BolgeXeber.Com » Müsahibə-Reportaj » Universitetlərdə rüşvətin yay sessiyası başladı

Universitetlərdə rüşvətin yay sessiyası başladı

6-06-2012, 12:20
Oxunub: 5 412 Ali məktəblərdə açıq alver gedir: ADNA və ADPU-da vəziyyət dəhşətdir, Odlar Yurdunda isə tələbələrə od qoyurlar, rüşvət alınmayan təhsil ocaqları da var

Artıq bir neçə gündür ki, ali məktəblərdə yay semestr imtahanları başlayıb. İmtahanlar başladığı üçün ali təhsil ocaqlarında da həyəcan artmağa başlayıb. Daha dəqiq desək, yay imtahanlarını səbirsizliklə gözləyən universitet rektorları tələbələri bir-bir “rüşvət dəzgahından” keçirməyə hazırlaşırlar. İmtahan həyəcanı həm tələbələrin, həm də müəllimlərin canına vəlvələ salıb. Tələbələr ona görə qorxurlar ki, pul verməyəcəkləri təqdirdə imtahanlardan kəsiləcəklər. Müəllimlərin təşvişi isə ondan ibarətdir ki, tələbələrdən rektorların tapşırdığı məbləğdə pul yığa bilməzlər.

Rüşvətin hansı səviyyədə olduğunu öyrənmək üçün bir neçə universitetdə olduq. Tələbələr imtahanlardan, zaçotlardan, diplom işindən danışmaq belə istəmirlər: “Yaramıza toxunmayın!” deyirlər. Tələbələrin əksəriyyəti rüşvətin artdığını söylədi. Amma bəziləri dedi ki, rüşvət vermirlər.

ADNA-da rüşvət almayan müəllimlər barmaqla sayılacaq qədər azdır

İlk dayanacağımız Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) oldu. Yaxınlaşdığımız ilk tələbə “danışsam institutdan qovarlar” deyərək bizdən uzaqlaşdı. Ancaq Elçin adlı 3-cü kurs tələbəsi ADNA-da rüşvətin baş alıb getdiyini dedi: "Daha çox rüşvət alan Mirzə müəllimlə Zöhrə müəllimədir. Bu iki müəllim rüşvət yığmaqda birincidirlər. Xüsusilə də Mirzə müəllim çox qəddardır. Oxudun oxumadın, fərqi yoxdur. İstədiyi məbləği vermədikdə tələbənin göz yaşına belə baxmır, imtahandan kəsir. Biz də məcbur olub istədiyi məbləği veririk. Mən semestr imtahanlarına 2-3 ay əvvəldən pul yığmağa başlamışam. Ailəmin maddi durumu yaxşı olmadığı üçün məcbur olub dərsdən sonra işləyib imtahan pullarını qazanmışam. Başqa çarəm yoxdur. Nə edə bilərəm? Burada fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı guya tələbələrin dərdini dinləmək üçün yaradılmış bir qurumdu. Müəllimlərin bizdən aldığı rüşvətə görə narazılığımızı həmin ittifaqa dedikdə anonimliyimiz qorunmur. Söhbət rektorluğa qədər gedib çatır. Onlar da bizi incitməyə başlayırlar".
İmtahandan çıxan və adının çəkilməsini istəməyən növbəti tələbə isə “imtahan necə keçdi” sualına “hər halda, yaxşı keçər, müəllimi əvvəlcədən ”görmüşəm" deyə cavab verdi. “Burada ”3" almaq üçün 50 manat, “4" almaq üçün 70 manat, ”5" almaq üçün isə 120 manat ödəməlisən. Mənə də 3 bəs edər" - deyərək tələbə güldü. “Buradakı bütün kafedralar rüşvət alır desək, insafsızlıq olar. ADNA-da ən yaxşı kafedra nəzəri mexanika kafedrasıdır. Burada rüşvət demək olar ki, yox dərəcəsindədir. Bu kafedrada dərs deyən Fuad müəllim rüşvət almağı özünə təhqir hesab edir. Uşaqları oxumağa məcbur edir. Burada rüşvət almayan müəllimlər barmaqla sayılacaq qədər azdır”.

Pedaqoji Universitetdə rüşvətin miqdarı müəlliminə görə dəyişir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri isə imtahan qiymətlərinin standart olmadığını dedilər. Aynur adlı tələbə digər universitetlər kimi burada da pul yığımının olduğunu dedi: “Bizdə ”3" almaq üçün 70 manat, “4" üçün 100 manat, ”5" qiymət üçün isə 150 manat pul verməlisən. Bu rəqəmlər müəlliminə görə arta da bilir. Elə müəllim var ki insafsızdır, çox pul alır. Eləsi də var ki az alır".
Qeyd edək ki, imtahanlar ərəfəsi olduğu üçün tələbələrin əksəriyyəti danışmağa çəkinirdilər.

Bakı Slavyan Universitetində müəllim deyir rüşvət var, tələbə isə deyir yoxdur

Bakı Slavyan Universitetinə içəri daxil olmaq istəsək də nəzarətçi buna icazə vermədi. Səbəb kimi iclas keçiriləcəyini dedi. Biz də universitetin qarşısında dayanıb gedib-gələn tələbələri danışdırmağa çalışdıq. Tələbələrin fikirləri müxtəlif idi. Kimisi rüşvət alındığını, kimisi isə heç bir qəpik də imtahanlara pulu çıxmadığını dedi. Jurnalistika fakültəsində oxuyan 3-cü kurs tələbələri Məltəm Talıbzadə və Turqut Həmidov heç bir rüşvət halı ilə rastlaşmadıqlarını dedilər: “3-cü kursda oxuyuruq. Bu üç ildə bizdən bir manat da pul istəyən olmayıb. İmtahanları bu vaxta kimi normal, qayda-qanuna uyğun bir şəkildə vermişik. Qrupumuzda oxumayan tələbələrə də güzəşt olunur. Yəni müəllim və tələbə yoldaşları belə uşaqlara kömək edirik ki, kəsilməsinlər”.

Odlar Yurdu tələbələrə od qoyur

Mənzərəli və səliqəli həyəti olan universitetə ayaq basdığımız andan müşahidə etdiklərimiz burada rüşvət dövriyyəsinin həddən artıq böyük olduğundan xəbər verdi. Tələbələrinin əksəriyyəti universitetə bahalı avtomobillərdə gəlir, özlərindən tam arxayınlıqla da imtahandan çıxırdılar. Onlara yaxınlaşıb, özümüzü təqdim edərək imtahanların necə keçdiyini soruşduq. Oğlan tələbələrdən biri gülərək sualımıza ironik cavab verdi: “Biz burda imtahan yox, pul veririk”. Vüsal adlı tələbə imtahanda heç bir problemləri olmadığını dedi: “Bütün imtahanları pul hesabına yola veririk. Bilirik ki, oxusaq da, qiymət yazmayacaqlar. Oxuyanla oxumayanın fərqi bilinmir. Hamı pul verib canını qurtarır. Hər semestr 250 manata qədər xərcimiz çıxır".

ADU və AMİ-də rüşvət alınmır

Azərbaycan Dillər Universitetinin (ADU) magistrantı Aytən Rzayeva bu universitetin fərqli olduğunu dedi: “Mən bakalavrı da bu universitetdə oxumuşam. Nə bakalavr olduğum müddətdə, nə də indi heç kim məndən rüşvət istəməyib. İmtahanlarda da heç bir çətinlik çəkməmişəm. Əksinə, müəllimlərimiz bizə imtahanlardan uğurla keçməyimiz üçün əllərindən gələn köməyi edirlər. Buradakı təhsil digər universitetlərdən fərqli olaraq yüksək səviyyədədir”.

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) isə oxumayan tələbə kəsilir. Heç bir rüşvət də qəbul edilmir. Bu sözləri universitetin 3-cü kurs tələbəsi Zülfiyyə dedi.

Yuxarıda qeyd etdiyimiz universitetlərlə yanaşı, Qızlar, İqtisad, Tibb universitetlərində də rüşvət halları var. Nə qədər acınacaqlı olsa da, bu, bir faktdır. Bu gün tələbələrin əksəriyyəti pul verərək imtahanlardan keçirlər. Rüşvət verməyən tələbələrin aqibəti isə bəllidir. Ya imtahandan kəsilir, ya da get-gələ salınır. Mütəmadi olaraq ölkə təhsilinin yüksək səviyyədə inkişafı barədə açıqlamalar verən təhsil naziri Misir Mərdanovun bəlkə də bunlardan xəbəri var. Bu barədə dəqiq bir şey deyə bilmərik. Amma bildiyimiz dəqiq bir şey var ki, ölkə təhsili hər keçən gün uçuruma gedir. Bunun fəsadları isə 5-10 il sonra, savadsız kadrlar universitetləri bitirib işləməyə başlayandan sonra daha eybəcər formada üzə çıxacaq.

Musavat.com