BolgeXeber.Com » Müsahibə-Reportaj » Ayxan Məmmədov: “Sərhəddə Gülər Əhmədovanın 15-20 min dollarını almışdılar”

Ayxan Məmmədov: “Sərhəddə Gülər Əhmədovanın 15-20 min dollarını almışdılar”

25-10-2013, 09:00
Oxunub: 5 507 Ayxan Məmmədov: “Məhkəmədə yeni faktlar açıqlaya bilərəm”
Oktyabrın 21-də sabiq deputat Gülər Əhmədovanın məhkəməsinin başlanması ilə sözügedən mövzu yenidən gündəmə gəldi. Sabiq deputatın vəkili Əfsər Talıbov hazırlıq iclası olsa da, orada “mandat alverində” adı hallandırılan və ötən ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın da ölkədən çıxması, G.Əhmədovanın bu məsələdə rolunun olmamasına üstüörtülü toxundu.


Biz də ilkin prosesdən sonra Ayxan Məmmədovla məhkəməyə baxış, gözləntiləri ilə bağlı danışdıq. Müsahibimiz öncə hazırlıq iclası barədə fikirlərini dedi.

- Birinci məhkəmədən yazılan reportajları oxudum. Əgər hər şey orda yazılanlar kimidirsə, inanıram ki, vəziyyət yaxşıdır. Yəni işin düzgün aparıldığı görünür. Amma sonradan prosesin necə gedəcəyini, bundan sonra nə olacağını bilmək olmaz. Hər şeyi zaman göstərəcək.

- İlkin prosesdə sizin qane edən nə oldu? Vəziyyətin yaxşı olduğunu nə mənada deyirsiniz?

- Məni bir insan kimi bundan sonra nə qane edə bilər ki? Anamı itirmişəm. Bundan sonra nə baş versə də, anam geri qayıtmayacaq. İstəyirəm ki, haqq-ədalət öz yerini tapsın, etdiklərini Gülər Əhmədovanın boynuna qoysunlar. Camaatı aldatmasınlar. Bütün bunlar nəyə lazımdır ki? Onsuz da heç nəyi etiraf etmir. Elşad Abdullayevə də, mənə də yalançı deyir. Nə deyirsən, qayıdıb deyir ki, yalandır. Onun sözündən belə çıxır ki, hamı yalan danışır, bir özü düzünü deyir. Düzdürsə, niyə 10 aydır həbsdədir?

- Gülər Əhmədovanın vəkili vəsatətlərində ananızın İstanbula yola düşməzdən əvvəl sabiq deputata yazdığı mesajlardan da danışdı. Həmin mesajlardan məlumatınız varmı?
- Vallah, mən bilmirəm, söhbət hansı mesajlardan gedir. Mənim anam ona niyə mesaj yazsın ki? Anam onun yanından çıxandan sonra evə gəlib, ordan da çıxıb gedib aeroporta. Nə vaxt mesaj yaza bilərdi ki? Neçə vaxtdı elə mesaj deyib durub. Mən bilmirəm, orda nə var. Ondan nə desəz, çıxar. Bəlkə də özü nəyisə düzüb qoşub. Digər tərəfdən, hansısa mesajda nə olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Onsuz da mən bildiyimi bilirəm. Nə mesaj olursa-olsun, mənim üçün heç nə dəyişməyəcək. Fakt faktlığında qalır: mənim anamı Gülər Əhmədova göndərib, başına gələnlərin hamısında da, anamın bu dünyadan köçməsinin günahkarı da yenə Gülər Əhmədovadır. Ona görə də mesajlar mənim üçün maraqsızdır.

- Sizi məhkəmə prosesinə şahid qismində cəlb edəcəklərmi?

- Vallah, bilmirəm. Birinci prosesdə məsləhət olmayıb yəqin. İşin gedişində yəqin ki, çağırarlar. Mən, hər halda, anamın hüquqi varisiyəm.

- Siz bu iş üzrə zərərçəkən kimi tanınmısız, yoxsa sadəcə şahid kimi ifadəniz alınıb?

- Quran haqqı, xəbərim yoxdur.

- Vəkiliniz varmı?

- Vəkil deyəndə ki, bir nəfər vəkillə danışdım. O mənada vəkil startdadır.

- Kimdir vəkiliniz?

- Onun kimliyi elə bir rol oynamır. Çünki onunla nə müqavilə bağlamışam, nə də başqa bir şey. Sadəcə, şifahi söhbət etmişik. Məni məhkəməyə çağırsalar, ola bilsin vəkillə gedim, ola bilsin vəkilsiz. Vəziyyətə baxacağam. Çünki prosesdən bir-iki gün qabaq ümumi vəziyyəti biləcəyəm. İndidən heç nə deyə bilmərəm.

- Ayxan bəy, məhkəmədə bu günə qədər açıqlamadığınız hansısa şok sənəd, fakt üzə çıxara bilərsizmi?

- Ola bilər. Hər şey mümkündür. Ortaya yeni faktlar çıxara bilərəm. Hər şey Gülər Əhmədovanın danışığından asılıdır.

- Yəni hansı halda əlinizdəki bilgiləri üzə çıxaracaqsız?

- Gülər Əhmədova düzünü danışmalıdır. Bu, artıq son nöqtədir. O, hər şeyi etiraf etməlidir. Özü də mən deyim ki, nə qədər etiraf etsə, onun özünə xeyirdir. Yalan ayaq tutar, amma yeriməz. Bu qədər yalan danışmağın nə mənası var ki? Adamı günahsız yerə 10 ay həbsdə saxlayarlar?

- Gülər Əhmədova məhkəməsində dedi ki, Qazaxda saxlanılanda onun çamadanlarından hansısa disk axtarıblar. Eyni diskləri ananızı Türkiyədə himayə edən iş adamı Səlcuq Ağlayanın da evində, iş yerində axtarıblar. Güman edilir ki, bu diskləri ananız Azərbaycandan çıxanda özü ilə aparıb. Məlumatınız varmı ki, onların içində nələr var? Niyə bu disklər bu qədər önəm daşıyır istintaqçılar üçün?

- Vallah, heç xəbərim yoxdur. Bircə onu deyə bilərəm ki, mənim anam özü ilə Türkiyəyə heç nə aparmayıb, ordan da heç nə yollamayıb. Hətta anam ordan mənə etibarnamə verməyə qorxurdu. Deyirdi ki, heç bir sənəd çıxarma, adın heç yerdə olmasın. Disk-misk, bunlar boş-boş söhbətlərdir. Əgər gerçəkdən ortada nəsə olsaydı, bu barədə anam mənə deyərdi. Yüz faiz anam mənə hər şeyi danışırdı. Onun (G.Əhmədovanı nəzərdə tutur) Qazaxda saxlanılması söhbəti də başqa cür olub. O, özü mənə bu barədə danışıb. Deyirdi ki, onu saxlayanda telefonlarını və əlindəki 15-20 min dollarını alıblar. Bilmirəm, sonradan qaytarıblar ya yox, amma mənə belə danışdı. Disk söhbəti eləmədi. Olsaydı, diski də deyərdi mənə. Sonradan yuxuda nə görübsə, onu danışır.

- Ayxan bəy, məhkəmədə konkret kiminlə üzləşmək istəyərdiniz? Bu günə qədər sizin barənizdə Gülər Əhmədova da, Səlcuq Ağlayan da danışıb...

- Mənim Səlcuqla heç bir problemim yoxdur. Bilirsiz niyə? Çünki onun bu işdə heç bir təqsiri yoxdur. O da bu məsələdə oyuna düşüb. O da Gülər Əhmədovanın oyununa düşüb. Elə bilirsiniz ona xoşdu? Yəqin onu da Türkiyədə sıxırlar, üstündə qalıb bu iş, əziyyət çəkir buna görə. Bu işdə cəmi bir nəfər təqsirkardır: o da Gülər Əhmədovadır.
- Sizcə, məhkəmə Gülər Əhmədovaya nə qədər cəza verə bilər?

- Məhkəmənin ədalətinə güvənirəm. Nəyi düz, ədalətli bilirləsə, onu eləsinlər. İndi onu Elşad Abdullayevin işinə görə ittiham edirlər. Anamla bağlı məsələ gündəmdə deyil. Çünki anamın analiz cavablarında onun ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilib. Anama görə 307.2-ci maddədir. Orda da cərimə söhbəti ola bilər. Cəriməni ödəyirsən, çıxır. Əsas Elşad Abdullayev söhbətidir. Amma analiz söhbəti mənim üçün hər zaman maraqsız olub. Çünki mən bildiyimi bilirəm və bildiyimi də heç nə dəyişə bilməz. Bütün təqsirlər Gülər Əhmədovadadır. Anam burda qalsaydı, onun başına bu işlər gəlməyəcəkdi. Mənə “stop” qoyuldu deyə ölkədən çıxa bilmədim və avtomatik anamı da qoruya bilmədim. Bunların hamısı oyun idi deyə nəyə lazım idi?

- Məhkəmədə G.Əhmədovanın vəkili bildirdi ki, “Ayxan Məmmədov anasının yanından - Türkiyədən qayıdandan 3 gün sonra prokurorluğa gedərək, anasının yerini söyləyib, amma prokurorluq onu gətirməyib”.

- Düzdür, mən gedib anamın qaldığı yeri demişdim. Amma prokurorluq bilmirdi ki, bu məsələ həmin həddə qədər şişə bilər. Onda anam sağ idi. Kim bilə bilərdi ki, anam dünyasını dəyişəcək? Mən ünvanı deməmişdim. Soruşmuşdular ki, harada qalır? Demişdim, İstanbulun Bəylərdüzü hissəsində. Amma konkret bloku, mərtəbəni deməmişdim. Onsuz da prokurorluqdakılar da bilirdilər ki, anam hardadır. Aeroportdan giriş-çıxışa baxanda da bilinirdi ki, anam nə vaxt, hansı saatda Bakıdan çıxıb və hara gedib. Anam ölkədən öz pasportu ilə çıxmışdı. Aeroportda, İstanbulda da hər yer kameradır. Anamı guya orda tapmaq nə çətin məsələdir ki?

Sevinc TELMANQIZI