BolgeXeber.Com » Müsahibə-Reportaj » Balakəndə ikinci “Quba varinatı” baş verə bilər

Balakəndə ikinci “Quba varinatı” baş verə bilər

15-10-2012, 08:15
Oxunub: 4 790 Rayon əhalisi ayağa qalxıb, zəlzələdən sonra insanlar daha da aqressivləşib

Oktyabrın 14-də Balakən rayonunda 200 nəfərə yaxın sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. Rayon mərkəzinə, o cümlədən ətraf kəndlərinə neçə günlərdir elektrik enerjisi və qazın verilməsinin səbəbsiz yerə dayandırılmasına etiraz edən sakinlər rayon icra hakimiyyəti binası önünə toplaşıblar.

Aksiyada “İstefa”, “Rədd ol” şuarları səsləndirilib

Sakinlərin bildirdiyinə görə, etiraz aksiyasına rayonun sözügedən problemindən əziyyət çəkən kəndləri də qoşulub. Rayon icra hakimiyyətinə doğru yürüş edən sakinlər rayon rəhbərliyindən açıqlama tələb ediblər. Sakinlər həmçinin icra başçısı ilə görüş tələb edib. Onlar bildiriblər ki, rayon kəndlərinə qaz kəməri çəkilsə də, mavi yanacaq üzünə həsrət qalıblar. Səbəb isə, icra hakimiyyəti tərəfindən hər evdən 200 manat tələb olunmasıdır.
Aksiya zamanı əraziyə polis qüvvələri çağırılıb. Rayon icra başçısının 1-ci müavini Azad Balayev aksiya iştirakçılarının qarşısına çıxaraq dağılışmaları tələb edib. Qəzəbli camaatın qarşısını ala bilməyən A.Balayev vəd verməklə kifayətlənib. Sakinlər deyir ki, rayon rəhbərliyi problemin 10 gün içində həll olunacağı ilə bağlı quru vəd verməklə kifayətlənib: “Amma, biz 6 aydır eyni sözü eşidirik. İcra hakimiyyətinin nümayəndələri qapı-qapı düşüb hər evdən 200 manat tələb edir. Bizə deyirlər ki, rayon mərkəzi və kəndlərinə qaz xətti çəkilib. Ona görə pul yığırıq. Qaz çəkilişinə dövlət büdcəsindən pul ayrılıb. Bəs o pullar hara gedib?”
Aksiya iştirakçıları icra başçısının birinci müavini Azad Balayevin çıxışı zamanı “İstefa”, “Rədd ol” şuarlarını səsləndiriblər.

“İcra başçısı alverçidir”

Sakinlərin bildirdiyinə görə, icra başçısı İslam Rzayev Balakəni Allahın ümidinə buraxıb. Kəndlərarası yolların bərbad olduğunu deyən sakinlər bildirdilər ki, bu ilin mart ayında prezident İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb: “7 ay keçməsinə baxmayaq rayonda faktiki olaraq bir iş görülməyib. Balakəndə kəndarası yollar da pis vəziyyətdədir. Qışda şəhərlə kənd arasındakı əlaqə də məhz yolların bərbadlığı ucbatından kəsilir. Qaz təchizatı olmadığndan kəndlilər meşələri yarıb odunla qızınmaq məcburiyyətindədir.
Meşələrin çoxu da qoruq olduğundan ağac kəsən sakinlər saxlanılaraq polis idarəsinə aparılır. Qışda icra başçısı özü odun alveri ilə məşğul olur. Bir maşın odunun qiyməti 250-280 manatdır".
İçməli suya həsrət qaldıqlarını deyən sakinlər suyu pulla aldıqlarını dedilər: “Camaat üçün qazılmış artezian quyuları icra başçısı İslam Rzayevin gəlir mənbəyinə çevrilib. Artezindan xüsusi nasoslar vasitəsi ilə maşınlara doldurulan su 20 manatdan satılır. İcra başçısı rayona rəhbərlik etməklə yox, alver etməklə məşğuldur”.

Aksiya polis gücünə dağıdılıb

Aksiya iştrirakçılarını dövrəyə alan polis əməkdaşları onları icra hakimiyyəti binasına soxulmalarına mane olub. Rayon rəhbərliyinin göstərişi ilə aksiya polis gücünə dağıdılıb. Rayon sakinlərindən qəzetimizə verilən məlumata görə, akisya iştirkaçıları icra başçısının qanunsuzluqları barədə ölkə başçısına məktub ünvanlayıblar.
Bazar günü olduğundan məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətindən rəsmi mövqe ala bilmədik.
Mövzu ilə bağlı onların da fikirlərini öyrənib dərc etməyə hazırıq.