BolgeXeber.Com » Müsahibə-Reportaj » Rəsul Quliyev: “Mənim heç vaxt çox pulum olmayıb”

Rəsul Quliyev: “Mənim heç vaxt çox pulum olmayıb”

9-03-2011, 20:05
Oxunub: 5 790
Eks-spiker həbs edilən gəncləri müdafiə etdi: “Nə qədər gec deyil hakimiyyət həbsləri dayandırmalıdır”

Azərbaycanın eks-spikeri, Hazırda ABŞ-da yaşayan Rəsul Quliyev daha bir kitab yazmağa başlayıb. Bolgexeber.com-a verdiyi açıqlamada R. Quliyev bildirib ki, o paralel bir neçə kitab üzərində işləyir: “Mövzular müxtəlif olsa da rejimlər, bu rejimlərin yaradıcıları və konkret xalqın konkret məkanda, konkret zamanda layiq olmadığı iztirablarla rastlaşmasının səbəbkarlarının tarixdə neqativ rollarını göstərmək baxımından mövzular bir birləri ilə qohumdur. Düşünürəm ki, bu il yeni bir kitab çıxacaq, əvvəlcədən kitabın nədən bəhs etdiyini söyləmək istəmirəm. Onu deyə bilərəm ki, Azərbaycanlılar üçün mücərrəd mövzu olmayacaq”.

R. Quliyev bəzi internet saytlarında onun müflis olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Eks-spikerin sözlərinə görə, müflis olmaq ya materiya ya da qeyri-materiya şəkilində ola bilər: “Qeyri-materiya kimi müflis olmaq yəni müəyyən bir ideyanın daşıyıcısısan, ancaq bu ideya insanlar arasında tərəfdarlarını tapmadığından insan kimi bankrot olursan. Məsələn utopik sosializm, marksizm və sair. Mən 15 ildən çoxdur ki, xalqın gələcəyinin ancaq demokratiyadan keçdiyini iddia edirəm və Azərbaycan üçün konkret hansı demokratik prinsipləri və proqramı həyata keçirməyi lazımdır bunu kitablar şəkilində yazıram. Bu ideyada günü gündən Azərbaycanlılar arasında daha da inkişaf edir. Deməli, qeyri-maddi bankrotdan söhbət getmir. Belə başa düşdüm ki, maddi bankrotluqdan söhbət gedir. Onun üçün də gərək müəyyən fabriklərin, zavodun və ticarət biznesin ola və müəyyən iqtisadi krizislərin nəticəsində hər şeyini itirəsən, başqa sözlə bankrot olasan. Əgər belə mülkiyyətlər məndə heç vaxt olmayıbsa, necə bankrot ola bilərəm, bunu anlamaq üçün universitet qurtarmaq lazım deyil ki. Deməli müflisləşmə sözü düz gəlmir, yəqin o nağılı yazan adam Rəsul Quliyevin çox pulu olub indi qurtarıb demək istəyirmiş. Bu da düzgün fikir deyil çünki mənim heç vaxt çox pulum olmayıb. O məqalədə hansı isə bir astronomik rəqəm yazılıb, başa düşmək olmur o rəqəm hansı Rəsul Quliyevə aiddir, bəlkə dünyada yaşayan bütün Rəsul adlı adamların hamısının toplam puludur. Müsəlman aləmində Rəsul adı ən çox yayılmış adlardan biridir. Ağıllı adamlar onsuz da bilir savadsızlar üçün bir daha təkrar edirəm. Mən Rəsul Quliyev həyatım boyu heç vaxt Azərbaycanda Neft sektorunda işləməmişəm. 1991-ci ilin axırına qədər Azərbaycan neft çıxarma sənayesi və mənim direktor olduğum neft ayırma zavodu Moskvaya tabe olub, SSSR dövlət plan komitəsi tərəfindən planlaşdırılıb, SSSR-i Qoskomtopliva deyilən təşkilat tərəfindən malları satılıb. Bu dövrdə neft sənayesinin rəhbəri Qurban Abbasov, neft ayırma sənayesinin rəhbəri isə Namiq Kamal Əliyev olub. 1992-ci ildə Xalq Cəbhəsindən Sabit Bağırov neft sənayesinin prezidenti olub. 1993-cü ildən mən Azərbaycanı tərk edənə qədər neft sənayesinə rəhbərlik edənlərdən biri indi energetika naziridir, o biri də ölkənin prezidenti. Ay bədbəxt bu pulları nə vaxt harada və sadaladığım hansı adamların iştirakı ilə toplamışam izah edə bilərsən?! Neçə illərdir mən Vətəndaş Cəmiyyəti yaratmağın mühümlüyündən danışır və münasibətləri radiallaşdırmağın ziyanlı olduğunu qeyd edirəm. Bu nağılı yazanlar unutmasın ki, onların qulluq etdiklərinin illik maaşı və təkcə tikdirdikləri bir sarayının müqayisəli analizi ilə hansı oğurluqlarla məşğul olduqlarını konkret faktlarla sübut etməkdən asan şey yoxdur. Oğru bərkdən bağırsa doğrunun ürəyi dayanacaq prinsipi internet əsrində işləmir. Başqasının gözündə tük axtarmaqdansa qabaqlarında dayanan tiri görsünlər. Onu da qeyd edim ki, müflisləşmək bizim söz deyil, ərəb sözüdür, bir çox ərəb ölkələri artıq o sözün yerinə italyan kökü olan bankrot sözünü işlədirlər”.


Son günlər Azərbaycanda gənclərin həbsinə diqqət yetirən R. Quliyev bunun çox təhlükəli və arzu edilməz nəticələrlə qurtara biləcəyini vurğulayıb. O deyib ki, nə qədər gec deyil hökumət onları buraxmalıdır: “Bütün dövlətin gücündən repressiyaları gücləndirmək üçün istifadə edən ölkələrdə gec-tez partlayış baş verəcək. Repressiyanın mahiyyətini başa düşmək lazımdır. Repressiya insanlarda qorxu hissini gücləndirir. Zindanlara atmaq, fiziki cəzalar verməklə qorxu hissini materiallaşdırır, yəni hissin real çəkisi olur. Azadlıq isə belə şəraitdə qeyri-real və fantaziya kimi qəbul olunur. Əgər insanlar qorxu hissindən zor yolu ilə xilas olsalar onların illərlə yığılmış statik enerjiləri dağıdıcı bir qüvvəyə çevrilir. Hökumət əgər partlayış istəmirsə, insanların canından o qorxu hissini özləri çıxartmağa cəhd etməlidir. Daha doğrusu real siyasi və iqtisadi reformalar etməlidirlər, korrupsiyaya qarşı mübarizə şousu düzəltməməlidirlər. Korrupsiyanın başında duranların televiziyada dil boğaza qoymadan bu şou deyil və müvəqqəti xarakter daşımır deməsi təəssüf hissi doğurur. Görünür danışanların hər biri özünü yox o biri danışanı korrupsioner hesab edir. Nə qədər gec deyil həbsləri dayandırmalı və tutduqlarını azad etməlidirlər”.