«Hafiz Hacıyevə cinayət işi qaldırılması üçün zəmin var»
21-09-2013, 10:05
Oxunub: 5 705
Mirəli Hüseynov: «MSK Cəmil Həsənlinin namizədliyini ləğv edə bilməz»
Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, seçki eksperti Mirəli Hüseynov namizədlərin İTV-dəki teledebatı zamanı yaranan qalmaqalı şərh edib. Müsahibəni təqdim edirik.
- Mirəli bəy, prezidentliyə namizədlərin sonuncu debatdakı baş verən olayı hüquqi baxımdan necə izah edərdiniz?
- Əvvəla, baş verən hadisə təəssüfləndiricidir. Hər halda prezidentliyə namizəd üçün heç bir halda uyğun olmayan və qeyri-əxlaqi davranışdır. Prezidentliyə namizədin bu cür davranışı nə etik normalara sığmır, nə də hüquqi baxımından düzgün deyil. Hüquq əxlaqa əsaslanan davranış sistemidir. Çox təəssüf ki, namizədlər hüquqa uyğun olmayan davranış sərgiləyib başqa namizədin şərəf və ləyaqətini təhqir etdi. Bu, bütün hallarda Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır, eyni zamanda namizədlərin çıxışlarında və davranışlarında Cinayət Məcəlləsinin müəyyən normalarına uyğun gəlməyən çağrışlar hiss olundu. Söhbət irqi, milli, dini nifaq tərəfdən çağırışlardan gedir. Baş verənlər Azərbaycan siyasi mədəniyyətinin hansı eybəcərliyə yuvarlanmasının nəticəsidir.
- Son debatda Seçki Məcəlləsinin hansı maddələri pozuldu və İTV hansı məsuliyyəti daşıyır?
- İlk olaraq məcəllənin 113-cü maddəsi pozulub. Seçki Məcəlləsinin tələbinə görə namizədlər başqa bir namizədə hörmətlə yanaşmalıdırlar, hər hansı təhqirə qeyri-əxlaqı davranışlara yol verməli deyillər. Təəssüf ki, məlum hadisə baş verdi, belə hal olduqda, MSK müvafiq tədbirlər görməlidir. Konkret halda, namizədlərə xəbərdarlıq edilə bilər, həm də namizəd haqqında Cinayət Məcəlləsinin şərəf və ləyaqətin təhqir olunması, milli, dini, irqi çağırışlara görə cinayət işi açıla bilər. İctimai Televiziyanın mövqeyinə gəlincə, obyektiv deyildi, fakt budur ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin efir vaxtı subyektiv səbəbdən qəsdən başqa namizəd tərəfdən məhdudlaşdırıldı. Əslində İTV onun vaxtının bərpa olunması haqqında müəyyən tədbirlər görməliydi. Lakin aparıcı təkidlə Cəmil müəllimin əsaslı tələbinə baxmayaraq ona vaxt ayırmadı. Faktiki olaraq, İTV bu məqamda qanunu pozdu və namizədlər üçün bərabər imkanlar vəziyyətini təmin etmədi.
- YAP-çılar Cəmil Həsənlinin cəzalandırılması tələbilə çıxış ediblər, bu halda MSK-dan hansı qərarı gözləyirsiniz?
- YAP-çılar fərqli açıqlama gözləmək də mümkün deyildi. Bir qayda olaraq təxribatçı xarakterli açıqlamalar YAP-çılardan qaynaqlanır və bununla təxribata məruz qalan tərəf cəzalandırılır. Azərbaycanın siyasi həyatında dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq. Mən debata baxarkən belə nəticə olacağını ehtimal edirdim, ehtimalım da özünü doğrultdu. Məncə, bu, YAP-çıların hadisələri önləmək istəyindən irəli gəlir, özləri əks tərəfi qıcıqlandırıb bu həddə çatdırmaqla eybəcər vəziyyət yaratdılar. Elə bu vəziyyətdən də Cəmil müəllimə qarşı istifadə etmək istəyirlər. Hesab edirəm ki, MSK hadisənin hansı namizəd tərəfindən başlandığını araşdırmalıdır, debatın videolentinə baxmaqla obyektiv mövqe ortalığa qoymaq mümkündür. Ancaq hakimiyyətin davranışlarında qeyri-hüquqi addımlar o qədər çoxdur ki, hər şey gözləmək mümkündür. Amma hüquqi baxımdan Cəmil Həsənli heç bir təqsiri olmayan bir “qurban”dır. Bu mənada MSK-nin Cəmil Həsənli haqqında qərar qəbul etməsinin heç bir hüquqi əsası yoxdur. Faktiki olaraq, son debat göstərdi ki, mövcud format seçkinin təbliğat kampaniyasına heç bir halda uyğun deyil. Bu formatda namizəd öz platformasını seçicilərə çatdıra bilmir, ona görə də MSK məlum hadisədən nəticə çıxardıb formatı dəyişdirməlidir. Qoy, namizədlər onlar üçün ayrılmış minimum vaxtdan istifadə edib öz proqramlarını seçicilərə çatdıra bilsinlər.
- Bəs hansı format seçilməlidir?
- Hesab edirəm ki, bu məsələni namizədlərlə və siyasi partiyalarla müzakirə edib qərar qəbul etmək olar. Fakt budur ki, sonuncu debat formatın düzgün olduğunu göstərmir. İkinci, dünyada belə bir format yoxdur, yəni buna debat demək olmaz. Məsələn, ABŞ-da prezident seçkiləri zamanı yekuna qalmış ən güclü namizədlər efirə çıxarılır, seçicilərin suallarına cavab verirlər, aparıcı onlara tərəf göstərmədən ədalətli şərait yaratmaqla sual verirlər. Seçiciyə bir növ hansı namizədi seçmək imkanı yaradırlar. Lakin seçkinin ilkin mərhələsindən namizədləri bir salona yığmaqla şou düzəltməklə debat formatı kimi təqdim etmək düzgün deyil. Əslində, bu məsələ cəmiyyətin bütün siyasi palitrasıyla müzakirə edilib sonra qərar çıxarılmalıdır. Yaxud hər namizəd özü müstəqil şəkildə efirə çıxıb çıxış edə bilər, yəni efir vaxtından necə istifadə etməsi öz şəxsi qərarıdır.
- MSK hər iki şəxsin namizədliyini ləğv edə bilərmi?
- Hüquqi baxımdan MSK heç bir halda belə qərar qəbul edə bilməz. sadəcə, namizədlər barəsində xəbərdarlıq edən qərar qəbul etməsi mümkündür. Yəni namizədlərin namizədliyinin ləğvi üçün son hadisə əsas deyil. Əgər məlum hadisə yenidən baş verərsə və cinayət işi qaldırılarsa, o halda MSK dediyiniz qərarı qəbul edə bilər. Cinayət işi olmadan namizədliyin ləğvi mümkün deyil.
- Bəs son hadisəyə görə cinayət işinin qaldırılması üçün zəmin vardımı?
- Xüsusən Hafiz Hacıyevə qarşı cinayət işinin qaldırılması üçün yetərincə zəmin var. Çünki Hafiz Hacıyev hadisənin əsas təxribatçısı və hərəkətvericisidir, proseslər onun çıxışından sonra başladı. O, qeyri-etik ifadə işlətməklə Cəmil Həsənlini çox təəssüf ki, arzuolunmaz müstəviyə sürükləməyə məcbur etdi. (Bizim yol)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər