə də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.