Müşfiq Mədətov: “Rza İbadovu Milli Məclisdə, polis rəislərinin yanında döymüşəm”
23-06-2013, 10:30
Oxunub: 9 331
“Quska” türmədə özünü dəliliyə vurub ağlayırdı”
Müşfiq Mədətov... Bu ad bəzi oxuculara, xüsusən də gənc nəslə bəlkə də heç nə demir. Amma vaxt vardı ki, bu ad mətbuatda, ictimaiyyətdə, adi adamlar arasında tez-tez çəkilirdi, çox populyar idi. Ondan az qala hər gün yazırdılar, onu ittiham və müdafiə edirdilər. O, sıradan, adi bir məhbus deyildi. Çünki o, tutduğu posta görə adi adam olmamışdı. Prezidenti qoruyan şəxsin siyasi və sair ittihamlarla həbsi Azərbaycan kimi avtokratik ölkələrdə əsl hadisəyə çevrilməli idi və çevrildi də...
Ulduzu birdən-birə parlayan Müşfiq Mədətovun gözqamaşdırıcı karyerası qəfildən də yarıda kəsildi. Çoxunun gözünü qamaşdıran o parlaq ulduz da çox tez söndü. Tale ona qəribə sürprizlər hazırlayıbmış. Hələ çox gənc ikən - 24 yaşında Heydər Əliyev kimi böyük və nüfuzlu bir adamın şəxsi mühafizəçisi mərtəbəsinədək yüksələn Müşfiq Mədətov haradan biləydi ki, 29 yaşında polis rəisi qismində, buz baltası kimi, sapsağlam halda həbsə düşüb oradan bir də 15 il sonra sözün əsl mənasında yarımcan halda, keçmiş siyasi məhbus statusu ilə çıxacaq?! Belə taleli insanlar az-az olur... Həsəd aparılası tale də deyil heç.
Ömrünün 15 ilini həbsxana divarları arasında keçirmiş, üst-üstə aylar uzunu təkadamlıq kamerada qalmış, hər cür işgəncələr, basqılar, təzyiqlər görmüş bu adamı yaxşı, “yumşaq” müsahib saymaq olmaz. Amma o da var ki, çox maraqlı müsahibdir. Danışdıqca maraqlı məqamlara toxunur. O məqamlara ki, onlar zaman-zaman kimlərəsə sərf etməyib deyə təhrif olunub, unudulub, unutdurulub. O məqamlar ki, Azərbaycanın son dövr ictimai-siyasi tarixinin ən həssas nöqtələri məhz onların üstündə qurulub.
Dediyimiz kimi, Müşfiq Mədətovla ütülü söhbət çətin alınan işdir. Ona görə də diqqətli və tələbkar oxucuların bu müsahibədə rastlaşa biləcəyi qüsurlar, tutaq ki, bir sualın başqa formalarda bir daha verilməsi, artıq haqqında söz açılmış mövzuya bir də qayıdılması “pinti redaktə”nin ayağına yazılmasın. Müşfiq Mədətovun dediklərini olduğu kimi, “sığallayıb tumarlamadan” təqdim etməyi üstün tutduq...
- Türmədən çıxandan sonra Heydər Əliyevin məzarını ziyarət etməyə getdinizmi?
- Bəli, getdim. Mən indi də əliyevçiyəm, köhnə “91-lər” komandasındanam. Biz indi də bir komandayıq.
- Heydər Əliyev vəfat edəndə həbsxanada idiniz. Bu hadisə sizə necə təsir elədi?
- Mən 16-cı kolonda Heydər Əliyevin yasını saxlamışam, 500 nəfər üçün ehsan süfrəsi açmışam. O zaman həbsxana rəisi Məmmədəli Zeynalov idi.
- Bu itki sizi ağladar yəqin...
- Yox, mən ağlaya bilmirəm. Ən əziz adamım olan atam rəhmətə gedəndə həbsdə idim. Bir kənara çəkilib ağlaya bilmədim. İndi də yaxınlardan, doğmalardan kimsə rəhmətə gedəndə, ağlaya bilmirəm. Bu, özümə də pis təsir edir ki, necə olur, hamı ağlayır, mənsə ağlaya bilmirəm. Amma təsirli filmlərə baxanda hərdən ağlayıram.
- Söhbətimizin əvvəlində Rəsul Quliyevlə münasibətlərinizdən danışmışdınız. Onunla əlaqələriniz necə idi?
- Mən mühafizədə olanda o da spiker idi. Heydər Əliyevin yanına gələndə görürdüm. Nə mənim cinayət işimdə Rəsul Quliyevin adı keçib, nə də ona cinayət işi qaldırılanda mənim adım çəkilib. 15 il həbsdə oldum, bir dəfə məni axtarmadı. Atam da rəhmətə gedəndə başsağlığı da vermədi.
- Yəni siz həbsdə olarkən ailənizə mənəvi dəstək olanlar az oldu...
- Nə qədər qalstuklu varsa, hamısına nifrət edin. Polis rəisi olanda tutduğum neft, siqaret oğruları, narkomanlar var idi, onlar gəlib məni tapdı. Vəzifədə kimə köməklik etmişdimsə, demək olar ki, heç birini görmədim.
- Sözünüzdən belə çıxır ki, sizin xidmətlərinizi tez unudublar, çünki kimlərinsə xoşuna gəlmirdiniz. Kim idi sizə qarşı çıxanlar?
- Sizə bir şey danışım, maraqlı olar. O vaxt Rza İbadovu qabağa çəkən də mən olmuşam. Hüseyn Abdullayev bizə ağız açırdı, hörmət edirdi, pul verirdi ki, Rzanı prezidentin qəbuluna salın, ona kömək edin. Rza o vaxt heç kəs idi. Anası evdar qadın olub, atası da sürücü. Kim olub ki?! Mənim tutulmağıma əsas səbəbkar da elə Rza İbadovla Hüseyn Abdullayev oldu.
- Niyə?
- Paxıllıqdan. Rza İbadov deputat olanda mən onu Bakıda döymüşdüm. O, bunu unuda bilmirmiş yəqin.
- Niyə döymüşdünüz?
- Polis bölməsi rəisi olan vaxtım idi, Naxçıvanla bağlı bir cəmiyyət yaratmaq istəyirdim. Rza gəldi ki, sən kimsən axı belə bir iş görürsən. Bu da mənə pis təsir elədi. Rza İbadov kim idi axı mənə göstəriş verə? Mənimlə bu söhbəti heç nazirlər edə bilmirdi. Bu sözündən bərk əsəbiləşib onu vurdum. Rza İbadovu döyəndən sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi. Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar. Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi - həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar.
İndi ikisi də gedib Rəsul Quliyevlə oturub-dururlar. Bu dövlətdən pul qazanan “Quska”, yəni Hüseyn Abdullayev deputat olmuşdu. “Quska”nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin. Rza da indi durub deyir ki, müxalifətəm. Mən bir dəfə demişəm ki, əliyevçiyəm, vəssalam.
Yalnız Heydər Əliyevlə işləmişəm, onu tanımışam. O, əlini bir dəfə masaya vuranda hər kəs öz yerini bilirdi. İndiki YAP mənlik deyil. Mən həbsdə olanda “Quska” yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə. “Quska”ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki... Axırda nə oldu? Rzanın taleyi dağıldı, özü didərgin düşdü. İndiki ağlım olsaydı, bu hakimiyyətdə olan naxçıvanlıların birinə də nəfəs almağa imkan verməzdim. Onlara qarşı həmişə yaxşı olmuşam. Kişi kimi arxalarında durmuşam.
- Rza İbadovu harada vurdunuz? Bu hadisə baş verəndə yanınızda çox adam var idi?
- Rzanı Milli Məclisdə döymüşəm. Yanımızda polis rəisləri də var idi.
- Gələk sizə qarşı daha bir maraqlı məqama. Sizi 2005-ci ildə “Lotu Quli” ilə birlikdə zorlamada ittiham etdilər. Həbsxanada belə bir şey olmuşdumu?
- Bizə heç nə sübut edə bilmədilər. Bundan sonra bizə qarşı cinayət işi başladı ki, guya Cahangir Hacıyevin (Beynəlxalq Bankın prezidenti-red.) həyat yoldaşını biz, yəni “Lotu Quli” və onun dəstəsi oğurlayıb. Belə bir bəyanat getdi. Dedilər ki, bu cinayəti həbsxanadan telefon zəngləri ilə siz təşkil etmisiniz.
2005-ci ilin yanvar ayında bizi “bandotdel”ə apardılar. Mən, “Lotu Quli”, boksçu Fariz Məmmədov... 7 nəfər idik. “Lotu Quli”ni qardaşını da tutdular. Adam oğurluğu işini bizim üstümüzə qoymağa çalışırdılar.
- Elmar Hüseynov işini də sizinin üstünüzə yıxmaq istəyirdilər deyəsən...
- Elmar Hüseynov öldürüləndən sonra məlum oldu ki, Cahangir Hacıyevin həyat yoldaşını martın 10-da Hacı Məmmədovgil oğurlayıbmış. Sonra bizə dedilər ki, artıq məsələ həll olunub, siz də gedirsiniz evinizə. Həbsdən çıxmağıma 9 gün qalırdı. İyunun 1-də bizi istintaqa apardılar. Ayın 10-da vaxtım tamam olurdu. Amma işimi uzatdılar. Biz 7 nəfərə dedilər ki, sizi gətirib saxladıq deyə məcbur olub zorlama ittihamı veririk. Dediklərini elədilər, amma heç nəyi sübuta yetirə bilmədilər. Mənə əlavə 13 il iş verdilər. Məndən nə istintaqda, nə məhkəmədə ifadə almayıblar. Məhkəməyə də çıxmamışam.
Mən zorlamada təqsirli bilindiyim halda üzləşdirmə olmadı. Axırda iki qızla üzləşdirdilər, onlar da dedilər ki, biz bu adamları tanımırıq. Qızlar dedilər bizi aparıb döydülər ki, durun üzlərinə. Bütün bunların heç birini nəzərə almayıb mənə əlavə 13 il verdilər. 10 il yatmağım sayılmadı, əlavə 13 il iş verdilər. Bundan üç ay sonra atamın ürəyi partladı.
- Sizcə, bu, sifariş idi?
- Əlbəttə. Mən heç kimin arvadını görməmişdim, oğurlamamışdım. Bu da sübuta yetirildi.
- “Lotu Quli” ilə münasibətləriniz sonra necə oldu?
- Yaxş idi. Biz 7 nəfəri tutanda tək mən idim ağ vərəqə qol çəkməyən. O birilər təzyiqlərə tab gətirə bilmədilər deyə izahat yazdılar. Amma təkcə mən yazmadım. Dedilər yaz ki, şərdir, yalandır. Mən yenə də yazmadım. Dedim olmayan şeyi yaza bilmərəm. Bunu bütün DİN, avtoritetlərin hamısı bilir.
- Çox döyürdülər sizi?
- Bəli.
- Sizə xeyli işgəncə verilib. Azadlıqda olanda sizi döyən insanlarla üz-üzə gəlmisinizmi heç?
- Gəlmişəm.
- Və...
- Deyirəm ki, onları Allaha tapşırmışam. Allah ömür verər, qisasımızı alarıq.
- O insanlarda sizə münasibətdə sıxıntı hiss etdinizmi heç?
- İki gün əvvəl bulvarda gəzirdim. O adamlardan üçünü - Arzu Daşdəmirovu, Bağırı və Akifi gördüm. Məni görüb üstümə gəldilər ki, görüşələr. Mənsə görüşmək istəmədim. Dönüb gedəndə arxadan çağırdılar ki, Müşfiq, getmə, gözlə. Dedim nə var, nə istəyirsiniz. Dedilər ki, sən bizi bağışla, yuxarıdan deyirdilər, biz də deyiləni edirdik.
Dedim mən də gedim indi nazirə deyim ki, bunlar deyir biz nazirin əmrini yerinə yetirmişikmi. Üzümü çevirib getdim. Mən onlarla danışmaq, əlaqə saxlamaq istəmirəm. Belə vəziyyətlərlə rastlaşmışam. Axırıncı dəfə Ağaməmməd Məmmədovu gördüm. Söydüm, dedim indi də apar məni sal karsa.
- Müşfiq bəy, bir neçə gün əvvəl əməliyyat olunmusunuz. Niyə?
- Əməliyyat olundum. Ayaq barmaqlarımın ikisini kəsdilər. 6 ay karsda qalmışam. Bu, onların nəticəsidir. Taxta çəkiclə ayaqlarıma o qədər vurublar ki, şişləri hələ də qalır. Mən axıra qədər sözümü demişəm. Məni sındıra bilməyiblər. Karsa düşdünsə, dözməlisən. Dözə bilməsən, hamının gözündən düşürsən. Məhbəs hər adamın yeri deyil. Bir şeyi deyim.
2005-ci idə mənə qarşı zorlama ittihamı ilə iş gedirdi. Hüseyn Abdullayev də təzəcə deputat seçilmişdi. Deyirdi ki, Müşfiq çıxıb Heydər Əliyevin kortejinin qabağına. Mənim silahlı dəstəmi də guya “Quska” zərərsizləşdirib. “Quska”, indi çıx qabağıma, de görüm bunları. Deyə bilməz. Əlində hansı faktlar vardı ki, belə deyirdin? Mən onda rəis idim. Yanımda olanlar da qanunla silah daşıyırdı.
Amma “Quska”nın özünün qanunsuz dəstəsi var idi.
- “Quska”nın qanunsuz silahlı dəstəsi var idi?
- Bəli, 300 nəfərlik dəstəsi var idi.
- O dəstəni niyə yaratmışdı?
- Guya mitinqləri dağıdırdılar. Əslində neftin pulundan yaxşıca qazanırdı. Adam döyürdülər. “Razborka”lara gedirdilər. Kommersantları döyüb pullarını alırdılar.
- Bəs sonra “Quska”nın dəstəsi dağıldımı?
- Hə. Yuxarıdan göstəriş verdilər. Həm də o, daha deputat seçilmişdi. Dedi pulum boş yerə getməsin. Onun əlindən nefti aldılar. O da uşaqları dağıtdı.
- O 300 nəfər harda qalırdı?
- Hərəsi bir yerdə qalırdı. Lazım olanda zəng edirdilər, yığışıb gəlirdilər.
- Onların silahı var idi?
- Silahlı idilər. “Quska”nın özü də neçə dəfə Qaradağ rayonunda qanunsuz silah işlədib. Amma ona cinayət işi açmayıblar. “Quska” haqqında faktlarım var.
İndi “Quska”nın yanında heç kim yoxdu. O tutulanda da yanında heç kim yox idi. Kişi kimi yata da bilmədi. Həbsxanada “sındı”. Yaxınları girib kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər.
- Siz hardan bildiniz ki, o “sındı”?
- Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, “Quska” türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş. Kürdəxanının rəisi Azər Seyidov özü mənə danışdı bunu. Dedi girdim kameraya “Quska”ya deyim ki, bura nazirlər düşüb, özünü “sındırma”. Naranın üstünə çıxıb qışqırıb ki, gəlməyin, məni öldürmək istəyirsiniz. “Quska” Bayılda olanda olub bu hadisələr.
- Sonra onu necə buraxdılar?
- Bilmirəm. Kimsə havadarlıq etdi və azad etdilər. Digər tərəfdən də, artıq o heç kimə lazım deyildi. Onun milyonları var. Nə istəyirsən daha? Get yaşa da. Kim olmusan axı sən? Deyirlər ki, 15 iyunda “Quska” belə elədi, elə elədi. 15 iyunda “Quska” olub ki? Bu adamlar Heydər Əliyev üçün heç nə etməyiblər. “Quska” Gəncədə olub? Ora adam göndərib? Bunların heç birini etməyib. 1993-cü ilin iyununda “Quska”nı heç kim görməyib.
- O, öz dəstəsini nə zaman yaratmışdı?
- 1994-də. Aramızda sonra söhbətlər oldu. Onu ən çox “nakazat” eləyən mən olmuşam. Ona görə də Rza İbadovla birləşib məni tutdurdular.
“Quska” pul verdi Rzanı deputat seçdirmişdi. Rzanın pulu yox idi. Naxçıvanda bütün kommersantların əlini vurdular”, hamının işini əlindən aldılar. Bir adama da yaxşılıq eləmədilər. Kimə çörək veribsə, sonradan başına vurub. Tutulanda da yanında heç kim olmadı.
- Ona görə müxalifətə keçib?
- Yəqin ki... Kişisənsə, əqidəni niyə dəyişirsən? Mənim kimi 15 il yatmısan? Mən əvvəlcədən əliyevçi olmuşam, indi də əliyevçiyəm.
virtual.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər