BolgeXeber.Com » Müsahibə-Reportaj » Əsgər valideynləri dəhşətli faktlar açıqladı

Əsgər valideynləri dəhşətli faktlar açıqladı

30-01-2013, 12:25
Oxunub: 6 442 2 gündə 3 ölüm xəbəri; dünyasını dəyişən 20 günlük əsgərin yaxınları nələr dedi?

Son iki gündə 3 əsgər ölümü barədə məlumatlar mediaya çıxdı. 20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişməsi xəbəri, 7 ayın əsgərinin özünə intihar etməsi və 45 gün hərbi xidmətdə olan əsgərin meningitdən vəfat etməsi. Öncədən bildirək ki, dünyasını dəyişmiş hər üç əsgərin yaxınları rəsmi məlumatın gerçəkliklə uzlaşmadığını söyləyirlər.

20 günün əsgəri qripdən ölüb?

Öncə 20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişməsiylə bağlı məlumata baxaq. Hadisə yanvarın 28-i Daxili Qoşunların hospitalında qeydə alınıb. Bəlli olub ki, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılan, 1991-ci il təvəllüdlü Rüstəmli Toğrul Kamran oğlu xəstəlikdən vəfat edib.
Ötən gün metronun “Qara Qarayev” stansiyasının yaxınlığında əsgərin yas mərasiminə getdik. Mərhumun valideyni deyir ki, Toğrul Rüstəmli hərbi xidmətə yollandıqdan sonra iki dəfə yanına gediblər: “Daxili Qoşunlarda xidmət edirdi. Heç bir problemi olmadığını demişdi. Hər şey qaydasında idi. Ikinci dəfə yanına gedəndə qripləmişdi. Sonuncu dəfə yanvarın 27-də yanına getmək istəyəndə bizə zəng etdi. Dedi ki, yanıma gəlmək fikriniz varsa, gəlməyin. Qrip olduğunu söylədi, dedi ki, bayıra çıxmaq istəmir. Axşam saatlarında məlum oldu ki, o, Daxili Qoşunların hospitalındadır. Yanvarın 28-i səhər saat 4-5 radələrində dünyasını dəyişib. Bizim dövlətdən, ordudan şikayətmiz yoxdur. Sadəcə, həkim səhlənkarlığı olub. Iki həftəyə ekspertiza rəy verəcək. Ondan sonra ətraflı danışa biləcəyik”.
Mərhum əsgərin qohumu olan keçmiş deputat Nazim Məmmədov deyir ki, son aylar qeyri-döyüş şəraitində əsgərlərin həyatını itirməsi narahatçılığa səbəb olub: “Yas mərasimində olanda insanların mənə və bir-birlərinə ünvanladığı ”bu nə vaxta qədər davam edəcək", “ordu rəhbərliyi nə vaxt məsuliyyət daşıyacaq” tipli suallar eşidilirdi. Ölən əsgərlərin valideynlərinin etirazına baxmayaraq ciddi cəzalar yoxdur. Bu da valideynləri övladlarını hərbi xidmətdən yayındırmaq üçün müxtəlif yollar aramağa sövq edəcək. Torpaqları işğal altında olan ölkə üçün bu çox təhlükəlidir. Vəfat etmiş əsgər qohumum elə bir ailədəndir ki, nəsildə üç nəfər ərazi bütövlüyü uğrunda şəhid olub".
Nazim Məmmədov deyir ki, valideynlərinə məlumat veriblər ki, son iki gündə qrip olub: “Niyə əsgəri həmin günü hospitala aparmayıblar? Əsgəri huşunu itirmək məqamında hospitala gətiriblər. Hospitala gələndə də öz ayağıyla gəlib, yəni xərəkdə getməyib. Burada səhlənkarlıq var. Hərbi hissənin müvafiq komandirləri məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda müalicədə iştirak edən həkimlərin işi araşdırılmalıdır”.
Nazim Məmmədov deyir ki, Toğrul Rüstəmli cüssəli olub: “Xəstə idisə, niyə hərbi xidmətə aparılırdı? Qeyri-döyüş şəraitində ölən əsgərlərin sayının artmasına görə Müdafiə Nazirliyinin yaydığı məlumatalara adamlar inanmır. Indi iddia edirlər ki, əsgər müalicə müəssisəsinə vaxtında yerləşdirilməyinə görə ölüb. Qohumum Toğrul məsuliyyətsizliyin qurbanı olub”.

“Oğlumu tapança ilə vurublar”

Ötən il dekabrın 9-da hərbi hissədə ölmüş 19 yaşlı əsgər Zeynal Zeynalov Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəyə 2012-ci ilin aprelin 28-də xidmətə çağırılıbmış. Rəsmi məlumatda deyilib ki, o, tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
Ancaq mərhum əsgərin anası Nazilə xanım bu məlumata şübhəylə yanaşır: “Dediklərinə görə, guya gizir ona təzyiq göstərib, söyüb, təpiklə vurub. Aralanıb gedəndən sonra guya oğlum özünü avtomatla vurub. Ancaq aldığım məlumata görə, oğlumu tapança ilə vurublar. Sən məni vurursan, mən də özümü öldürürəm? Heç nəyə sığmır bu dedikləri. Ört-basdır edirlər hər şeyi”.
Zeynal Zeynalov böyük qardaşı 20 yaşlı Muradla eyni hərbi hissədə xidmət keçirmiş. Hadisə Muradın doğum günündə baş verib. Ancaq həmin vaxt o hospitalda imiş. Bir müddət orada qalandan sonra yanvarın 29-da Bakıdakı hərbi hissələrdən birinə gətirilib. Onunla birlikdə Bakıya gələn anası Nazilə xanım nigarandır: “Heç bilmirəm övladımı hərbi hissədə əsgər paltarında necə qoyub gedəcəyəm?”.

“8 gündən sonra bildik ki, Elşən ölüb”

Başqa bir əsgər Elşən Novruzovun valideyni Səlbi Novruzova oğlunun rəsmilərin bildiriyi kimi meningintdən ölməsini təkzib edib. O, bildirir ki, Elşən zəng vuraraq hərbi hissədə incidildiyini deyib.
Oğlunun meningintdən ölmədiyini və onun hərbi hissədə döyülərək öldürüldüyünü iddia edən Səlbi Novruzova indiyədək oğlunun ölüm səbəbləri barədə hərbi prokurorluğun heç bir araşdırma aparmadığını deyib: “Elşən hospitalda olarkən onun yanına girəndə, boyun hissəsinin qızardığını və şişdiyini gördüm. Hərbi hissədən bizə məlumat verdilər ki, siz hərbi hissədən gedən gün komandir və bir neçə əsgər Elşəni döyərək boynundan təpiklə möhkəm vurdular. Nə oldusa ondan sonra oldu. Bu sözləri deyən əsgərlərin heç biri hazırda həmin hərbi hissədə yoxdu. Biz ikinci dəfə ora gedəndə həmin əsgərləri tapa bilmədik. Elşən hospitalda olanda bütün bədəni tamamilə hərəkətsiz idi. Mən çölə çıxıb səs-küy salanda ki, balamı öldürüblər, həkimlər məni sakitləşdirmək üçün Elşənin yaşadığını söylədilər. Təxminən 8 gün bizi aldatdılar ki, Elşən yaşayır. 8 gündən sonra bildik ki, Elşən ölüb. Halbuki, balamı ayın 19-u öldürmüşdülər”.
Bundan əlavə əsgər anası bildirib ki, övladlarını hərbi hissəsinin yaxşı yerinə saldırmaq üçün 1800 manat pul verdikləri Yevlax Hərbi Polisinin əməkdaşı Mirhəmid Nağıyev barəsində də rüşvətalama maddəsilə cinayət işi qaldırılıb.
Həmçinin əsgər anası onu da bildirib ki, Mirhəmid Nağıyev onunla bağlı edilən şikayətlərini geri götürmək üçün 30 min manatdan çox pul təklif edib.
Mərhum əsgərin atası Nəriman Novruzov oğlunun meyidinə qarşı edilən münasibətdən narazılığını bildirib: “Elşənin cənazəsini evə gətirəndə, bütün polisləri və icra başçısını tökdülər ki, hər hansı bir çəkiliş aparılmasın. Hətta imkan vermədilər ki, tabutu açıb meyidə baxaq”.