BolgeXeber.Com » Media » “Xural”ın Baş redaktoru ABŞ səfiri ilə görüşüb

“Xural”ın Baş redaktoru ABŞ səfiri ilə görüşüb

26-10-2011, 10:55
Oxunub: 4 179 Ədliyyə Nazirliyi isə Əvəz Zeynallıya qarşı cinayət işi açdı

Dünən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşüb. Görüşdə Brayzaya qəzet rəhbərinin məktubu çatdırılıb və “Xural”ın düşdüyü vəziyyət müzakirə olunacaq. Bu barədə Ə.Zeynallı məlumat verib: “Biz bir neçə gün əvvəl görüş üçün müraciət etmişdik və oktyabrın 25-də səfirliyə getməyi planlaşdırırdım. Çünki həm də cənab Brayzaya yazdığım məktubu ona çatdıracaqdım. Səfirlikdən zəng edib bizi həmin gün görüşə dəvət etdilər”. Ə.Zeynallı qeyd edib ki, görüş zamanı “Xural”la bağlı və ümumiyyətlə, ölkə mətbuatnın durumu barədə ətraflı və geniş söhbət olub: “Biz mətbuatın düşdüyü vəziyyəti müzakirə etdik”.

Qeyd edək ki, Ə.Zeynallı ABŞ səfirinə yazdığı məktubda məhkəmənin “Xural”a kəsdiyi cərimələri ödəmək üçün borc pul istəyib. O, məktubunda oktyabrın 19-da Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinin əməkdaşları tərəfindən “Xural”ın əmlakının müsadirə olunduğunu xatırladıb. O, baş verənlərin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və müğənni Nüşabə Ələsgərlinin maddi təzminat iddialarının məntiqi sonluğu olaraq qəzeti çap etdirə bilmədiyini vurğulayıb: “Ramiz Mehdiyevin şəxsi iradəsi ilə qəzetimizin çap olunduğu ”Ekspress servis" mətbəəsinə təzyiq edildi və mətbəə qəzetimizin çap olunmasından heç bir ciddi əsas olmadan, ikitərəfli müqavilənin şərtlərini kobudcasına pozaraq imtina etdi. Nərimanov Rayon Məhkəməsi ödədiyimiz, həmçinin məhkəmə prosesi gedən cərimələri də əlavə etməklə, qəzetimizin 19 min manat cəriməsi olduğunu bildirir və bu fakt “Xural” qəzetinin nəşrinə maneə kimi göstərilir. “Xural” qəzetinə qarşı bu qanunsuz iddialar bir daha Azərbaycanda insan haqlarının, söz və ifadə azadlığının boğulmasını göstərir. Azərbaycanın siyasi hakimiyyətini təmsil edən ən yüksək çinli dövlət məmuru Ramiz Mehdiyev bir tənqidçi medianı susdurmaq üçün məhkəmələri alətə çevirir və bunlardan siyasi təzyiq kimi istifadə edir. “Xural” qəzeti olaraq borcumuzu ödəmək üçün Amerika Birləşmiş Ştatları dövlətindən 19 min manat borc pul istəyirik. Bu borcun yaxın aylardan başlayaraq, hissə-hissə ABŞ dövlət büdcəsinə qaytarılması məsuliyyətini üzərimizə götürürük".
Yeri gəlmişkən, dünən Ədliyyə Nazirliyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində açıqlama verib. Bolgexeber.com-un məlumatına görə, nazirliyin mətbuat xidməti bildirib ki, vətəndaşların şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən, böhtan xarakterli, təhqir və əsassız ittihamlarla dolu məlumatların dərc olunmasına görə “Xural” qəzetinə qarşı məhkəmələrdə dəfələrlə iddialar qaldırılaraq qərarlar çıxarılmış və icraya yönəldilmişdir. Qeyd olunub ki, qəzetin baş redaktoru Əvəz Zeynallı üç məhkəmə qərarının icrasından imtina edib, icra məmurları tərəfindən mütəmadi olaraq rəsmi xəbərdarlıqların edilməsinə, müvafiq izahların verilməsinə və digər icra tədbirlərinin həyata keçirilməsinə, hətta 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, məhkəmə qərarlarında nəzərdə tutulan tələblərin icrasından uzun müddət boyun qaçırıb. “Bununla əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qərəzli şəkildə icra etmədiyinə görə ”Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılır.

Məhkəmə qərarlarının vaxtında və tam icrası üzrə görülən ardıcıl və qəti tədbirlər bundan sonra da davam etdiriləcəkdir"-deyə nazirliyin açıqlamasında qeyd olunub.

Musavat.com