BolgeXeber.Com » Müsahibə-Reportaj » “Mən elə bilirdim, ölərəm sənsiz...” – Rüfət Əhmədzadə ilə müsahibə

“Mən elə bilirdim, ölərəm sənsiz...” – Rüfət Əhmədzadə ilə müsahibə

5-06-2011, 18:10
Oxunub: 6 737 Çox yaşı bilirəm, özümü sübut etməyim üçün dah 25 il lazım olacaq, amma imzamın həmyaşıd yazarlar içində yetərincə fərqləndiyi də etiraf edilməlidir.

Bu sözləri iyunun 7-də 25 yaşını qeyd edəcək gənc yazar Rüfət Əhmədzadə Bolgexeber.com-a müsahibəsində deyib. Müsahibəni sizə təqdim edirik.

- Rüfət Əhmədzadə: şair, publisist, yazıçı, bloqçu, tərcüməçi, yoxsa... Bəlkə, indi işlədiyin sahə üzrə elə jurnalist?

- “Siyasətçi” deməyi unutdunuz (gülür). Bir vaxtlar ictimai-siyasi həyatda da fəal olmuşam, amma bilmirəm gəncliyimdənmi olub, yoxsa xarakterimdən... Sadəcə sıxılmışam bu sahədə. Faha geniş meydan istəmişəm özümə sanki. Zamanla da yazarlığa başlayıb, elə bu istiqamətdə də çalışmağı üstün bildim sonunda. Ya da, tale belə gətirdi... Bilmirəm. Onu deyə bilərəm ki, məni necə təqdim edərsəniz edin, mən yenə də Azərbaycan vətəndaşı Rüfət Seyidəhməd oğlu Əhmədzadəyəm. İnsanların mənə yazar kimi yox, sadəcə insan kimi yanaşması daha xoş olar.

- Sən çox vaxt öz yazarlıq fəaliyyətini cəmi iki il əvvələ, 2009-cu ilə bağlayırsan. Axı, bundan da əvvəl sənin imzan mətbuatda görünmüşdü..

- Bəli, hələ 2007-ci ildə də. Hər şey mənim tələbə vaxtı Beynəlxalq Mətbuat Mərkəzinə istehsalat təcrübəsinə göndərilməyimdən başladı. Orada jurnalist, yazar və ictimai-siyasi həyatda fəal olan insanlarla tanış oldum. Mütaliə ehtiyatım və marağım olduğuna görə, zamanla bu istiqamətə doğru yönəldim. Uşaq vaxtlarımda da yazırdım. Primitiv də olsa, 8 yaşımdan şeirlər yazmağa başlamışam. Amma bu fasiələrlə baş verib. Hər hansı peşəkarlıq arzusunda olmamışam, yazarlıq fikrinə yalnız 2009-cu ildə, yazmağı bacardığımı anlayanda düşmüşəm. Gələcək üçün konkret arzu da qurmurdum. Amma uşaq vaxtından nəsə ciddi dəyişiklik etmək arzusuyla yaşamışam. O arzu indi də var. Və etiraf edim ki, gələcəkdə nə olmaq istədiyimi indi də bilmirəm. Yəqin ki, siyasətə qoşularam.
2008-ci ildə nəsə cəhd etdim, amma daimi köklənmək alınmadı mətbuatda. Açığı tərəddüd də edirdim ki, bacararam, yoxsa yox... İlk şeirlərim Əlişir Əhədin təşəbbüsü ilə elə 23-cü doğum günüm ərəfəsində “Yeni yol”da dərc olundu. “Türküstan” qəzetində esselərim işıq özü gördü. Amma yenə deyirəm, hər yazımdan növbətisinə qədər bir neçə ay fasilə olurdu. Mütəmadi yazarlıq fəaliyyətim Tia.Az-da başladı. Zamanla Azxeber.com saytı ilə də əməkdaşlığa başladım, yeni dostlar, oxucular qazandım. Təvazökarlıqdan kənar çıxsa da, mən bu saytlarda yazılar dərc etdirmək və oxucu tənqidlərini incələməklə peşəkar oldum. Bəli, indi özümü peşəkar yazar adlandırmağa tam haqqım olduğunu düşünürəm. Baxmayaraq ki, həvəskarlıq ruhu hələ də qalıb. “Facebook”un da rolunu istisna etmirəm. Sonra isə - ötən ilin ortalarından öz fərdi bloqumu yaratdım.

- Səni yazarlığa nə vadar etdi? Daha çox şəxsi həyatınmı, yoxsa... İctimai-siyasi mövzulara da çox toxunursan, ona görə daha çox hansı təsirin rolu çoxdur, bilmək maraqlı olardı.

- Məncə bütün yazarların şəxsi həyatı onların yaradıcılığına təsir edir. Ümumiyyətlə, isnanların əksəriyyəti “şəxsi həyat” deyilən zəhrimarın sayəsində peşə seçimi edirlər. Bunu danmaq olmaz. Sevgi nə qədər uğursuz bir anlayış kimi beyinlərə əks edilsə də, onun insan həyatındakı rolu danılmazdır. Çünki insan yalnız bioloji yox, həm də bir psioloji varlıqdır. Həm maddi, həm də mənəvi. Kimisində bu az görünür, kimisində çox. Məndə isə mənəvilik özünü daha çox göstərdi. Yəni yaşadığım psixolki sarsıntılar məni ədəbiyyata itələdi. Əvvəl oxucu, sonra isə yazıçı kimi.
Mənim bir şeirim var. O şeirdə belə yazmışam: “Mən elə bilirdim, ölərəm sənsiz... Mən sənsiz ölmədim, oldum publisist”. Bu ifadə nə qədər zarafatyana səslənsə də, eyni zamanda çox düşünüləsi və ciddi məsələdir. Şəxsi həyatımda baş verənlər məni yazıb içimi boşaltmağa vadar etdi. Bu da oldu intiharın ən ağır və ən üzücü forması. O zamandan hey intihar edirəm. Yəni 2009-cu ildən. Məncə indən belə də geriyə yol yoxdur.

İctimai-siyasi mövzulara gəldikdə isə... Mən insanam və vətəndaşam. Cəmiyyətə aid məsələlər mənə də toxunur. Bax, elə ona görə də, bu mövzularda yazmağı özümə borc bilirəm. Heç olmasa, hərdən-bir.

- Kitabın nə vaxt işıq üzü görəcək? Söz verirsən, amma gecikdirirsən....

- Ötən ilki kitab nəşri cəhdini bağlayıram. Toxunmadan belə. Yenisinə qaldıqda isə deyim ki, məndən asılı olmayan səbəblər üzündən gecikir. Hekayə və mənsur şeirlərimi bir araya toplayıb “Qanun” nəşriyyatına yolladım. Redaktor olan Pərviz Cəbrayıl “İlk kitabım” layihəsinə uyğun gördü kitabı. Yenidən özümə qaytardı redaktəyə. Bu da iki ay çəkdi. Öz tənbəlliyim üzündən. İndi gözləyirəm, görüm, adını “Sən busan!” deyə seçdiyim kitabım nə vaxt çap olunacaq. İndi müxbir kimi “Gün.Az”da çalışıram və yaradıcılığa vaxtım olmur. Amma tezliklə bir romana başlamağı düşünürəm. Çox qarışıq bir roman olacaq. İndidən açıqlama verməyim bu barədə.

- Başqa gənc yazarlar barəsində nə deyə bilərsən?

- Onu deyə bilərəm ki, yazırlar. Yazsınlar. Amma yazanda unutmamaq da lazımdır ki, yazılan hər şey oxunulmaq üçün yazılır. Ad çəkməyəm, amma istedadlı həm yaşıdlarım var ki, vaxtaşırı saytlarda və onların öz bloqlarında yazılarını oxuyuram. Lakin əksəriyyətində külli miqdarda dil qüsuru kəşf edirəm. Səbəb isə doğma dilində mütaliənin zəif olmasıdır. Heç özümün də indi vaxtım olmur, amma çalışıram ki, vaxt tapıb başqa yazarların da fikir paylaşımından yararlanım. Oxumasan yaza bilməzsən.

- Həyatdan nə istəyirsən?

- Nə qədər ki, mən özüm nə istədiyimi dəqiq bilmirəm, heç nə. Sadəcə həyata demək istəyirəm ki, “kişi ol!” (gülür). Təəssüf ki, həyatda çox vaxt kişi kimi yaşamaq və qarşılanmaq çətin olur. Çalışıram düz oynayım, səmimi olum, amma əksini görürəm. Eybi yox, mən buyam. Öz sözümü yeritmək ümidi ilə qətiyyət göstərib yaşamaq və yazmağa çalışıram. Həm də çalışıram ki, nəsə tapdıqca, öz ətrafımla da paylaşım. Tək əldən səs çıxmaz, ona görə.
Bilmirəm, indən belə nələr olacaq, mən nə vaxta kimi yaşaya və yaza biləcəm. Varlanacammı, ya aclıqdan öləcəm... Amma hələ vurnuxuram və bu vurnuxmaq vərdişimdən imtina etməyi düşünmürəm. Çox yaşı bilirəm, özümü sübut etməyim üçün dah 25 il lazım olacaq, amma imzamın həmyaşıd yazarlar içində yetərincə fərqləndiyi də etiraf edilməlidir. Deməli, böyük işlər görmək üçün zəmin var. Dünya güvənzislik dolu olsa da, mən hələ insanlara inamımı itirməmişəm. Çünki mən özüm də bir insanam. “Fövqəl”indən demirəm, lap adisindən.