BolgeXeber.Com » Müsahibə-Reportaj » “Əziyyətli olsa da, prezidentin bu səfərləri vacib səfərlərdir”

“Əziyyətli olsa da, prezidentin bu səfərləri vacib səfərlərdir”

30-10-2012, 11:50
Oxunub: 4 710 “Orda siyasi dustaqların, yaxud bugünlərdə tutulan şəxslərdən kiminsə azad olunması kimi məsələ qaldırmaq çox yersiz və proqramdan kənar olardı”

Ölkə prezidenti İlham Əliyev ötən həftə ölkənin regionlarına səfəri çərçivəsində İmişli və Beyləqan rayonlarında da oldu və bir sıra obyektlərin açılışında iştirak etdi. Bu səfərlərdə diqqətimizi çəkən bir məqam 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Çingiz Qənizadənin prezidenti müşayiət edən şəxslərin sırasında olması idi. Səfərin görünməyən məqamları, deputatın dövlət başçısı ilə hansısa təmasının olub-olmaması, nədən danışılması və sair məsələlər barədə deputatdan bizi maraqlandıran suallara cavab istədik. Ç.Qənizadə öncə dedi ki, prezidentin İmişliyə ötənilki səfərində də onu müşayiət edib.

- Mən millət vəkili seçiləndən sonra cənab prezident İmişliyə ikinci dəfə səfər edirdi. Beyləqanda isə ilk səfər idi ki, mən iştirak edirdim. Keçən ilin may ayında cənab prezident bölgəyə səfər etmişdi. O zaman rayonun sosial-iqtisadi problemlərinin çox olduğunu gördü, Dövlət Proqramının həyata keçirilməsinin ləng getməsinin şahidi oldu. Hesab edirəm ki, rayonda sosial problemlərin həlli istiqamətində işlərin ləng getməsi, şəhərdəki abadlıq və sair məsələlər cənab prezidenti qane etmədiyinə görə 6 ay öncə həm Beyləqan, həm də İmişli rayonunun icra başçıları dəyişdirildi. İmişliyə yeni təyin olunan icra başçısı Vilyam Hacıyev, Beyləqanda isə Vaqif Abdullayev cənabları artıq cənab prezidentin onlara göstərdiyi etimadı doğruldublar. Tam səmimi deyirəm ki, bu altı ay müddətində hər iki rayonda modern üslubda və Avropa istehsalı olan avadanlıqlarla təchiz olunmuş xəstəxananın açılışı, İmişli rayon mərkəzinin içməli su ilə təmin olunması, Beyləqanda isə bu işin təməlinin qoyulması, Beyləqanda qonşu kəndləri birləşdirən 35 km-lik yolun çəkilməsi, hər iki rayonda yeni Heydər Əliyev Mərkəzinin inşası, parkların, mədəniyyət sarayının yaradılması, İmişlidə gənclər mərkəzinin 70 faiz tikintisinin başa çatması, bayraq meydanının və 85 metr hündürlüyündə Azərbaycan bayrağının ucaldılması qısa bir vaxtda reallaşdı. Prezident səfəri zamanı hər iki rayondakı abadlıq işlərindən çox razı qaldı. Çıxışında da bildirdi ki, işləmək həvəsi olduqda bu işləri reallaşdırmaq mümkün olur. Cənab prezidentin bölgələrə səfərləri olduqca vacibdir. Çünki hər səfəri zamanı yeni-yeni sosial obyektlərin açılmasının şahidi oluruq. Mən möhtərəm qonağı müşayiət eləyən şəxslərdən biri kimi qeyd edə bilərəm ki, cənab prezident rayondakı bu işlərdən, insanların içməli su ilə təmin olunmasından, qazlaşdırma prosesinin yüksək templə getməsindən çox razı qaldı.

- Dövlət başçısı ilə şəxsən təmasınız oldumu və oldusa, nədən danışdınız?

-Bəli, şəxsən prezidentlə təmasımız oldu. Rayonda gedən sosial-iqtisadi inkişaf və gələcək planlarla bağlı biz millət vəkilləri də öz fikirlərimizi bildirdik. Cənab prezident olduqca səmimi, olduqca sadə insan təsiri bağışlayırdı. Mən ölkə başçısının regionlara səfərlərini uğurlu səfərlər hesab edirəm. Əziyyətli olsa da, prezidentin bu səfərləri vacib səfərlərdir.

- Sizə hüquq müdafiəçisi olaraq çoxlu müraciətlər edilir. Məqam düşmüşkən siyasi məhbusların, həmçinin Nigar Yaqublunun azadlığa buraxılması ilə bağlı ölkə rəhbərinə söz demək imkanı tapdınızmı?


- Yox. Axı tədbirin məram-məqsədi o deyildi. Nigar xanımla bağlı rəsmi qurumlara müraciət imzalanıb və imza atanlardan biri də mənəm. Həmçinin Nigar xanımın azad olunması ilə bağlı bəzi şəxslərlə danışıqları aparan da mənəm, bunu atası, vəkili, dostları da bilir. Amma bəzən görürsən bizim parlamentdə də heç yeri olmayan, heç vacib olmayan bir anda kimsə ictimai rəydə kapital toplamaq üçün elə pafoslu çıxışlar edir ki, heç yerinə düşmür. Bu, əksinə, həmin işi çətinləşdirir. Yəni bu cür tədbirdə hansısa şəxsi xahiş, ya problemlə bağlı məsələ qaldırmaq düzgün olmazdı. Məsələn, burada söhbət oldu ki, İmişli və Beyləqanda gedən bu abadlıq, tikinti işləri ilə bağlı parlamentə şikayətlərin daxil olması əvvəlki illərə baxanda yox dərəcəsindədir. Bunun azalmasının səbəbi barədə isə deyildi ki, burada söhbət yeni obyektlərin tikintisi zamanı mülkiyyət sahibləri incidilmədən, yəni halallıqla, onlarla razılaşdırılmış qaydada işlərin aparılmasına üstünlük verilir. Təbii ki, belə olan halda da insanlar şikayət etmir. Mən fürsətdən istifadə edib prezidentə də dedim ki, İmişlidə tikinti işləri ilə bağlı Milli Məclisə demək olar ki, hər hansı bir müraciət daxil olmayıb və sıfır dərəcəsindədir. Düzdür, məhkəmə qərarlarından, polisin hansısa bir hərəkətindən, hansısa torpaq sahəsinin islahata uyğun olmayan şəkildə bölgüsündən ara-sıra şikayətlər olur və bunlar araşdırılır. Bununla yanaşı, abadlıq işləri ilə bağlı şikayətin olmaması cənab prezidentin diqqətinə çatdırıldı. Cənab prezident bunu müsbət dəyərləndirdi. Amma orda siyasi dustaqların, yaxud bugünlərdə tutulan şəxslərdən kiminsə azad olunması kimi məsələ qaldırmaq çox yersiz və proqramdan kənar olardı. Amma mən yenə də məhbəsdə yatan, siyasi proseslərə görə tutulmuş insanların azad olunmasının tərəfdarıyam. Bu istiqamətdə məsələnin müsbət həllinə çalışmışam və çalışacağam.

- Adətən rayonlarda prezidentə sözünü, şikayətini çatdırmaq istəyən adamlara maneçilik yaradılır. Hətta ötən ay rayonlardan birində şikayətçi gənci həbs etmişdilər. İmişlidə necə, şikayətçilərə şərait yaradıldımı?

- İmişlidə yollar, küçələr o dərəcədə də bağlanmamışdı. Cənab prezidentin gəldiyi yol boyu insanlar yol kənarlarında düzülmüşdülər, əl çalırdılar. Ola bilər kimlərsə maraq xatirinə də düzülmüşdü. Elə hesab edirəm ki, ən azı cənab prezidentin icra hakimiyyətinin qarşısından 400-500 metrlik park və bayraq meydanı boyu yolu insanlarla salamlaşaraq piyada getməsi və sonda 300-400 nəfərlik insanların qarşısında çıxış etməsi bu suala cavabdır. Amma ən azı rayon mərkəzində bu qədər məsafəni cənab prezident piyada gedirsə və burda da insanların sərbəst hərəkətinə çox ciddi qadağalar qoyulmayıbsa onda sualın cavabı məlumdur. Rayondakı görüşlər çox normal keçdi.

- Bu görüş zamanı siz hansı hisslər keçirirdiniz: məsuliyyətmi, narahatçılıqmı, yoxsa iradlarla üzləşə biləcəyinizdən dolayı ehtiyatlılıqmı?

- Narahatçılıq o halda olur ki, prezident millət vəkilinin seçildiyi əraziyə gəlir və orda narazı qalır. Təbii ki, sadaladığım sosial obyektlərin tikilməsi icra orqanlarının işidir. Amma icra orqanları ilə millət vəkilləri əlaqəli şəkildə çalışanda uğurlar da əldə olunur. Tutaq ki, hansısa rayondakı bir məsələyə görə hansısa nazirin qapısı döyülməlidir, proses sürətləndirilməlidir, icra başçısı gələ bilməsə, biz millət vəkili olaraq onu həyata keçirməliyik. Sözsüz ki, ölkə prezidentinin qarşısında məsuliyyət həmişə olmalıdır. Bu baxımdan məsuliyyət hissi daha yüksək idi və cənab prezident çıxışında rayonda gedən bu uğurlu işləri alqışladı və razılığını bildirdi. Hesab edirəm ki, bu uğur icra başçılarının işə əvvəlcədən məsuliyyətli yanaşmasının nəticəsidir. Hər iki rayonun icra başçılarının bu uğurlu fəaliyyəti, həm də bizim uğurumuz və sevincimizdir./musavat.com/