BolgeXeber.Com » Müsahibə-Reportaj » “Qış bulvarı”nda milyonlarla yeyinti – Fotoreportaj

“Qış bulvarı”nda milyonlarla yeyinti – Fotoreportaj

11-07-2013, 15:15
Oxunub: 7 000 Hirsindən çatlayan daşlar, utandığından saralan ağaclar və ya yeni park necə köhnəldi...

Bu il mayın 10-da istifadəyə verilən, 51 milyon manata başa gələn “Qış bulvarı”nın bugünkü mənzərəsi heç də ürəkaçan deyil. Açılış mərasimindən cəmi 2 aya yaxın müddət keçsə də, parkda aparılan müşahidələr işlərin tələsik və keyfiyyətsiz görüldüyünü, açılış mərasimindən sonra “Qış bulvarı”nın ümumiyyətlə, diqqətdən kənarda qaldığını göstərir.

Elə ilk baxışdan daş döşəmələrin parkın dəbdəbəsi ilə uyğunluq təşkil etmədiyi məlum olur. Daş döşəmələr əksər yerlərdə çatlayıb və ya qırılıb. Səliqəsiz döşəndiyi, işin qeyri-peşəkarların əlindən çıxdığı uzaqdan bəllidir. Olduqca bahalı materialdan hazırlandığı bildirilən daş döşəmələrin qısa müddət ərzində bu vəziyyətə düşməsinə səbəb ya iddia edildiyi kimi yüksək keyfiyyətli materialdan hazırlanmadığı, ya da iş prosesində diqqətsizliyə yol verildiyini söyləməyə əsas verir. Bundan başqa parkın mərmərdən də istifadə olunan ərazisində normal hərəkət mümkün deyil. Səbəb daşların döşənməsi zamanı qeyri-peşəkarlığa yol verilməsi, daşların hündürlüyünün bir-biri ilə uyğunluq təşkil etməməsidir. Bunun nəticəsidir ki, fəvvarələrdən tökülən su yayın qızmar günüdə parkın ortasında gölməçə yaratmağa kifayət edir.

Park yaşıl donunu hələ payız gəlmədən sarı rənglə çoxdan əvəzləyib

Parkdakı yaşıllıqlardan isə heç danışmağa dəyməz. “Qış bulvarı”na Afrikadan bahalı palmalar gətirildiyi, yaşıllaşdırılmasında maqnoliya, başınağac və dəfnəgilənardan da istifadə olunduğunu bildirilirdi. Müxtəlif kol və güllərin əkildiyi parkda indi bu dəbdəbədən əsər-əlamət yoxdur. Park yaşıl donunu hələ payız gəlmədən sarı rənglə çoxdan əvəzləyib. Hər tərəfdə qurumaqda olan gül və kollar, yarpaqları tökülmək üzrə olan ağaclar gözə dəyir. Fəhlələrlə söhbətdən aydın olur ki, yaşıllıqların tez bir zamanda məhv olmasına səbəb qulluq qaydalarına əməl edilməməsi ilə yanaşı, hələ park salınarkən yol verilən yanlışlıqlardır. Bəzi ərazidə yaşıllıqların altına beton tökülüb ki, bunun da izlərini “silmək” üçün vaxt sərf etmək belə yada düşməyib. Nəticə göz qarşısındadır. Ağaclar heç növbəti ili belə gözləmədən başlarını kiminsə “utancından” aşağı dikiblər. Artıq baltalar da işə düşüb, parkın “xəcalət çəkib ölən” ağaclarını baltalayırlar.

Nə hikmətdirsə ağaclara qulluq məqsədilə gətirilən gübrələr də bir kənara atılaraq istifadə olunacağı günü gözləməkdədir.

Parkın ərazisində ümumi səliqəsizlik hökm sürür. Liftin qarşısında beton qalıqları, oturacaqların kənarında zibillər, keçidlərin qarşısında bəlkə də açılış günündən qalan və nəzir ağacına bənzəyən “bəzəklər”, qırıq mərmərlər, kənara atıldığı kimi qalan - kimsənin yadına düşməyən taxtalar, işləməyən fəvvarələr...

“Qış bulvarı”nın ömrünün ikinci ayındakı mənzərəsi budur...