BolgeXeber.Com » Müsahibə-Reportaj » Təhsilimiz repetitorluq məngənəsində

Təhsilimiz repetitorluq məngənəsində

8-11-2012, 14:15
Oxunub: 4 694 Əlövsət Osmanlı: “Bir çox dərsliklərdə yazılanları başa düşmək üçün “təfsirçilər” lazım gəlir”

Bir reallıqdır ki, bu gün repetitorluq ölkə təhsilini çökdürüb. Təhsilimiz repetitorların çiynindədir desək, yəqin ki, yanılmarıq. Bu biabırçı prosesin 10-11-ci sinifləri ağuşuna almasının səbəbini müəyyən mənada anlamaq olar. Amma indi o da üzə çıxır ki, “kurikulum” deyilən nəsnənin tətbiqinə başlanıldıqdan sonra “repetitorluq” xəstəliyi sürətlə ibtidai siniflərə də keçməyə başlayıb...

Artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundayıq. Təhsil eksperti, riyaziyyat üzə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə söhbətimiz də məhz bu məsələ ilə bağlıdır.

– Əlövsət müəllim, Sabunçu rayonunun 252 saylı məktəbində çıxışı zamanı təhsil nazirinin repetitorluqla bağlı səsləndirdiyi fikirlərlə yəqin ki, tanışsınız. Bu, nəyin göstəricisidir?

– Açığını deyim, hazırda çox qorxulu tendensiya ilə üz-üzə dayanmışıq. Nazir deyir: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, oranın sakinləri kasıbdır, onlar repetitotlara az pul verdiklərindən nəticə yaxşı olmayıb”. Bu, bir tərəfdən, pedaqoji dəyərlərin nə dərəcədə aşındığını, digər tərəfdənsə təhsil məmurlarımızın repetitorluğa dağıdıcı “anti-məktəb prosesi” kimi yox, “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxmağa başladıqlarını göstərir. Təhlükəli olan da elə budur! Axı məktəb kompleks təlim-tərbiyə müəssisəsidir. Repetitor isə təlim-tərbiyə ilə yox, şagirdi yalnız konkret fənn üzrə test sualları əsasında hazırlaşdırır...

– Sizcə, repetitorluğun məktəb və bağçalara belə sürətlə yol tapması nə ilə bağlıdır? Bu, direktorların özbaşınalığı ilə əlaqədar ola bilərmi?

– Qanunlar nöqteyi-nəzərindən yanaşanda bu, nəinki özbaşınalıq, hətta açıq-aydın cinayətdir. Repetitorluq birmənalı olaraq strateji sahə olan təhsil sistemini dağıdır. Türkiyədə bu problemlə bağlı gedən ciddi müzakirələrdən yəqin ki, xəbərdarsınız. Ərdoğan yumruğunu masaya vuraraq məntiqi bir sual ortaya qoydu: “Okul varsa, dərshanə nədir, dərshanə varsa, okul nədir?”. Baxmayaraq ki, Türkiyədə dərshanələr qanuni şəkildə fəaliyyət göstərirlər, başbakan üzümüzə gələn ildən bu məsələyə son qoyulacağını elan etdi. Amma mövcud reallıqlar nöqteyi-nəzərindən yanaşanda bizdə heç bir özbaşınalıq yoxdur. Çünki direktor təhsil sisteminə rəhbərlik edənlərin “xeyir-duası” olmadan məktəb daxilində repetitorluq institutu yaratmaq cürətinə sahib deyil. Bu günlərdə “Yeni Müsavat” qəzetinin yazarı Sevinc Telmanqızının ibtidai siniflərdə repetitorluğun baş alıb getməsilə bağlı bir reportajını oxudum. Orada müəllimlərin şagirdlərdən bu “xidmət” müqabilində nə aldıqları və kimə nə verdiklərinin sxemi göstərilib. Siz deyin, gözlərindən ağcaqanad belə “yayınmayan” nazirlik məmurlarının xəbəri olmadan bu işlə məşğul olmaq mümkündürmü?!

– Diqqət etmisinizsə, həmin reportajda müəllimlər valideynlərə “repetitorluq” xidmətini təklif etmələrinin səbəbini kurikulumların və dərsliklərin çətinliyilə əlaqələndirirlər. Buna necə baxırsınız?

– Bu “xidmət” əvvəllər də var idi, amma indiki qədər kütləvi hal almamışdı. Repetitorluq “təpəgöz” kimi bir şeydir. O, məktəblərdə təhsilin çökməsi nəticəsində təşəkkül tapıb. İndi isə o qədər böyüyüb ki, nəinki məktəbi, hətta millətin gələcəyini yeməyə başlayıb. O ki qaldı kurikulumlar və onlar əsasında hazırlanmış dərsliklərin çətinliyinə, bu məsələdə müəllimlərlə tamamilə razıyam. Azərbaycanda məktəblərə “kurikulum” adı ilə sırınan sənədlər nəinki müəllim və valideynlərin, hətta dərslik işi ilə məşğul olan nəşriyyatların da başının bəlasına çevrilib. Ona görə də onlar “əsasında” hazırlanmış bir çox dərsliklərdə yazılanları başa düşmək üçün “təfsirçilər” lazım gəlir. Bu işi ağlı, başı, savadı və vicdanı yerində olmayan müəlliflərə və naşirlərə həvalə edəndə isə vəziyyət daha da qəlizləşir. Təhsil məmurları sistemi məhz belə bir dalana dirəyiblər...

– Bir təhsil mütəxəssisi olaraq vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

– Vəziyyətdən çıxış yolu haqqında mətbuatda konkret təkliflərimi bildirmişəm. Bu cür təkliflərlə başqa həmkarlarım da çıxış ediblər. Amma hazırda hamı kimi mən də yeni “Təhsil strategiyası” sənədinin rəsmən açıqlanmasını gözləyirəm. Bəlkə bu sənəd Azərbaycan təhsilinin xilasına yol aça bildi...