BolgeXeber.Com » Müsahibə-Reportaj » “Rayonlardan dörd-beş uşaqlı qadınları tapıb, efirə çıxarıb, vay-şüvən qururlar...” - ETİRAZ

“Rayonlardan dörd-beş uşaqlı qadınları tapıb, efirə çıxarıb, vay-şüvən qururlar...” - ETİRAZ

15-12-2021, 13:47
Oxunub: 4 272 “Efirlərdə eyni verilişlər, ailə-məişət problemləri, qadınların sürətlə ər dəyişməsi, əri özlərinə bağlamaq üçün tələm-tələsik uşaq doğması təkcə Azərbaycanın yox, köhnə SSRİ məkanının problemidir. Çox qəribədir ki, bizim millət hələ də fikirləşmir ki, ailə sağlam əxlaq, sosial təminat və mənəviyyat üstündə qurulur. Evi, işi, sosial təminatı olmayan adamların qızışıb bir gecədə evlənib, uşaq istehsal edib, yetim əkmək əxlaqı mənəviyyatsızlıqdır”

Bolgexeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bu cür verilişlərin tez bir zamanda bağlanmasını təklif edib:

“Bu gün Azərbaycanda tələm-tələsik evlilər, doğuşlar və sonra kütləvi sürətdə yetim qalan körpələrimizin faciəsi var. Artıq o verilişlərdən imtina etmişəm, heç birinə getmirəm və düşünürəm ki, onlar bizim millət üçün xarakterik deyil. Bu verilişlər dayandırılmalıdır, onlar bizi rüsvay edirlər. O şey ki, millət üçün xarakterik deyil, o verilişdə iştirak etmərəm. Gedib rayonlardan hansısa milləti bəlli olmayan dörd-beş uşaqlı qadınları tapıb, efirə çıxarıb vay-şüvən qururlar. Azərbaycan Bürüsseldə, 44 günlük Vətən müharibəsində bu boyda qələbə qazanıb, amma bunun fərqinə varan yoxdur. Televiziyalarımız bunu nəzərə almır”.

Xalq artisti rayon İcra Hakimiyyətlərinin vətəndaşına sahib çıxmalı olduğunu bildirib:

“Görəsən rayonun İcra Hakimiyyətləri hara baxırlar ki, rayonların ərsiz arvadları, narkoman gədələri, övladları tərəfindən atılan qocalar efirlərə çıxarılır. Mən o verilişlərə gələn insanlara sual verib soruşurdum ki, niyə televiziyalara gəlirsiniz? O da deyirdi ki, efirə çıxmayana qədər problemimizi həll edən yoxdur. Necə ki, problemimiz ictimailəşir onda yerli strukturlar əl-ayağa düşürlər. Televiziyalara da belə boş, bizi rüsvay edən verilişlər lazımdır. Orda ağız-ağıza verib ağlaşırlar. Bu milləti nə qədər ekranda ağlatmaq olar.

Təcili sürətdə dövlət öz vətəndaşıyla məşğul olmalıdır. Ən böyük faciəmiz odur ki, artıq yetimlər ordusu artır. Bizim onları saxlamağa artıq yerimiz yoxdur. İcazəsiz ərə gedən, doğan adamların hamısı edam olunmalıdır. Cəmiyyət bu alaq otlarından təmizlənməlidir. Bunlar millətin mənəviyyatını məhv edirlər. Doğub tökürlər küçələrə və bunun da cavabını verməlidirlər. Rayonlardan televiziyalara qaçan adamlar mütləq geri qaytarılıb, öz rayonunda mərkəz yaradılmalıdır və problemləri də orda həll olunmalıdır. Televiziyalarımız da bu murdar, əxlaqımızı rüsvay edən verilişləri bağlamalıdır.

Aparıcılar telekanal haqqında danışanda deyirlər ki, birnömrəli, ən baxımlı kanal. Adam bir həmkarına hörmət edir. Bu telekanaldan qovulanlar o birinə, ordan qovulanlar isə bura gəlir. Başım çıxmır ki, bunlar nə işlə məşğuldur”.