BolgeXeber.Com » Müsahibə-Reportaj » Əsgər ölümü ordudakı dəhşətləri üzə çıxardı-Foto-Video

Əsgər ölümü ordudakı dəhşətləri üzə çıxardı-Foto-Video

10-08-2012, 13:45
Oxunub: 16 733



Milli Qəhrəman Mübariz İbrahimovun vaxtıilə xidmət etdiyi hərbi hissədə əsgərlər acınacaqlı vəziyyətdə saxlanılır

7 avqustda Naftalanda yerləşən hərbi hissədə başından güllə yarası almış 18 yaşlı Murad Ağakərimli vəfat edib. Biz mərhumun ailə üzvləri ilə görüşmək üçün əsgərin yas mərasiminin keçirildiyi Əhmədli qəsəbəsinə yollandıq. Muradın cənazəsi burada yerləşən babası evindən götürülüb. Bizi mərhum əsgərin əmisi Samir Ağakərimli qarşılayır. Yol boyu deyir ki, qardaşı oğlunun özünü öldürdüyü ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumat yanlışdır. Bir az əsəbi halda” İndi niyə milləti aldadıb, sındırırlar? Atası, anası, əmiləri sınıb. Bu iş araşdırılsa, hərbi hissədə yüksək rütbəlilərin hamısı həbs olunmalıdır. Hansı komandir razı olar ki, bundan sonra hərbi hissədə axtarış aparsınlar?! Kim istəyər ki, hərbi hissədə bit-birəni görsünlər?”

“3-4 əsgərə görə səhər saat 11-dən 6-ya qədər səngər qazırıq”

Evə çatırıq. Qapı açıqdır və yas mərasimi üçün salınan çadır görünür. Mərhum əsgərin atası Qurban Ağakərimli ilə evin ikinci mərtəbəsinə qalxırıq. Mərhum əsgərin qohumlarının yanında söhbət edirik. Ailə üzvləri pərişandır. Ata sözə haradan başlayacağını bilmir. Hüznlüdür, ancaq özünü toparlayıb hadisənin necə baş verdiyini nəql edir: “6 avqustda saat 21:12-də uşaq mənim telefonuma “vızıv” atdı, mən ona zəng elədim. Halını soruşdum. Dedi ki, “yaxşıyam”. Qardaşını, evdəkiləri soruşdu. Dedim, “şükür Allaha hər kəs yaxşıdır”. Soruşdum ki, “zabitlərdən, gizirlərdən səni incidən yoxdur?” Dedi ki, “əşşi onlar qalsın bir yana. 3-4 əsgərə görə səhər saat 11-dən 6-ya qədər səngər qazırıq”.

Sabah danışacağına söz verib, amma gecə ilə vəfat edib

Murad atası ilə danışandan sonra dostu Rüfət Babazadə ilə telefonda 5 dəqiqə danışıb. Onlar 3 ay bir yerdə Naftalanda qulluq ediblər. “Dedi, “əziyyətdir, hamı çəkir. 2-3 nəfər əsgərlə bir problem var, onu da yoluna qoyacam”. Əlavə elədi ki, “ sabah zəng edib danışarıq”. İndi deyirlər ki, özünü vurub. Özünü vursaydı, heç vaxt mənimlə belə rahat danışmazdı”- mərhum əsgərin dostu deyir.
Rüfət Babazadə deyir ki, Murad onunla 3 ay hərbi xidmət çəkdikdə heç vaxt heç kimlə problemi olmayıb. Deyir ki, Murad davakar deyildi. Hər kəslə zarafat edib, dil tapmağı bacarırdı. “Amma yuxarının (cəbhə xəttinin) abu-havası tamam başqadır. Köhnə, təzə əsgərlər hamısı bir yerdədir. Mübahisələr də burada başlayır”.

“Ekspertiza rəyi olmadan Müdafiə Nazirliyi niyə məlumat yayır ki, əsgər özünü öldürüb?”

Muradın atası sonuncu dəfə oğlu ilə 15 iyulda Naftalandakı hərbi hissədə görüşüb. “Ona dedim ki, “darıxma, hər şey yaxşı olacaq”. Ata deyir ki, oğlunun ölümünə səbəb olan hadisə 4 nəfərin arasında baş verib. O, oğlunun əsgərlər içərisində intihar etmək istədiyinə inanmır. “Avqustun 6-dan 7-nə keçən gecə saat 2-də oğlumla 4 əsgər arasında mübahisə olub. Güllə başının ortasından keçib gözünün kənarından çıxıb. Onun bir gözünü də çıxardıb. O biri gözü açıq qalıb. Ekspertiza zamanı bədənini yarıb, tikiblər. Mən hadisənin necə baş verdiyini zəng edib, gizirdən soruşdum. Mənə dedi ki, hələ ölüm hadisəsinin necə baş verdiyi dəqiqləşdirilməyib. Bəs ekspertizanın rəyi olmadan Müdafiə Nazirliyi niyə məlumat yayır ki, əsgər özünü öldürüb?”
Murad ekspertizaya gətirilərkən qardaşı da cəsədə baxıb. O deyir ki, Muradın sinəsi yarılıb və əlini vurduqda mərhumun bədəninin boş olduğu sezib. “Bədəni boş idi, içərisinə pambıq doldurmuşdular. Ola bilsin ki, orqanların da götürüblər. Bilmirəm, istifadəyə görə, ya meyit iylənməsin deyə...”
Ata deyir ki, Murad əsgərliyə getmədən öncə soruşub ki, bəlkə əsgərlikdən qorxur. Oğlu deyib ki, yox. Əsgərliyini çəkib, dostu ilə Ukraynaya, pul qazanmağa gedəcək. Ailəsinə də dolanmaq üçün pul göndərəcək. Amma...
“Murad 6 yaşında olanda mən birinci yoldaşımdan ayrıldım. 4 ay keçəndən sonra yoldaşım böyük uşağı üstümə atıb getdi. Beş ay keçəndən sonra Muradı gətirib işimin qabağına buraxdı, dedi, “get atanın yanına”. Bu yoldaşım (söhbət boyunca ağlayan qadını göstərib) ikincidir. Muradı doqquzuncu sinfə qədər oxutdum. Sonra restoranlarda ofisiantlıq elədi. “Məhərrəmlik ayı” gəldi, işdən çıxdı. Dedi, cavanlıq eləmək istəyirəm. Əsgərliyə qədər qazandığı 700 manatı xərclədi. Kompyüter sevən idi. Kompyüterdə komanda oyunlarında yer tutmuşdu, pul da almışdı. Mən o uşaqdan narazı olmadım”.

İtə vurulan dərmanı əsgərlərimiz vurur

Muradın atası danışdıqca mərhumu 6 yaşından böyüdüb analıq edən qadın ağlayır. “Balam getdi” deyə göz yaşları tökür. Hər kəs onu sakitləşdirmək istəyir, amma mövzu Muradın vəfatı olunca qadın yenə doluxsunur və ağlamağa davam edir. Mərhumun atası deyir ki, oğlu özünü öldürmək istəsəydi, əsgərliyə getməmək üçün əvvəlcədən beyninə silah sıxardı. “Əsgərlərə yazığım gəlir. Bir valideyn kimi deyirəm ki, oğlumun qulluq etdiyi hərbi hissəni görəndə dəhşətə gəldim. Uşağı bit-birə yeməsin deyə iki dənə dərman almışam. Bunu itlərə vururlar ki , bit-birə yaxın durmasın. Amma mən bu dərmanları əsgər oğluma göndərirdim ki, birini bədəninə vursun, o birini də paltarının üstündən ki, bədəninə bit-birə yaxınlaşmasın”.

Əsgərlərə 40-cı illərdən qalan əti yedirdirlər

Naftalandakı hərbi hissədə qulluq edən Muradın dostu Rüfət Babazadə deyir ki, onlara verilən ərzaqlar mağazalarda satdırılır, meyvələr çürüyəndən sonra əsgərlərə verilir. “Mən anbarın əsgəri olmuşam. Deyirdilər ki, nazirlikdən adamlar gələcək, bu qədər ərzaq ver. Nazirlik gedəndən sonra eyni qayda başlayırdı. Yeməyə 19 butulka yağ verirdim, 3 butulkası yeməyə qatılırdı. Nazirlik gələndə yeməkləri yağdan yemək olmurdu. Amma onlar gedəndən sonra mənimsənilirdi. Meyvəni gətirib anbara qoyurdular, meyvə qalırdı, çürüyürdü ondan sonra əsgərə verirdilər. Bizə gələn ətlərə deyə bilmərəm ki, nə ətləridir. 88-ci ilin ətin yeyirdik. 88 hələ yaxşıdır, 40 neçənci ilin ətin yeyirdik. Ətin üstündə 6 dənə möhür var idi. Uşaqlar acından əti yeyirdilər. Amma biz əti götürə bilmirdik. 6 nəfər heyvanın bir budunu götürə bilmirdi. Əti göyərmiş, qurd basmış olurdu. İyrəndiyimizdən ətə baxa bilmirdik. Əsgərlərin hamısı yara içindədir. Adicə bir cızıq olanda sağalmır; çünki bit-birə darışır”.

Naftalandakı hərbi hissədə birinci ölüm hadisəsi deyil...

R. Babazadə əlavə edir ki, son vaxtlar hərbi hissədə ölümlərin sayı çoxalıb. O vəfat edən şəxslərin soyadlarını da sadalayır: “Kapitan Məmmədovun dizdən aşağı ayağı yoxdur, kapitan Verdiyev də vəfat etdi. Komada oldu, keçindi. O qədər ölən var, familiyaların yadımda saxlaya bilmirəm”.
Mərhumun atası Qurban Ağakərimli deyir ki, oğlu milli qəhrəman Mübariz İbrahimbəyovun qulluq etdiyi hərbi hissədə xidmət edib. Oğlunun vəfatından sonra hərbi hissədən, komissarlıqdan, Xətai rayonunun İcra Hakimiyyətindən ailəyə baş sağlığı veriblər.” İntihar varsa, kim gələrdi bura? Hərbi hissə, komissarlıq, icra hakimiyyəti deyir ki, yas mərasiminin bütün xərclərini biz çəkəcəyik. Onu bayrağa büküb gətirmişdilər. Özü intihar edən əsgəri bayrağamı bükərdilər?”
Ailəyə deyiblər ki, ekspertizanın rəyi ilə 10 gündən sonra Hərbi Prokurorluqda tanış ola bilərlər.

Silahı oğurlanan əsgər

Mərhumun əmisi Samir Ağakərimli ilə Muradın dəfn olunduğu Əhmədli qəbiristanlığına gedirik. Qəbiristanlıqda 1941-1945-ci ildə həlak olan şəhidlər dəfn olunublar. Qəbiristanlığın önündə şəhidlərin şərəfinə bir əsgərin heykəli qoyulub. Amma əsgərin silahı oğurlanıb. S. Ağakərimli “Tərki-silah” edilən əsgərə baxıb deyir ki, bu ölkədə şəhidlərə bu cür qiymət verilir. İçəri keçirik, kolluqdan və zibillərin içindən keçib Muradın dəfn olunduğu yerə çatırıq. Mərhum vəfatının ili tamam olmayan babasının yanında dəfn olunub. Qəbrinin üstünə hərbi hissədən bükülərək gətirildiyi bayraq sərilib. Günəş onun qəbrinin üstündə bərq vurur.
Murad şəkil çəkdirməyi sevmirdi. Hər dəfə şəkil çəkdirəndə ya əlini üzünə tutub, ya da çəkilən şəkili silməyi tələb edib. Elə axırıncı dəfə, 15 iyulda valideynləri ilə görüşərkən onu videoya çəkən şəxsə etiraz edərək, əlini yenə üzünə tutub. Biz ailədən Muradın şəkillərini istəyərkən evdən yalnız onun şəxsiyyət vəsiqəsi üçün çəkdirdiyi şəkili tapdılar. Bu şəkil də böyüdülərək onun yas mərasiminin keçirildiyi çadıra vurulub. Amma onun bir anı ilə bağlı çoxlu şəkilləri var. Bu onun ekspertizadakı cansız bədəninin şəkilləridir. Onun gözü açıq vəziyyətdə şəkillərdə görünən üzü artıq etiraz eləmir. Bu onun ən pis görüntüsü olsa da, valideynləri əmindirlər ki, bu şəkillər ədaləti tapmağa yardım edəcək.



Sevinc VAQİFQIZI
Fotolar müəllifindir