BolgeXeber.Com » Müsahibə-Reportaj » "Şeron" qrupu "Susma” mahnısı nın müəllifindən üz döndərdi

"Şeron" qrupu "Susma” mahnısı nın müəllifindən üz döndərdi

25-06-2013, 09:55
Oxunub: 7 490 "Susma” da bizə təklif olunanda mahnı üzərində həmişəki kimi məsuliyyətlə işlədik

Hüseyn Abdullayevin "Susma” mahnısı və bu mahnını ifa edən "Şeron" qrupu ətrafında yayılan söz-söhbətlərə qrupun üzvü Ülvi Cəfərov verdiyi müsahibədə toxunaraq, bəzi məqamlara aydınlıq gətirib. ann.az saytı müsahibənin həmin hissəsinin xülasəsini hazırlayaraq oxuculara təqdim edib.


- Repertuarında vətənpərvərlik mövzusuna geniş yer verən "Şeron” ənənəsinə sadiq qalaraq "Susma” mahnısını oxudu. Lakin bu mahnıya çəkilən rolik tamam fərqli mənzərə yaratdı. İşin belə bir şəkil alacağını gözləyirdinizmi?

- Təbii ki, yox. Çünki rolikdən bizim heç bir xəbərimiz olmayıb. "Susma” mahnısının sözləri və musiqisi Hüseyn Abdullayevə məxsusdu. Biz müəllifin bir neçə mahnısını ifa etmişik. Həmişə də aramızda normal yaradıcılıq əlaqələri olub. "Susma” da bizə təklif olunanda mahnı üzərində həmişəki kimi məsuliyyətlə işlədik. Bu mahnı da vətənpərvərlik ruhunda yazılmışdı. Biz mahnı oxuyandan sonra müəllif bu ifaya hansısa bir rolikin əlavə etməsindən hamı kimi interneti izləyərkən xəbər tutmuşuq. Tutaq ki, xalq artisti, ustad sənətkarımız Mübariz Tağıyev "Qalx, qalx, sən ey mərd xalq” mahnısını ifa edib. Amma sonra kimsə ona heç mövzuya dəxli olmayan bir rolik hazırlayıb. "Susma” mahnısı da belə bir vəziyyətlə üzləşib. Biz dinləyicini, bütün dünyanı Qarabağ həqiqətləri, Xocalı qətliamı barədə susmamağa çağırmaq istəmişik. Amma rolikdə... Ona görə də, "Susma” haqqında susmaq olmur.

- Müəlliflə hər hansı bir söhbətiniz olubmu?

- Nə əvvəl, nə sonra söhbətimiz olub. Bayaq dediyim kimi, bizim müəllif Hüseyn Abdullayevlə yaradıcılıq əlaqələrimiz olub, onun siyasi düşüncələrini bölüşməmişik. Müəllif əgər öncədən bizə bu barədə desəydi, fikrimizi öyrənsəydi mövqeyimizi bildirərdik. "Şeron” qrupunun mövqeyi məlumdu. Biz bu dövlətin, onun rəhbərinin, dövlətçiliyin yanındayıq. Həmişə bu dövlətdən, onun rəhbərindən diqqət və qayğı görən, alqış qazan "Şeron” qrupunun üzvləri mövqeyini niyə dəyişməlidir ki? Bizi öz siyasi oyunlarına qatmaq istəyənlərə demək istəyirik ki, ünvanı doğru seçməyiblər.
"Şeron”un üzvləri heç vaxt kiminsə çirkin siyasi oyunlarına alət olmayacaq.
***
Xatırladaq ki, bir müddət öncə "Şeron" qrupunun bu qalmaqallı kliplə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunduğu, orada təzyiqə məruz qaldığını iddia edən materiallar dərc olunmuşdu. Ancaq sonradan qrup üzvləri belə bir faktın olmadığını bildirdilər. Güman ki, onlar öz yaradıcılıq dostlarından ürəklərinin hökmü ilə üz döndəriblər...