BolgeXeber.Com » Müsahibə-Reportaj » Xaçmaz rayon İcra Hakimiyyəti : nə yazirsiniz yazin

Xaçmaz rayon İcra Hakimiyyəti : nə yazirsiniz yazin

6-04-2011, 12:45
Oxunub: 7 547
“Məni bu vəzifəyə otuzduranlar mənim arxamda da dayanıblar”

Keçən gün verdiyimiz məlumatda Xaçmaz rayon,Qaraçı kənd sakini Əhədov Abbasın Xaçmaz rayon İcra Hakimiyyətini məhkəməyə verdiyini söyləmişdik.Jurnalist peşə prinsiplərinə və etik qaydalara uyğun olaraq hadisəni tam çılpaqlığı ilə bəyan etməyi məsləhət bilməmişdik. Sadəcə informasiya xarakterli bu yazıya münasibət bildirmək üçün Xaçmaz rayon İcra hakimiyyəti başçısının müavini Rafiq Tağıyevlə əlaqə saxladıq və....

Rafiq Tağıyevin bizə bildirdiyi münasibəti və ünvanladığı təkəbbür dolu təhqirləri olduğu kimi sizə çatdırmaq nə qanun,nə də etik normalar çərçivəsindən mümkün deyil.Mədəniyyət və səviyyəmizə uyğun olmadığı üçün onun bu “münasibətinə” özü kimi cavab verə bilməsək də bunu həzm etmək fikrində də deyilik.Sadəcə hörmətli Rafiq müəllimə son 5-6 ildə Xaçmaz sahibkarlarının və sahibkarlığa meylli insanların məhz Xaçmaz rayon icra hakimiyyəti tərəfindən necə aldadıldıqlarını ictimaiyyətə və lazımi qurumlara çatdıracağımızı bildiririk.

Beləliklə hörmətli Rafiq müəllim sizin bəyənmədiyiniz “bolgexeber.com” –un apardığı araşdırmalar zamanı məlum olmuşdur ki,məhz siz də daxil olmaqla 6-7 məmurun imzaladığı aktlara əsasən onlarla sahibkara qanunsuz sərəncamlar verilmiş,onlarla sahibkar məhkəmələrdə üz-üzə qalmış,onlarla sahibkar milyonlarla pul vəsaiti itirmiş,həmçinin yüzlərlə vətəndaş da sizin ucbatınızdan hakimiyyətdən narazı vəziyyətə gətirilmişdir.Bunun hansı məqsədlərlə baş verdiyini dəqiqliklə deyə bilməsək də,acı nəticələrini görməkdəyik.Necə deyərlər səbəb bilinməsə də nəticə göz qabağındadır.Ən adi nəticəsi odur ki,həmişə müxaklifətin paytaxtdakı mitinqlərinə 10 nəfər gedirdisə,indi bu rəqəm rayon icra hakimiyyətinin fəaliyyətinin nəticəsi olaraq artıq 100-ə çatır.Məsələnin digər tərəfi isə budur ki,bu mitinqlərə qatılaraq narazılıq ifadə edənlər aldadılan sahibkarlar,onların dostları və yaxınlarıdır.Şəxsi fikrim olaraq şəklini otaqlarınızdan xüsusi məqsədlərlə asdığınız, mərhum prezidentimiz,ümummilli liderimiz,içi siz qarışıq bütün Azərbaycanı çiçəkləndirmiş Heydər Əliyevə və onun siyasi kursunun davamçısı olan,prezidentimiz cənab İlham Əliyevə xəyanət kimi qiymətləndirməyə bu əməllər kifayətdir.Ancaq nədənsə KİV olaraq respublika prezidentinin öz şərəf və ləyaqəti ilə imzaladığı qanun və sərəncamların yerinə yetirilməməsinə və şəxsən onun apardığı siyasətin həyata keçirilməsinə dördüncü hakimiyyət nümayəndəsi kimi münasibətimiz sizi əsəbləşdirib yaşınıza,tutduğunuz mövqeyə və sosial titulunuza yaraşmayan bir tərzdə cavab verməyə məcbur edib.
Hörmətli Rafiq müəllim! bizə ünvanladığınız “qələt eləmisiniz” ifadəsinin fars kəlmələri ilə “səhv və xəta ” kimi qiymətləndirərək sizə bildirmək istəyirik ki,

“Qələtin” böyüyünü siz və təmsil etdiyiniz qurum eləyib ki,bir vətəndaşın mülkiyyətində olan torpaqda digər vətəndaşa mülk və ticarət mərkəzi tikməyə sərəncam verib. “Ən böyük qələt” odur ki, bu sərəncamlar onlarla ailəni illərlə məhkəmələrin yolunda qoyub. “Ən böyük qələt” odur ki,bir vətəndaşa əvvəlcə torpaq verib,sonradan yerində heykəl ucaldıb.
Hörmətli Rafiq müəllim! Sizə bu araşdırmamızın qarasınca söylədiklərinə isə cavab olaraq bildirmək istəyirik ki, birincisi KİV-lər cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 46-cı maddəsinin 2-ci bəndinə əsasən, KİV-lərin məlumatları cinayət işinin başlanması üçün səbəb ola bilər.

P.S. Hörmətli Rafiq müəllim! Bir də nəzərinizə çatdırmaq istəyirik ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə yəni vəzifəli şəxsin tamah və ya sair şəxsi marağı üzündən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin 309-cu maddəsinə görə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə,yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək lə və ya edilməməklə üç ilədək müddət azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cənab Rafiq müəllim, son olaraq, ,nəzərinizə mərhum Heydər Əliyevin dahiyanə söylənilmiş aşağıdakı sözlərini çatdırmaq istəyirik: “Dövlət iki şeydən sarsılır: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə!”