BolgeXeber.Com » Müsahibə-Reportaj » DSX generalı 14 zabitin şəhid olduğu qəza ilə bağlı bütün suallara aydınlıq gətirdi

DSX generalı 14 zabitin şəhid olduğu qəza ilə bağlı bütün suallara aydınlıq gətirdi

7-12-2021, 09:52
Oxunub: 800 Faciəvi fəlakətdən - Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından və 14 yüksək vəzifəli zabitin həlak olmasından bizi artıq bir həftə ayırır. Təəssüf ki, cəmiyyətə hələ də Mi-17-nin qəzaya uğraması səbəbləri barədə aydın və anlaşıqlı izah təqdim olunmayıb. Hadisənin təhqiqatı hələ də davam edir. İstintaqın gedişi ilə bağlı ictimaiyyətə cüzi məlumat verilir. Cavabsız qalan çoxsaylı suallar toplanıb.

Bolgexeber.com xəbər verir ki, "virtualaz.org" saytı Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə müraciət etmək qərarına gəlib. Qəza hansı səbəbdən baş verib? Səbəbləri aydınlaşdırmaq üçün Xidmətin rəhbərliyinə ən aktual suallar ünvanlanıb.
Xidmətin rəhbərliyi DSX-nin aparat rəhbəri, general-mayor Elçin İbrahimov bütün sualları cavablandırıb.

- Möcüzə nəticəsində sağ qalmış zabitlər ilk müsahibələrində bildirdilər ki, helikopterin Qaraheybət poliqonuna uçuşu üçün hava şəraiti əlverişli olub. Üstəlik onların sözlərinə görə, əvvəllər dəfələrlə məhz bu Mi-17 ilə xidməti ezamiyyətə yollanıblar. Hətta Arktikada belə uçan bu tipli çoxfunksiyalı helikopterlərin texniki xarakteristikasına nəzər salsaq, külək qəzaya səbəb ola bilməzdi. Həm də uçuşdan əvvəl DSX-nin Səngəçaldakı meydançasında helikopter texniki baxışdan keçmişdi. Ümumiyyətlə, sizin fikrinizcə, helikopter niyə qəzaya uğradı?

- İlk növbədə bizim Xidmət adından bu ağır anda yanımızda olan, yoldaşlarımızın ölümü ilə bağlı başsağlığı verən hər kəsə minnətdarlığımızı bildirirəm.

Son uçuş döyüş hazırlığının illik planına uyğun olaraq həyata keçirilirdi, məqsəd DSX-nin hava qüvvələrinin döyüş bacarıqlarını və pilotlarımızın uçuş vərdişlərini yüksək səviyyədə qoruyub saxlamaq idi.

Aviasiya-mühəndis xidmətinin təlimatına uyğun olaraq, istənilən uçuşdan əvvəl nəzarət yoxlaması həyata keçirilməlidir. Və uçuşdan əvvəl mütəxəssislər tərəfindən helikopterə texniki baxış yerinə yetirilib. Hər hansı problem aşkarlanmayıb, helikopteri isə çox təcrübəli ekipaj idarə edirdi.

Bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib. Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-i ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib.

Təbii ki, istənilən uçuş vasitəsinin qəzası zamanı ehtimal olunan səbəblər arasında ilk növbədə hava şəraiti, texniki nasazlıq, insan faktoru və s. nəzərdən keçirilir. Habelə eyni vaxtda bir neçə şərtin olması da mümkündür. Ancaq bunların hamısı sadəcə ehtimallardır. Əsl səbəb yalnız "qara qutu”nun öyrənilməsi başa çatandan sonra bəlli olacaq.

Həmçinin xüsusi olaraq söyləmək istərdim ki, bu faciə təkcə həlak olanların doğmaları və yaxınları üçün yox, həm də DSX-nin bütün şəxsi heyəti, zabitlərin həmkarları və döyüş yoldaşları üçün əvəzolunmaz itkidir.

- Siz terror aktı və təxribat variantlarını tamamilə istisna edirsiz?

- Baş verənlərin ilkin analizinə əsaslanaraq, habelə hadisə yerinə baxışın nəticələrini, yaralı zabitlərin ifadələrini, peşəkar pilotların rəyini nəzərə alaraq qəzaya uğramış uçuş vasitəsinə hər hansı kənar təsiri əminliklə istisna etmək olar.

- Bir çoxları ağıllarına sığışdıra bilmir - necə və hansı məqsədlə birdən birə DSX-nin 14 zabiti eyni helikopterdə olub? Bu, təxribat haqda konspiroloji izaha üstünlük verənlərin əsas arqumentidir…

- Noyabrın 30-unda Qaraheybətdəki poliqonda döyüş təlim-məşq uçuşları planlaşdırılmışdı, bu isə təkcə uçuş vasitəsinin ekipajını yox, həm də uçuşların rəhbərlərinin, təlimatçıların, uçuşların təminatı ilə bağlı mütəxəssislərin iştirakını nəzərdə tutur.

Qəzaya uğramış helikopter təlim uçuşlarına cəlb olunmuş şəxsi heyəti Səngəçaldakı aviabazadan Qaraheybət poliqonuna aparırdı. Bu cür uçuşlar mütəmadi olaraq həyata keçirilir və eyni helikopterdə 16 və daha çox zabitin, hətta DSX generallarının olması adi vəziyyətdir, xüsusən də bu tipli helikopterlər ekipaj üzvlərindən əlavə 24 nəfər üçün nəzərdə tutulub.

Təəssüflə qeyd etməliyik ki, bəhs etdiyiniz konspiroloji variantlar uçuş işindən tamamilə bixəbər şəxslər tərəfindən irəli sürülür və bunu etibardan salmaq, ictimai rəyə mənfi təsir göstərmək məqsədilə edirlər.

- Razılaşın ki, dövlət qurumlarının, o cümlədən DSX-nin də uzun müddət susması çoxsaylı şayiə, uydurma və spekulyasiyalar doğurdu. Dərhal aydınlıq gətirmək və informasiya ajiotajının qarşısını almaq olmazdımı? Anında reaksiya niyə olmadı? Bizi daha çox o fakt təəccübləndirdi ki, həlak olanların və yaralıların siyahısı prezidentin başsağlığı verməsindən sonra açıqlandı. Niyə?

- Biz baş verənlərlə bağlı KİV-lərin maksimum qısa vaxtda məlumat əldə etmək istəyinə anlaşma ilə yanaşırıq. Ancaq gəlin faktlara nəzər salaq. Helikopter qəzası saat 10:36-da baş verib. Hadisə yerinə çatmaq üçün heç olmasa bir saat vaxt lazımdır, bunu oraya gedən jurnalistlər də təsdiqləyərlər. Bunu nəzərə alaraq, razılaşın ki, saytımızda saat 12:11-də Baş prokurorluqla birlikdə tərtib olunmuş ilkin informasiyanın yerləşdirilməsini hadisəyə yetərincə operativ reaksiya saymaq olar.

O ki qaldı həlak olanların siyahısının dərcinə, burada ilk olaraq onların ailələrinin, yaxınlarının xəbərdar edilməsinin zəruriliyini, kədərli xəbərə hazırlaşdırılmasını nəzərə almaq gərəkdir. Unutmaq olmaz ki, yaxın adamın ölümü haqda KİV-dən səhv və ya qeyri-səhih məlumat almaq onlara əlavə olaraq böyük mənəvi-psixoloji zərbə vurardı.

Həmçinin nəzərə alınmalıdır ki, biz ilk növbədə həlak olanların və yaralıların şəxsiyyətini dəqiqləşdirməliyik. Bunun xüsusi əhəmiyyətini noyabrın sonunda Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya” kömür mədənində baş vermiş partlayışın misalında göstərmək olar. Orada 52 mədənçinin ölümü elan olunandan bir müddət sonra 1 mədənçi xilas edildi. Əgər biz tələsərək heikopterdəki şəxsi heyətin hamısının həlak olduğunu elan etsəydik, zabitlərimizin doğmalarının və yaxınlarının hansı əzablardan keçə biləcəyini təsəvvür etmək çətindir.

Bunları nəzərə alaraq, zabitlərin doğmaları və yaxınları hadisədən xəbərdar edildikdən dərhal sonra saat 16:00-da, yəni faciədən 5 saat sonra həlak olanların və yaralıların siyahısı rəsmi şəkildə KİV-ə təqdim olundu.

- Razı deyiləm. Axı bundan əvvəl həlak olanların və yaralananların siyahısı yüz faizli dəqiqliklə Almaniyada yaşayan blogerin səhifəsində peyda olub. Bu cür informasiya sızması hardandır? Dövlət Sərhəd Xidmətində xidməti istintaq aparıblarmı?

- Bu informasiya sızması məsələsi diqqətimiz mərkəzindədir. Hazırda müvafiq xidmətlərlə birgə həmin məqamların müəyyənləşdirilməsi üzrə zəruri tədbirlər görülür.

- Dövlət Sərhəd Xidməti ilk dəqiqələrdən aşırı və izahı olmayan əsəbilik nümayiş etdirməyə başladı. Bu narahatlığın, hətta belə demək olarsa, çaşqınlığın kulminasiyası BakuTV-nin jurnalisti ilə bağlı olay oldu. O olsa-olsa məmurdan şərh almağa cəhd etmişdi. Bəlkə sadəcə bütün jurnalistləri dəvət edib, ictimaiyyətin narahatlığına səbəb olan bütün suallara səmimi cavab vermək lazım idi? Niyə Dövlət Sərhəd Xidməti hətta dəfn mərasiminin işıqlandırılmasına mane olmağa cəhd etdi? Bu fakt da həmkarlarımın qəzəbinə səbəb oldu...

- İcazənizlə sizinlə razılaşmayım. Qəza və dəfn günləri zamanı mətbuat xidmətimizin fəaliyyətini qiymətləndirərkən bütün yanaşı amilləri, baş vermiş hadisənin səbəblərini təcili aydınlaşdırmağın kifayət qədər mürəkkəb olduğunu və s.-i mütləq nəzərə almaq lazımdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz KİV-in bütün nümayəndələrinin fikrinə və mövqeyinə hörmətlə yanaşırıq və bu sizə yaxşı məlumdur. Ötən il Vətən müharibəsi zamanı, elə ondan sonra da jurnalistlərlə sıx əməkdaşlıq etmişik və edirik, onlara hər cür kömək göstəririk. Yaşıl sərhəddə, dənizdə, dövlət sərhədindən keçid məntəqələrində fəaliyyətimizin nəticələri, İranla sərhəd zastavalarının bərpası, Ermənistanla sərhəddə infrastrukturun düzəldilməsi barədə onlara operativ məlumat veririk. Bu məqsədlə bu il jurnalistlər üçün xüsusi mediaturlar təşkil etmişik.

O ki qaldı sizin sualınıza, gəlin sadəcə faktları nəzərdən keçirək. Helikopterin qəzaya uğraması barədə məlumat gələn kimi DSX rəhbərliyi general-polkovnik Elçin Quliyev başda olmaqla hadisə yerinə getdi. Yaralıların təxliyə olunması, hadisə yerinin qorunmasının təminatı, həlak olmuş zabitlərin cəsədlərinin tanınması, onların qohumlarına və yaxınlarına xəbər verilməsi, dəfn mərasiminin təşkili məsələsi ilə bağlı dərhal göstərişlər verildi.

Baş Prokurorluqla birgə baş vermiş hadisə haqqında ilkin məlumat verildi və həmin informasiya 12.11-də saytımıza yerləşdirildi.

DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev hadisə yerinə gələn KİV nümayəndələri ilə görüşdü və onlara ilkin məlumat verdi. Bundan bir neçə saat sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev KİV nümayəndələri üçün brifinq keçirdi və jurnalistləri maraqlandıran bütün suallara cavab verdi.

Həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olundu. Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək.

KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb.

- İctimaiyyətin daha bir çaşqınlığını nəzərinizə çatdırmaq istəyirəm. Birinci Qarabağ müharibəsinin əfsanəvi pilotu, istefada olan polkovnik Elçin Nəbiyev niyə hər hansı bir sıradan texniki əməkdaş kimi təqdim edilib? Çoxları bunu hərbi hava qüvvələri tarixində iz buraxmış zabitin xatirəsinə qarşı saymazyanalıq kimi qarşıladı...

- İstefada olan Elçin Nəbiyev peşəkar mütəxəssis idi və böyük təcrübəsi nəzərə alınmaqla, o, DSX-də mülki əməkdaş kimi xidmət edirdi. Siyahıda soyadının qarşısında "işçi” yazılması sadəcə hüquqi statusunun müəyyənləşdirilməsi idi, bunu heç cür onun şəxsi xidmətlərinə hörmətsizlik kimi qiymətləndirmək lazım deyil. Ehtiyatda və ya istefada olan bütün zabitlər mülki personal kimi işə cəlb olunub, analoji hüquqa malikdirlər ki, bu da Əmək kodeksi ilə tənzimlənir.

Elçin Nəbiyev çox yaxşı mütəxəssis idi və o həm ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, həm də Dövlət Sərhəd Xidmətinin təşəkkülünə və inkişafına əhəmiyyətli xidmət göstərib. Elçin Nəbiyev xatirəmizdə ləyaqətli zabit və yüksək dərəcəli peşəkar kimi qalacaq.

- Faciənin böyüklüyünə və ictimaiyyətin əməlli-başlı narahatlığına rəğmən, istintaq orqanlarının qəribə şəkildə susması sizə təəccüblü gəlmir ki? İstintaq nəticələri hələ də yoxdur...

- Məlum olduğu kimi, istintaq orqanları cinayət işi açıb və əsaslı şəkildə istintaq aparılır. Baş Prokurorluğun nümayəndələri ictimaiyyəti gerçəkləşdirilmiş istintaq işləri barədə operativ şəkildə məlumatlandırır.

DSX xidməti-döyüş fəaliyyətində bu tip helikopterlərin gələcək istifadəsində nəzərə alınması üçün baş vermiş faciənin səbəblərinin ən yaxın zamanda müəyyənləşdirilməsində maraqlıdır.

Hazırda prokurorluq orqanlarına əlimizdən gələn köməyi göstəririk. Əminəm ki, "qara qutu”nun şifrəsi açılandan sonra istintaq orqanları ictimaiyyəti onun nəticələri barədə məlumatlandıracaq.