BolgeXeber.Com » Müsahibə-Reportaj » Qənirə Paşayevanın obyekti yoxdur

Qənirə Paşayevanın obyekti yoxdur

31-10-2012, 11:50
Oxunub: 4 949 “Heç bir bizneslə məşğul olmuram”

Millət vəkili Qənirə Paşayeva öz facebook səhifəsində Azərbaycanın müxtəlif rayonlarında ticarət obyektlərinin olması ilə bağlı şayiələrə münasibət bildirib.

Bolgexeber.com-un xəbərinə görə, millət vəkili sosial şəbəkə istifadəçilərindən birinin ona “Xızıda ferması, Salyanda üzüm plantasiyaları, soyuducuları, aptekləri və s olması “ barədə mesaj yazdığını bildirib.

Millət vəkili bunların həqiqəti əks etdirmədiyini qeyd edib: “Yalanı, böhtan və şəri belə asanlıqla danışan insanları İnsan belə adlandırmağa adamın dili gəlmir. Çünki Allahdan qorxmayan bəndəyə hər böhtanı atmağa da qorxmaz və belələri ən qorxulu adamlardır. Qoy bunu deyənlər o “obyektləri” göstərsinlər. Özünüz soruşun, araşdırma aparın ki, mənim onlarla bir əlaqəm var ya yox... Gör nə qədər cahil adamlardır ki, düşünmürlər, mən ferma saxlayanamsa, onu niyə doğulduğum və millət vəkili olduğum Tovuzda yox, həyatda cəmi bir neçə dəfə yolum düşdüyü Xizıda saxlayıram? Tovuz əsl heyvardarlıq üçün minbit rayondur. Eləcə də üzümçülüklə... Mən onunla məşğul olsam, elə Tovuzda məşğul olaram, daha niyə Salyana gedim ki?”

Q. Paşayeva heç bir obyekti olmadığını bildirib: “Bir daha bəyan edirəm, mənim nə Xızıda, nə Salyanda, nə millət vəkili olduğum Tovuzda, ümumiyyətlə, heç bir rayonda heç bir obyektim yoxdur. Şər-böhtan danışanlara isə deyirəm ki, ayıbdır... 7 ildən artıqdır ki, millət vəkiliyəm, amma Tovuz rayonunda özüm və ya ailəm üçün 5 sot torpaq sahəsi belə almamışam, heç bir bizneslə məşğul olmuram. Tam əksinə, atamızdan qalan bağımızı da kasıb bir ailəyə vermişik ki, dolansınlar... Təssüf ki, sosial şəbəkələrdə istədiyi yalanları yazıb, iftiralar atmaq həyatda ölkəmiz, millətimiz, insanlıq üçün heç bir iş görməyən bəzi insanların artıq xobbisinə çevrilib. Yazıqlar olsun belələrinə...”