BolgeXeber.Com » Müsahibə-Reportaj » “Tağı Əhmədov əsl kişidir”

“Tağı Əhmədov əsl kişidir”

19-11-2012, 11:55
Oxunub: 5 710 “Guya mən yaltaqlıq edirəm”

“İndi bu it evləndirmək məsələsində qaynata kimdir, gəlin kim?”

Son günlərin ən çox müzakirə olunan şəxslərindən biri də müğənni Səyyad Əlizadədir. O, öncə “Bizim Metropoliten” klipi, daha sonra isə ölüm xəbəri ilə gündəmi zəbt etdi. Elə biz də onunla həmsöhbət olduq.

Səyyad Əlizadə ilə redaksiyamızda görüşü planlaşdırsaq da, daha sonra müğənni bizi “villa”sında qarşılamağa söz verdi. Müğənninin dili ilə desək o bu illər ərzində villası kimi təqdim etdiyi “Yaradıcılıq Mərkəzi”ni yaratmaqla məşğul olub:

- “Yaradıcılıq Mərkəzini 2003-cü ildən yaratdıq. Özümə villa tikdirməyi deyil, məhz bu mərkəzi yaratmağı düşünürdüm. İki minə yaxın köhnə mahnıları təmizləyib bərpa eləmişik. Onları müasir standarlara cavab verən disk halına salmışıq. Burada bütün ölməz sənətçilərin mayhnısı yer alıb. Sonra isə işimizi daha da genişləndirmək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Çünki çox vəsait tələb olunurdu. Nazirlik məşğul olacağını desə də, hələ də cavab gəlməyib”.

- Səyyad bəy, ikinci dəfə ölüm xəbəriniz yayıldı və yenə də avtoqəzada həlak olduğunuz qeyd olunmuşdu. Yaşayarkən ölüm xəbərini almaq necə hissdir? Üstəgəl bu dəfələrlə baş verərsə?
- Noyabrın 14-ü məni “öldürmüşdülər”. Həmin gün yağış da yağırdı, tıxacdaydım. Bir də gördüm “Space”də işləyən dostum var, zəng vurub dedi ki, Allaha şükür səsini eşitdim. Mən dedim ki, başa düşmədim, nə olub ki? Sonra dedi ki, bəs saytlarda xəbər yayılıb ki, qəzaya düşmüsən, rəhmətə getmisən. Bu günə qədər də zənglər alıram. Bəziləri heç zəng vurduqlarının səbəbini də demirlər. Elə hal-əhval tutub sağıllaşırlar. Amma bilirəm ki, ona görə zəng vurublar. Yaxınlarım, doğmalarım çox həyəcan keçirdi. Onsuz da bir gün gələn, gedəcək. Əcəl deyilən bir şey var. Bu bəd xəbərdir. O xəbərə görə səkkiz yaşlı oğlum niyə ağlamalıdır? Oğlumun göz yaşlarına onu yazan dəyməz.

- Siz təkcə ölüm xəbəri ilə deyil, son klipiniz “Bizim Metropoliten”mahnısı ilə gündəmə gəldiz. Niyə məhz metro? (Bu arada müsahibimiz dəfələrlə gündəm sözünü bəyənmədiyini diqqətimizə çatdırıb)
- Mən heç vaxt gündəmdə qalmağa, populyar olmağa can atmamışam.Mənim üçün ən böyük xoşbəxtlik insanların üzünə düz baxmaqdır. Mənim iki ixtisasım var, həm mühəndisəm, həm incəsənətdə oxumuşam. Kiyevdə də metrotikinti idarəsində mühəndis işləmişəm. Metroda işləyənlərin necə ağır şəraitdə işlədiklərinə şahidəm. Mən o kollektivə yaxınam və mənə heç kim mahnı yazmağı təklif etməyib. Bu mənim öz təşəbbüsüm olub. Klip hazır olanda isə rəhbərliyə dedim. Metropoliten böyük bir təşkilatdır və sözün əsl mənasında xalqa xidmət edir. Kim onu necə qəbul edir, mən bilmirəm. Amma düşünmürdüm ki, bu mahnı belə səs-küyə səbəb olacaq.

- Siz Kiyevdə mühəndis işlədiyinizi dediz. Bildiyimizə görə Tağı Əhmədovlada iş yoldaşı olmusuz. Belə çıxır Kiyevdə birgə işləmisiz?
- 1982-ci ildə universiteti qurtardım, məni Kiyevə göndərdilər. Gördüm musiqisiz qala bilmirəm, iki il sonra Bakıya qayıtıdm. Bakı Tunel Tikinti İdarəsində Tağı Əhmədovla tanış olduq. Onda Elmlər Akademiyası tikilirdi.

- Tağı Əhmədov necə dostdur?
- Mən hər kəsə elə dost arzulayıram. Cəmiyyət onu yaxşı tanımır. Əsl kişi deyəndə Tağı Əhmədov yada düşür. O, əsl kişidir. 30 il bundan qabaq onu necə tanımışamsa, indi də eldir. Heç bir vəzifə onu dəyişməyib.

- Elə bu an otaqda Tağı Əhmədovun fotosu olan diski görürük.
- Bu Tağı Əhmədovun 60 yaşı münasibəti ilə buraxılmış diskdir, mənə hədiyyə ediblər. Tağı müəllim 18 yaşından şeir yazır. Onun sözlərinə mahnı da oxumuşam.

- Pulla alırsız mahnıları?
- Nə pul? Tağı müəllim mənim dostumdur, bəyəm mən diskdən pul qazanıram, pulla da mahnı alım?

- Yeri gəlmişkən klipdəkilər metro işçiləri idi?
-Əlbəttə, klipdəkilər metro işçiləri idi, yoxsa biz o qədər formaları hardan alardıq? İki ay onlarla məşğul olduq.

- Amma klip birmənalı qarşılanmadı...
- Haqqımda ağızlarına gələni yazırlar ki guya mən yaltaqlıq edirəm. Kimə? Metropolitenə, vaqonlara, yoxsa qızlara? Mən ordan bir qəpik pul da almamışam. O klipi özüm çəkmişəm. Mən təmənnasız insanam. Deyirlər ki, başqa məqsədim olub. Əgər başqa məqsədim olsa, yuxarı instansiyalara mahnı oxuyaram da, metropolitenə niyə oxuyum?

- Tağı müəllim klipi bəyəndi ?
- Təbii ki, bəyəndi. Mən dostluq elədiklərimlə təmannasız dostam. Bunu məni tanıyanlar bilir. Tağı Əhmədov o qədər kövrək insandır. Cəmiyyətimiz onu yaxşı tanımır. Tağı Əhmədov olmasaydı, metropoliten dağılırdı. Siz bilirsiz Tağı müəllim orda nə qədər iş görüb? Metroda o qədər inkişaf var ki. Dost kimi də mərd, sözübütöv çox ürəyi yumşaaqdır. Bir kəlimə ilə gözündən yaş gəlir, yəni o qədər gözəl insandr.

- Müğənnilər adətən məmurlarla yaxın dost olur. Tağı Əhmədovdan başqa kimlərlə münasibətiniz yaxşıdır?
- Mənim hər kəslə münasibətim yaxşıdır. Məmurlar da dövlətə, bu xalqa xidmət edir, biz də.

- Niyə hər kəslə münasibətinizin yaxşı olmasına çalışırsız? Nədən ehtiyat edirsiz?
- Həyatı lazımsız dedi-qoduya, qalmaqala sərf etmək olmaz.Təsəvvür edin bir dəfə telekanalların birində cavan bir oğlan mənə dedi ki, sizdən xoşum gəlmir. Mən də ona dedim ki, amma mənim səndən xoşum gəlir. Səbəbi isə sözün düzünü üzümə deyirsən, arxada danışmırsan. Ən azından azərbaycanlısan, cavansan. İnsan kamilləşəndə başqa cür düşünür, hər şeyə geniş baxır. Səhəri gün oğlan məndən üzr istədi ki, bağışla evdə atam-anam məni öldürürdülər ki, sən ona nə dedin, o nə cavab verdi. Kimsə burnundan qabağı görə bilir, bəziləri isə görmür. Görə bilməyənlər pis əməllər edir.

Bu gün nə edirsiz? Nə işlə məşğulsuz? Bir az ondan danışın?
- Ötən ay “Bəyaz gecələrdən bəyaz xatirə” adlı albomumuzun təqdimatı oldu.

- Niyə bu barədə heç kimin xəbəri olmadı? Xalqa xidmət edirsizsə, gərək sizdən xalqın xəbəri olsun da
- Vallah, çağırmadım deyəndə televiziydan bir-iki nəfər var idi. Bəlkə də düz deyirsiz, işi görəndən sonra gərək göstərək. İldə bir-iki dəfə xaricdə konsertimiz olur. Bu barədə danışmağa, əlimdə bayraq etməyə çalışmıram. Mənim işim budur da.

Siz deyirsiz ki, iş görürsüz, mahnı yazırsız, amma “Bəyaz gecələr”dən sonra biz sizi görə bilmirik. Özünüz görünmək istəmirsiz, yoxsa sizə ehtiyac yoxdur? Bəlkə, yeriniz tutulub?
- Nə olsun ki, Zeynəb Xanlarova efirə az-az çıxır da. O tutan zirvəni Azərbaycanda heç kim tutmayıb. Onu kim əvəz edə bilər? İndi o qədər üzdən iraq özünə müğənni deyən insanlar ortaya çıxır. Hələ mən bilmirəm mənə müğənni demək olarmı? Müğənni olmaq üçün gərək sənətdə 20 il olasan. “Bəyaz gecələr” mənim həyatımdır. Düşünmürdüm ki, bu qədər seviləcək. Mənim mahnılarm bütün şərqdə sevilir, amma yenə də demirəm belə oxuyanam. Gələn il “Bəyaz gecələr” ansamblının 20 yaşı olacaq.

- Onda sizə demək olar, 30 ildir burdasız
- Bunu xalq desə, daha yaxşı olar. Mən hər dediyim sözün məsuliyyətini daşıyıram. Bəzən qarşılaşıram ki, yazırlar “sənətdə 1 il”. Bir il sənət olar? Mən klipi bir ilə çəkirəm. Mən bu albomdakı mahnıları 5 ilə yığmışam. Mənim yaradıcılığım həmişə davam edir.

- Amma hələ də “Bəyaz Gecələr”in kölgəsindəsiz?
- Niyə ki, təkcə “Bəyaz gecələrdir”ki? “Gül ki, ürəyim gülsün”, “Dolanım başına dolanım”, “Harda qaldın?”, “Qaranquşlar gələndə”. Bəyəm bunlar dillər əzbəri deyil? Vağzalını saxlayırdılar, toya bəy-gəlin “Qaranquşlar gələndə”ilə girirdilər.

- Sizdən sonra gələn müğənnilər artıq ya əməkdar, ya da xalq artisti adını alıblar. Sizin isə heç bir adınız yoxdur? Biraz küskün görünürsüz
- Mən küsüb eləmirəm. Ad vermək də bir tale yazısıdır. Mənim heç kimə paxıllığım yoxdur.

Əli Mirəliyev iddia edir ki, adları pulla alırlar? Siz niyə pul vermirsiz?
- Əli Mirəliyevə hörmətim var. Amma gözünlə görmədiyin şeyi demək ayıbdır. Nətər pul verib yəni? Sənin yanında veriblər?

Bu çox sadə bir şeydir. Əli Mirəliyevə inandırıcı gəlmir ki, filan müğənni o adı ala bilər
- Təsadüfdən olur da. Məsələn Türkiyə yığması 2002-ci ildə keçirilən dünya çempionatında üçüncü yeri tutdu. Amma ona layiq başqa komandalar var idi. Bəxtləri gətirdi.

- Yəni bu adlar lotereya kimidir?
- Ola bilər. Mən düşünürəm ki, o şeyi ki bilmirsən onu demək olmaz. Məncə, bu mükafatları daha çox şəxsi münasibətləri olanlara verirlər. Mənə gəlincə isə, adın vaxtı çoxdan keçsədə, xalqımız, camaatımız məni gülərüzlə qarşılayır. Istəyirəm bu sevgi itməsin. Dövlətimiz də adı gec-tez verəcək.

Telekanallarda görünmürsüz? Deyirlər ki, müğənnilər efirə çıxmaq üçün pul ödəyirlər, sizdən istəyən olub?

- Mən hər verilişə gedə bilmərəm, elə verilişlər var ki, əyləncə xarakterlidir. Mən orada özümü görmürəm. Mən xarakterimə uyğun deyil. Mən gedib haradasa tullanıb düşə bilmərəm. Düzdür, tullanıb düşdüyümüz yerlər də var, futbol oynayırıq. Amma efirdə camaat qarşısında elə ola bilmərəm. Bu mənim xalqa olan hörmətimdən irəli gəlir. Yemək verilişlərinə məni çox çağırıblar, getməmişəm.

- Səyyad bəy, ola bilməz ki, hamıyla yola gedirsiz?
- Məni münaqişəyə çəkmək istəyiblər. Bir bəstkar gəlib mənə “Filan müğənni deyib ki, Səyyad nə oxuyandır?” sözünü çatdırdı. Mən isə həmin bəstəkara dedim ki, mən isə o müğənnini bəyənirəm. Yaxşı oxuyandır. Mən bu cavabı verəndə bəstəkar təəccübləndi ki, belə cavab olar? Mən hisslərlə söhbət etmirəm, həqiqətən də o müğənnini bəyənirəm. İndi o məni bəyənmir də ola bilər.

- Bunun adı siyasətdir?
- Yox, mən olanı deyirəm. Mən səmimi adamam, nəyi siyasətdir? Sonra o adam məni görəndə qıpqırmızı oldu, onda hələ tanınmırdı.Mən ona dedim ki, sən yaxşı oxuyansan, tezliklə tanınacaqsan.

Tutaq ki, o sizi bəyənmir? Bu qəbahətdir ki? Niyə həmin adamı utandırmaq istəyirsizki?
- Mən nə düşünürəmsə, onu deyirəm. Bu onun fikridir. Mən çox çətinlik görmüş bir insanam. Gözümün işığı olsun professional deyilsə, mən onu yanımda işlətmərəm. Mən ən xoşuma gəlməyən müğənniyə belə cəmiyyətdə demərəm ki, sən pis oxuyursan.

- Şou biznesdən niyə xoşunuz gəlmir?
- Məncə, şou sirkdədir, biznes də bazarda. Mən özümü xoşbəxt sayaram ki, adım sənət adamları arasında olsun. Şou-biznes mənlik deyil, xarakterim də ona uyğun deyil. Kişinin qaş alması bizim cəmiyyətə yad bir şeydir, qaş aldırmaq qadına məxsusdur. Mən belə şeyə piz baxıram. Mən istəmirəm Azərbaycan oğlanları qulaq sırğalı olsun. İstəyirəm əsl kişi olsunlar. Kişi o demək deyil ki, cinsi kişidir. Gərək kişi xarakterin olsun.

- İtlərin toyundan xəbəriniz var?
- Maraqlanmram bu məsələlərdən. Mənim həm Nadir Qafarzadəyə, həm də Səməd Səmədova böyük hörmətim var.

- Bəs itlərinə?
- Ümumiyyətlə mən evdə it saxlamaığın əleyhinəyəm.

- Niyə?
- Ona görə ki, it itdir də. (Gülür) İt həyətdə olar.

-Bunun nəyi pisdir ki, heyvana qayğı göstərib evdə saxlayırlar?
- Mən düşünürəm ki, insanla heyvan bir yerdə qala bilməz. İndi bu it məsələsində qaynata kimdir, gəlin kimdir? Çox gülməlidir. Mən bu xəbərə inanmıram. Bu da mənim ölüm xəbərim kimi yalandır. Nə Nadir, nə də Səməd elə iş görər.

- Bu xəbər o xəbərdən deyil, Nadir Qafarzadə təsdiqləyib
- Nadir zarafatcıldır, o mərd oğlandır.Elə şey ola bilməz.

Toya gedirsiz də, ordakı ab-hava sizi qane edir?
- Elə məclislərimiz var yaxşıdır. Toyun sahibindən asılıdır.

- Mən təkcə maddi baxımdan nəzərdə tutmamışdım. Bəlkə də eşitmisiz Azərbaycanda bir qrup yazar bugünkü toy dəbdəbələrinə etiraz kampaniyasına başlayıb.Toy adamı olaraq bu cür kampaniyalara münasbətiniz?
- Toylar 15 il olarki restoranlarda keçirilir. Əvvəl çadırlarda olurdu, İndi toylarda neqativ hallar var. Gedib 100 manat toya atrsan, amma 100 manatlıq nəsə yemək mümkün deyil. Burda haqsızlıq var, kimlərinsə haqqı tapdanır. Buna yüksək səviyyədə baxılmalıdır. Amma toy elimizin adətidir.

Ayda neçə toya gedirsiz?
- Onu deyə bilmərəm. El olur ki, həftədə 2-3 toya gedirəm, elə həftə heç getmirəm.

- Daha çox rayonlara, yoxsa Bakıya gedirsiz toylara?
- Ən çox Bakıda toylara gedirik . Rayonlarda xaricdə yaşayan soydaşlarımız olur, imkanı olanlar çağırır da. Sizə bir şey danışım. Mən Masallının Miyankü kəndi var, orda pulsuz toya getmişəm. (yazının müəllifi də həmin kənddən olduğu üçün bu xəbər inandırıcı gəlməsə də, doğrudur) Bəy mənim fanatım idi, dedi ki, çox istəyirəm toyumda olasız, amma pulum yoxdur. Mən dedim ki, get toyu avqustun 19-da et, gələrəm. O da həmin günə saldı. Sonra mənə Moskvadan zəng vurdular ki, Amerikadan qonaqlar gələcək, toyda iştirak etməlisiz. Mən razılaşmadım, elə bildilər qiymət aşağıdır. Qiyməti dəfələrlə qaldırdılar, amma mən getmədim. Onlara izah etdim ki, problem qiymətdə deyil, mən o toya pulsuz gedirəm. Mən həmin məbləği rədd edib Masallıya toya getdim. Bu sınaqdır. Allah mənə tamah verməyib.

- Azərbaycanda bütün müğənnilərin nəsə bzinesi var, siz nə ilə məşğulsuz?
- Bizneslə bağlı heç bir fəaliyyətim yoxdur. Allahım bu səsi görməsin. Məncə, xoşbəxt olmaq üçün çox pul lazım deyil. Bu boyda fatehlər gəlib-gedib. Kim nə aparıb? Təkcə bu yaradıcılıq mərkəzini yaratmışam.

- Ailənizdə vəziyyət necədir? Bildiyimizə görə övlad itkisi yaşamısız
- Bəli, Məhəmməd Allahın dərgahındadır. Atabəy ikinci sinfə gedir, Məhəmmədlə əkiz idi. Amma o iki yaşında öldü. Qızım da Şəhladır. 15 idən sonra əkizlərimiz oldu. Ən qatı düşmənimə belə övlad dağı arzulamıram. Çox dəhşətlidir.

- Siyasətlə maraqlanırsız?
- Mən tarixə meyilliyəm, ona görə tarixi əsərlər oxuyuram.

- Deməli kitab da oxuyursuz.
- Saçımız sayı qədər kitab oxumuşam.

- Nə oxumusuz və indi nə oxuyursuz?
- Hazırda Salatın Əhmədzadənin “Analar köç edəndə” bayatılar kitabını oxuyuram. Mən mütəmadi olaraq kitab oxuyuram. İndi daha çox çox şeir kitabı oxuyuram.

- Bayağı mahnılara münasibətiniz necədir?
- Bayağı mahnı nəyə deyirsiz?

- Elə sizin də mahnılarınızı buraya daxil edirlər. Bəzən “bozbaş” mahnılar deyirlər.
- Mən başa düşmürəm bayağı mahnı nəyə deyirsiz? Ola bilər mənim mahnılarıma da bayağı deyirlər. Bu həmin adamın əqidəsidr. Onda o nəyə qulaq asır? Mən heç kimə bayağı demirəm.