BolgeXeber.Com » Müsahibə-Reportaj » Rüstəm İbrahimbəyov: “Vahid Mustafayevin filmini xaricə çıxartmaq ziyan gətirər”

Rüstəm İbrahimbəyov: “Vahid Mustafayevin filmini xaricə çıxartmaq ziyan gətirər”

17-11-2012, 13:20
Oxunub: 4 692 “Qarabağ haqqında səviyyəli film çəkilməlidir”

Oskar mükafatçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun müsahibəsi:

- Rüstəm müəllim, Qənirə Paşayeva Milli Məclisdə maraqlı bir təkliflə çıxış edib. Deyib ki, Azərbaycan gerçəklərini özündə əks etdirən və beynəlxalq film festivallarında nümayiş etdirilə biləcək səviyyədə bədii filmlər hazırlanmalıdır. Və bunun üçün büdcədən ayrılmalar olmalıdır. Bu təklifə münasibətinizi bilmək istərdik.

- Qənirə Paşayeva düz deyir. Amma film çəkməklə büdcə məsələlərini qarışdırmaq düzgün deyil. Büdcəni də müzakirə etmək lazımdır. Özü də bu çox vacib məsələdir. Hər şeyin yeri və vaxtı var. Büdcədə kino üçün ayrılmış vəsait olmalıdır ki, ortalığa çıxardılası bir film çəkilsin. Mənə elə gəlir ki, belə filmlər mütləq çəkilməlidir. Amma bir düşünün ki, bu filmə dünya tamaşaçısı baxacaq. Film bədii tərəfdən yüksək səviyyəli olmalıdır. Yəni ona baxanda biz bir tərəfdən dünya ictimaiyyətinə həm öz nəzərlərimizi çatdırmalıyıq, digər tərəfdən isə bədii formada elə müdafiə olunmalıyıq ki, bizə deməsinlər ki, bu “propoqanda”dır. Bu da çox mürəkkəb məsələdir. Onu həyata keçirmək üçün nazirlikdə, mədəni sferada ağıllı adamlar işləməlidir ki, hamı bunun öhdəsindən gələ bilsin. Mən Qənirə Paşayeva ilə 100 faiz razıyam. Belə film mütləq olmalıdır. 5-6 ildir ki, biz bu mövzuda gecikirik. Ermənilər bununla bağlı bir neçə film çəkib, özü də uğurla. Amma biz onların qarşısına nə ilə çıxırıq?

- Bu günə kimi Dağlıq Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı dövlət əhəmiyyətli film çəkməyə nələr və kimlər maneə olub?

- Mən dəfələrlə demişəm ki, bizim iqtidar başqa şeylərlə məşğul olur. Yəni, pul qazanmaqla... Belə mövzular onları maraqlandırmır.

- Bu yaxınlarda Vahid Mustafayev “Xoca” filmini çəkdi. Bu filim barədə cəmi bir-iki mütəxəssisdən tənqidi fikirlər eşitdik. “Xoca”nı Azərbaycan həqiqətlərinin carçısı kimi təqdim etmək olarmı?

- Mən istəməzdim bu barədə danışam, amma məcburam. Xoca” kimi filmlər Azərbaycandan kənara çıxa bilməz. Çünki “Xoca”nın səviyyəsi belədir... Təəssüf... Təəssüf və bir də təəssüf... Mən demirəm, camaata belə filmlər də lazımdır. Amma Qarabağ hadisələri və Xocalı soyqırımından bəhs edən film çox keyfiyyətli, çox səviyyəli olmalıdır.

- Ümumiyyətlə, Rüstəm İbrahimbəyov “Xoca”ya baxıb?

- Bəli.

- “Xoca” haqqında mütəxəssis fikrinə ehtiyac var. Çünki bu günlərdə Mirşahin Agayev bu film haqqında dediyi fikirlərə görə, kinorejissor Eldəniz Quliyevi “Ağ evin qarşısında dilənən dilənçiyə” bənzətdi...

- Mən bu məsələdə Eldəniz Quliyevin tərəfindəyəm. Çünki “Xoca” ancaq Azərbaycanda nümayiş olunmalıdır. “Xoca”nı ölkədən kənara çıxarmaq olmaz. Azərbaycan xalqını daxili tamaşaçıları, camaatın ruhunu qaldırmaq üçün belə filmlərin sayını artırmaq olar. Açıq aydın bilməliyik ki, filmin səviyyəsi belədir. Başqa ölkələrdə “Xoca”nı nümayiş etdirmək bizə ancaq ziyan gətirə bilər.

- Qənirə Paşayevanın qaldırdığı məsələ ilə bağlı necə, mütəxəssislər dəvət olunmalıdır? Niyə Vahid Müstafayev bu mövzuda film çəkir, “OSKAR” mükafatçısı Rüstəm İbrahimbəyov kimi insanlar kənarda qalır?

- Vahid Mustafayev kimi adamlar əllərindən nə gəlir, onu da edirlər. Çünki hökumət bu işlərlə məşğul olmur. Amma bizim bir neçə filim var ki, bir neçə festivalda uğurla nümayiş olundu. Mən bir neçə dəfə təşəbbüs göstərmişəm. Təkliflər vermişəm. Amma təəssüflər olsun ki, Rüstəm İbrahimbəyovun verdiyi ssenariləri bəyənmirlər. Bunun da səbəbi var.

- Nədir səbəbi?

-Yuxarıdan tapşırıq verilib ki, Rüstəm İbrahimbəyovla bağlı heç bir ssenari götürülməsin. Mədəniyyət və Turizm naziri Rüstəm İbrahimbəyovla heç bir bağlantı qurmasın, əlaqə yaratmasın. Yəni, mənimlə bağlı nə varsa, hamısı qadağandır. Söhbət siyasətdən deyil, mədəniyyətdən gedir. Amma bizdə hər şeyi qarışdırırlar. Dəfələrlə demişəm ki, mən siyasətçi deyiləm. Mən ancaq ağa ağ, qaraya qara deməyin tərəfdarıyam. Mən Azərbaycanı bürüyən yalana qarışa bilmərəm. Mən bunu etsəm, nə yazıb poza, nə də kino çəkə bilərəm. Mən öz şəxsiyyətmi də qorumalıyam. Bu xəstəlik kimi şeydir. Bir iki dəfə qoşulsan, tərgitə bilməyəcəksən.
Mən beş altı məmura ancaq təəccüblənirəm. Hansı ki, onlar bizim hökuməti idarə edirlər. Özləri kobud hərəkətləri ilə çox adamları, yatanları oyadırlar və yersiz özlərinə düşmən edirlər. Biz dəfələrlə kino ittifaqında belə məsələləri müzakirə etmişik. Demişik ki, Qarabağ haqqında səviyyəli film çəkilməlidir. Bu təkliflərlə Mədəniyyət və Turizm Nazirliyinə də paketlər göndərmişik. Onların maraqları başqa şeylərdir. Əgər yuxarıdan onlara tapşırıq verilməsə, heç nə etməyəcəklər.