BolgeXeber.Com » Müsahibə-Reportaj » "Ramilin adından istifadə edirlər"

"Ramilin adından istifadə edirlər"

10-01-2013, 12:20
Oxunub: 5 964 Sahib Səfərov evlərinin söküləcəyi barədə xəbərin yalan olduğunu bildirdi

Bu gün mətbuatda Ramil Səfərovun atasının evinin söküləcəyi barədə xəbər yayılıb. Məlumata əsasən, Binəqədi rayonu Xocahəsən qəsəbəsi Motodrom qəsəbəsində məskunlaşan məcburi köçkünlərin yaşadıqları evlərin sökülməsi ehtimalı var. Qeyd olunur ki, Bakı Metropoliteninin rəsmiləri evlərini boşaltmaq barədə sakinlərə xəbərdarlıq edib: “ Əsasən Kəlbəcər, Ağdam, Zəngilan rayonlarından olan ailələrin yaşadığı evlərdən birində də milli ordunun zabiti Ramil Səfərovun ailə üzvləri yaşayır. Sökülmək ehtimalı olan mənzillərdən biri də məhşur zabitimizin ailə üzvlərinin yaşadığı mənzildir.
Ancaq köçkünlər bildirib ki, Ramil Səfərovun atası Sahib Səfərov bu məsələ ilə bağlı etirazçılar sırasına qatılmır. Sakinlərin bununla bağlı təklifinə Sahib Səfərov qoşulmaqdan imtina edib. Sakinlər bunu onun Metropoliten rəhbərliyi ilə gizli razılaşması ehtimalı ilə əsaslandırıb. İddialara görə, Sahib Səfərovun söküləcək evinin əvəzinə Bakının mərkəzində yeni mənzil veriləcək”.
Qeyd edək ki, mətbuatda Ramil Səfərov və ailəsi ilə bağlı tez-tez şaiyələr yayılır. Bu məlumatın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Sahib Səfərovla əlaqə saxladıq. Ancaq o, AzVision.az-a bildirdi ki, səsləndirilən iddiaların və xəbərin heç bir əsası yoxdur: “Heç bir məlumat bilmədən yazırlar belə şeyləri. Mənim xəbərim belə yoxdu bundan. Heç mənim və qonşularımızın evi plana düşmür, yəni söküləcəyi barədə bizə xəbərdarlıq edilməyib. Plana düşsə belə, kimlərəsə qoşulub etiraz edəsi deyiləm ki. Deməyəcəm ki, gedin başqa yerdə metrostansiya açın. Bu məsələ ilə hansı təşkilat məşğul olursa, onların məsləhətidir. Reytinq, xəbər xatirinə bizim adımızdan istifadə edib nə qədər belə yanlış informasiyalar yayırlar. Olmaz belə...”
Zabitin ailəsi bildirdi ki, bu cür xəbərlərin yayılmasında məqsəd Ramil Səfərovun adından istifadə edərək oxucu cəlb etməkdir. Onu da qeyd edək ki, S. Səfərovun bu barədə heç sakinlərlə də hər hansı söhbəti olmayıb. Yəni onların irəli sürdüyü iddia tamamilə yanlışdır.