BolgeXeber.Com » Müsahibə-Reportaj » Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?

Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?

7-05-2022, 15:07
Oxunub: 6 776 Son zamanlarda intihar hadisələri yenidən çoxalıb. Statistika daha çox məktəbli qızların intihar etdiyini göstərir.


Bəs məktəbli qızların intihara meyilli olmalarında səbəb nədir? Bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?


Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakupost.az -a açıqlama verib.


O, məktəbli qızların intiharına səbəb ola biləcək amilləri sadalayıb:




“Qızların intiharının müxtəlif səbəbi ola bilər. Ailədə zorakılıq, zorlama faktı və s. diqqətdən yayınan hallar səbəb kimi göstərilə bilər. Kimsə ondan imtina edər və ya sevdiyi şəxslə bağlı hansısa addım ataraq belə emosional qərar alar. Səbəblər çox müxtəlifdir”.


M.Zeynalova intiharların qarşısının alınması üçün təkliflər irəli sürüb:


“Bu halların qarşısını almaq üçün müxtəlif qaynar xətləri tez-tez reklam etmək lazımdır ki, kiminsə psixoloji problemi, vəziyyəti gərgin olanda həmin qaynar xətdən məsləhət alsın, yaxud psixoloqla danışsın. Məktəb psixoloqlarını çox danlayırıq. Amma 1000 uşağın 1 psixoloqunun olması heç də vəziyyətdən çıxış yolu deyil. Bir məktəbdə uşaq sayına uyğun ən azı 5-6 psixoloq olmalıdır ki, uğurlu nəticələr görə bilək. Psixoloqların təkrarən müxtəlif təlimlərə cəlb edilməsi, uşaqlarla iş, yeni biliklərin öyrədilməsi, həssas qruplarla iş vacibdir.


Bəziləri psixologiyanı oxuyub bitirir, amma bu o demək deyil ki, onlar həssas qrupları aşkarlaya, müşahidə edə, uşaqlarla bağlı fəaliyyətləri həyata keçirə bilir. Bu baxımdan, psixoloqlar mütləq şəkildə QHT-lərin təlimlərinə dəvət edilməli, iştirakları təmin edilməlidir. Bu cür qarşılıqlı əməkdaşlıq olmalıdır. Çox sayda mərkəzlər var. Bu mərkəzlərin məktəblərlə qarşılıqlı əməkdaşlığı olmalıdır. Başa düşürük ki, məktəb bütün yükü üzərinə götürə bilməz. Amma müəllim bu davranışı aşkarlayırsa, bu siqnal gəlirsə, şagirdin davranışı dəyişibsə, təhsilə marağı azalıbsa, digər şagirdlərdən uzaqlaşırsa, tənhalığı sevirsə, artıq həmin şagirdi diqqət mərkəzinə almalı, dərhal mövcud resurslara müraciət etməlidir.


Ümumiyyətlə, məktəbdə intiharın qarşısını qismən də olsa almaq üçün təlimatlandırıcı kitabçalar psixoloqların əlinin altında olmalıdır. Onlar dərhal belə şagirdlərin ailələri ilə əlaqə yaratmalıdırlar. Belə qarşılıqlı əməkdaşlıq olmadıqda təəssüf və ağrı hissi keçiririk. Amma heç kim bütün məsuliyyətin məktəblərdə olduğunu da deyə bilməz. Çünki burada mütəxəssis dəstəyinə ehtiyac var. Yaxud qadın komissiyasına müraciət olunmalıdır. Onlar dərhal reaksiya verir".