BolgeXeber.Com » Müsahibə-Reportaj » Körpəsi olan analar nə qədər ödəniş almalıdır?

Körpəsi olan analar nə qədər ödəniş almalıdır?

27-12-2012, 09:55
Oxunub: 6 184 İlham Məmmədov: “Əgər ana ünvanlı sosial yardım alırsa, aztəminatlı ailədirsə, hər ay uşaq üçün 40 manat ödənir”

Körpə uşaqlı anaları maraqlandıran məqamlardan biri də onlara dövlət tərəfindən ödəniləcək müavinətdir. Bolgexeber.com-a müraciət edən ana da bu suala cavab tapmaq istəyir. Yeni uşaq dünyaya gətirdiyini deyən oxucunun yazdığı məktubda qeyd olunur ki, heç yerdə işləmir və dövlətin uşağa baxmaq üçün aylıq pul verib verməməsini öyrənmək istəyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov Bolgexeber.com-a açıqlamasında bildirdi ki, işləyən analara uşağın 1 yaş yarımına kimi 20, yaşyarımından 3 yaşa kimi isə 10 manat aylıq müavinət verilir. Şöbə müdirinin sözlərinə görə, bu ödəniş uşağa qulluğa görə işləyən analara verilən sosial müavinətdir. Bu məbləğ Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.
İ.Məmmədov qeyd etdi ki, əgər ana ünvanlı sosial yardım alırsa, aztəminatlı ailədirsə, hər ay uşaq üçün 40 manat ödənir: “Bu məbləğ valideynə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin yerli sosisal müdafiə mərkəzləri tərəfindən ödənilir. Hər iki valideyn işləmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni doğulmuş uşağa görə birdəfəlik 82 manat 50 qəpik südpulu müavinəti verilir. Əgər valideynlərdən biri işləyirsə, həmin birdəfəlik süd pulu müavinəti Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir”.
Qeyd edək ki, 2011-ci ilin dekabrında Azərbaycanda yeni doğulmuş körpəyə görə ödənilən birdəfəlik müavinətin məbləği 75 manatdan 82 manat 50 qəpiyə qaldırılıb. Müavinəti almaq üçün valideynlərin şəxsiyyət vəsiqələrinin surəti, nikah haqqında şəhadətnamə, uşağın doğum şəhadətnaməsi, yaşayış yerindən arayış lazımdır. Hər il ölkədə təxminən 90 min yeni doğulmuş körpəyə görə birdəfəlik müavinət ödənilir.