BolgeXeber.Com » Media » “Xural” noyabrın 1-də fəaliyyətini bərpa edə bilər

“Xural” noyabrın 1-də fəaliyyətini bərpa edə bilər

27-10-2011, 11:35
Oxunub: 4 031 Əvəz Zeynallı: “Problemimiz Redaktorlar Birliyinin toplantısında da müzakirə olunacaq”

“Xural” qəzeti noyabrın 1-dən fəaliyyətini bərpa edə bilər. Qəzet rəhbərliyi bunun üçün mətbəələrlə danışıq aparır. Bu barədə “Xural”ın baş redaktoru Əvəz Zeynallı məlumat verib. Onun sözlərinə görə, mətbəə probleminin hələ də həllini tapmaması onları çətin duruma salıb: “Mətbəə problemini həll etməyə çalışırıq ki, gələn həftədən nəşrimizi bərpa edək. Bir neçə mətbəə ilə danışıqlarımız gedir, ancaq hələ müqavilə bağlanmayıb.

”Ekspress-servis" mətbəəsini isə məhkəməyə verəcəyik. Çünki heç bir xəbərdarlıq etmədən, heç bir əsası olmadan bizi çap etməkdən imtina etdilər. Sonradan texniki problemlərin olduğunu bildirsələr də, biz müşahidə etdik ki, mətbəədə heç bir problem yoxdur. Hər gün 15-ə yaxın qəzet nəşr olunur. Bu, sırf siyasi səbəbdir. Güman ki, Ədliyyə Nazirliyinin məhkəmə icraçılarının şifahi tapşırığı əsasında qəzetimizi çap etmirlər".

Ə.Zeynallının ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzaya ünvanladığı məktuba isə müsbət cavab verilməyib. Oktyabrın 25-də səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Viktoriya Sloan və səfirliyin mətbuat katibi Kiss Binlə görüşən baş redaktora bildirilib ki, bu məktubu Amerika dövlətinə hər hansı formada çatdırmaq imkanları yoxdur: “Bildirdilər ki, Amerika dövlətinin o imkanları yoxdur ki, məktubumuza cavab versinlər. Biz onlardan məhkəmə cərimələrini ödəmək üçün borc pul istəmişdik. Mən də bildirdim ki, burada məqsəd Amerika dövlətindən pul istəmək deyil, etirazın bir formasını göstərməkdir. Yəni bizim Amerika dövlətinə pul üçün müraciət etməyimiz ictimaiyyətin, dünyanın bu məsələyə diqqətini çəkməkdi. Çatdırmaq istədiyimiz odur ki, Azərbaycanda ciddi dövlət vəzifəsi daşıyan məmurlar qəzetləri ödəyə bilməyəcəyi dərəcədə borcla yükləyirlər”.

Ə.Zeynallı qeyd etdi ki, “Xural”ın çap problemi Redaktorlar Birliyinin oktyabrın 28-də keçiriləcək genişləndirilmiş toplantısında da müzakirə ediləcək: “Toplantıdan sonra mətbuat konfransı da keçirib, vəziyyəti ictimaiyyətin diqqətinə çatdıracağam. Kütləvi aksiyalar haqqında həm mənim, həm də həmkarlarımın fikirləri var. Mətbuat olaraq o duruma gəlmişik ki, aksiyalar keçirməyin zamanıdır. Bunu Redaktorlar Birliyində ciddi müzakirə edəcəyik”.
Xatırladaq ki, “Xural” oktyabrın 21-dən mətbəə problemi üzündən fəaliyyətini dayandırmalı olub./musavat.com/